XAN QIZI NATƏVAN
Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Azərbaycanın dilbər guşəsi, qədim mədəniyyət mərkəzi olan Şuşada anadan olmuşdu. Natəvanın dünyaya gəlişi ailəsinə və Şuşa camaatına Tanrının sanki bir töhfəsi idi. Çünki Natəvan dünyaya gələndə Mehdiqulu xan 60 yaşında idi. Natəvan onun illərlə gözlədiyi övladı idi. Mehdiqulu xan qızına öz anasının adını verir. Xurşidbanu ailənin yeganə övladı, Qarabağ xanlığının sonuncu vərəsəsi idi. Sarayda onu "Dürrü yekta" (yəni tək inci), el arasında isə "Xan qızı" çağırmışlar.
Xuşidbanu ilk təhsilini dövrünün alim və sənətkarlarından almışdır. O, həmçinin "Quran" ayələri və dünyəvi elmlərlə yaxından tanış olmuşdur. O, doğma dili ilə yanaşı ərəb, fars dillərini mükəmməl öyrənmiş, klassik şeir qayda-qanunlarının dərinliklərinə yiyələnmişdi. Bütün bunlarla yanaşı o, çox diqqətli, fitri yaddaşa malik olmuşdur. Mütaliə isə onun sevimli məşğuliyyəti idi.
Nadir kitablar, qiymətli əlyazmalar Xurşidbanunun dünyagörüşünün bədii zövqünün formalaşmasında rol oynamışlar. O, nəinki Azərbaycan ədəbiyyatında, mədəniyyətində, hətta ictimai həyatında da dərin izlər salmışdı. Elə bir insanın yetişməsində əlbəttə onun soy-kökü də böyük rol oynayırdı. Natəvan iki böyük nəslin - Cavanşirlərin və Ziyadoğlu Qacarların qanını daşıyırdı. Xurşidbanun fitri istedadının üzə çıxmasında Şuşa ədəbi mühiti böyük rol oynamışdı. Natəvan şairliklə yanaşı, istedadlı rəssam da olmuşdu. Onun bədii tikmələri "Gül dəftəri" buna sübutdur. O rəssamlıqla məşğul olmuş, nəfis əl işləri, müxtəlif janrda tikmələr bacarağına da yiyələnmişdi. O, naturadan çəkməyə, obyekti birbaşa təsvirə üstünlük verir, real rəssamlıq nümunələri yaradırdı. Onun çəkdiyi "Gül", "Ağac", "Budaq", "Üzüm salxımı", "Ev", "Çiçək" rəsmləri təbii, inandırıcı və lirikdir.
Xurşidbanunun həyatında yaddaqalan tarixi hadisələrdən biri də böyük fransız yazıçısı Aleksandr Düma ilə Bakıda görüşüdür. Düma xatirələrində belə yazır: "Mənim dəvət olunduğum evdəki məclisdə iki tatar (azərbaycanlı) knyaz qadını və kiçiyinin əri iştirak edirdilər. Açıq deməliyəm ki, onlar gəlişimizi səbirsizliklə gözlədiklərindən bizi sevinclə qarşıladılar. Knyaz qadınlarından biri Qarabağın son hakimi Mehdiqulu xanın arvadı, digəri qızı idi. Anasına 40, qızına 20 yaş vermək olardı. Hər ikisi milli paltar geyinmişdi. Qızı bu bahalı, həm də zərif paltarda olduqca cazibədar görünürdü.
Öz anası kimi geyinmiş üç-dörd yaşlı qız uşağı təəccüb doğuran iri gözləri ilə bizə baxırdı. Həmçinin 5-6 yaşlı oğlan nənəsinin dizi üstündə oturub, instinktiv olaraq, hər cür təsadüfə hazır vəziyyətdə öz xəncərinin dəstəyindən yapışmışdı... İki tərəfi də iti olan həqiqi xəncəri fransız ana heç vaxt uşağının əlinə verməz. Heyrət edirəm ki, (azərbaycanlı) analar üçün bu, uşaq oyuncağı idi. Ataları knyaz Xasay xan Usmiyev... Andreyevo kəndində doğulmuş, 35 yaşlı, yaraşıqlı, məğrur bir kişi idi. Fransızca əsl parisli kimi danışırdı. O, əyninə qara kostyum geymiş, başına zərlə işlənmiş sivri uclu şapka qoymuşdu. Belindən fıl sümüyündən dəstəyi və qızıla tutulmuş qını olan xəncər asılmışdı".
Natəvan öz xeyriyyəçiliyi və xeyirxahlığı ilə Şuşa əhalisinin qəlbinə yol tapmışdı.
1973-cü ildə Şuşaya su kəməri çəkdirmiş, bu kəmər "Xan qızı bulağı" adı ilə məşhur olmuşdu. O, hətta Araz çayından Mil düzünə su çəkmək təşəbbüsünü irəli sürmüşdür. Deyilənlərə görə, Natəvandan kömək istəyən heç bir insanın əlini boş qaytarmamışdır. Köməksizlərin həmişə köməyi olmuşdur. Ona görə Şuşa əhli onu ürəkdən sevmiş və dərin hörmət bəsləmişdi.
O, yaradıcılığa 1850-ci illərdən ənənəvi şərq mövzusu və şeirlərlə başlamışdı. Qəzəllərində məhəbbət, insani gözəlliklər, təbiət gözəllikləri əsas yer tutur. Füzuli yaradıcılığından bəhrələnən şairə insani keyfiyyətləri hər şeydən uca tutmuş, bu dünyanın fani olmasına inanmışdı. Natəvan yaradıcılığı boyu Füzulinin poetik cazibəsindən uzaqlaşa bilməmişdi.
Yenə, ya rəbb, nə qəmgindir mənim bu şad olan könlüm,
Rümuzi-eşqdən ağah olub, ustad olan könlüm.
Görübdür yari əğyarə olubdur məhvi-nəzzarə,
Edibdir sinəsin parə, mənim abad olan könlüm.
Niyə peymanədən keçdin, niyə zəncirdən qaçdın?
Nədəndir çöllərə düşdün, mənim bərbad olan könlüm?
Fəraqin ruzi-matəmdir, sərasər möhnəti-qəmdir,
O zülfün kimi dərhəmdir, mənim azad olan könlüm.
Baxın bu Natəvan zarə, günü bəxti kimi qarə,
Gəzər Məcnun tək avarə, mənim naşad olan könlüm.
Klassik şeirlə yanaşı, aşıq yaradıcılığı da Natəvan irsində özünəməxsus yer tutur. XVI əsrdə yaşayıb-yaradan Qurbanidən bu günə qədər bir çox şairlər, ustadlar baharın elçisi olan bənövşə gülü haqqında şeirlər yazmışlar. Ətirli, zərif olduğu qədər də vəfalı, sevimli olan bu çiçək nakamlıq rəmzi kimi də tanınır. Səma rəngli bu gülün çöldə, qayaların, kolların dibində bitməsi gülşəndən küskünlük kimi mənalandırılır. Bənövşə boynu bükükdür, çünki aşiqi vəfasızdır. Bənövşə ətirlidir. Ətri yarın zülfünün ətrini xatırladır. Natəvan bənövşə kimi kövrək, qəmli hisslərini "Bənövşə" şerində belə dilə gətirir:
ciddi təsir göstərmişdir. Rəvayətlərə görə Xurşidbanu Natəvan narı dənələtdirib buzxanaya tökər və əmələ gələn narlı buz parçalarını "Məclisi-üns" yığıncaqlarında süfrəyə verdirərmiş, buz parçasındakı nar dənələri şam işıqları altında yaqut kimi parlarmış. Bu da məclisə daha da gözəlləşdirirmiş. Məclisdə Şuşa ziyalıları Natəvanın başına toplaşıb, əlaqəli ədəbi-elmi söhbətlər, fikirlər mübadilələri aparmışlar. Bu dövrdə məclisin 30-dan artıq üzvü olmuşdur. Görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərli yazmışdı: "Xüsusən Qarabağ şairləri nəhəng qartallar kimi Şuşa dağlarının poetik zirvəsində məskən salaraq, öz fövqlərindən poeziyaya ton vermişlər". Təxminən iyirmi ilə qədər Xurşidbanu məclisə rəhbərlik etmişdi. "Məclisi-üns" ədəbi məclisində yaranan əsərlər Azərbaycan, fars və cığatay dillərini əhatə etmişdi. Məclisdə Şərq şeirinin poetik özəllikləri öyrənilmiş, Nizami, Xəqani Şirvani, Qətran Təbrizi, Füzuli, Nəsimi, Xətai kimi klassiklərdən tərcümələr edilmiş, onlardan bəhrələnmişlər. Məclisdə deyişmələr və bu deyişmələrin özünəməxsusluğu diqqəti cəlb edir. Bu bədahətən deyişmələr dövrümüzə qədər gəlib çatmışdı.