Bəstəkar müğənni
Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib.
19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb.
1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.
1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.
1975-ci ildə "Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qrammofon valları böyük tirajla buraxılıb.
Repertuarı hərtərəfli və olduqca genişdir. Populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirib. Azərbaycan Ali Sovetinin deputatı olub, bir sıra orden və medallarla təltif edilib.
Qeyri-adi uğurlara imza atan Müslüm Maqomayevin həyat və sənət yolu da qeyri-adidir. 1950-ci illərin axırlarında, yeniyetməlik və ilk gənclik illərində Bakı məhəllələrindən birindəki həyətlərində, dostlarının arasında oxuyardı.
Gənc Müslümün nadir səsi, qeyri-adi istedadı təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin diqqətini də cəlb etmişdi. Məşhur dirijor və bəstəkar Niyazi onu çox sevir, sənətdəki hər addımına göz qoyur, qayğısına qalırdı. Oxumaqdan yorulmayan Müslüm təcrübəli pedaqoqlardan dərs aldıqca səsi daha da cilalanır və gözəlləşir, tembri zənginləşirdi.
O, ilk rəsmi uğurunu 1962-ci ildə qazanır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır. Populyar "Oqonyok" jurnalı onun portretini və "Bakılı gənc dünyanı fəth edir" başlıqlı məqalə dərc edir.
1940-50-ci illərdə Rəşid Behbudov öz ecazkar tenor səsi ilə SSRİ-də və dünyanın digər ölkələrində şöhrət qazanmışdı. Onun gənc həmkarı Müslüm 1960-cı illərin ortalarında SSRİ-də və bir sıra digər ölkələrdə geniş tanındı. Təsadüfi deyil ki, Böyük Teatrın rəhbərliyi nəyin bahasına olursa-olsun onu öz truppasına cəlb etmək istəyirdi. İş hətta o yerə çatdı ki, SSRİ mədəniyyət naziri Yekaterina Furtseva Müslümü öz şəxsi himayəsinə götürdü.
tamaşaçıları Fiqaronu – Müslüm Maqomayevi görünməmiş coşqu ilə qarşılayırlar.
O, Eldar Quliyevin filmlərinə musiqi yazırdı. Daha sonra rejissor Qleb Drozdovun sifarişlərini yerinə yetirib. "İqor polku haqqında dastan" əsərinin motivləri əsasında hazırlanmış "Yaroslavna" tamaşasına musiqi bəstələyib. Özü həmin tamaşada knyaz İqor, Tamara Sinyavskaya isə Yaroslavna rollarını ifa edib.
Müslüm Maqomayev Tamara Sinyavskaya ilə evlənmişdi.
Rejissor Tofiq İsmayılov 1971-ci ildə onun haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film-konsert çəkmişdir. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ "Qırmızı Əmək Bayrağı" və "Xalqlar Dostluğu" ordenləri ilə təltif edilmiş, SSRİ-nin xalq artisti adını almışdır.
Müslüm oxuyanda bütün enerjisini sərf etməkdən çəkinmirdi, səs tellərinə rəhmi gəlmirdi. Səsi bəmdə də, ortada da, zildə də öz gözəlliyini və məlahətini saxlayırdı. Çünki bu səs, Allah vergisi idi. Bu isə hər musiqiçiyə qismət olmur. Müslüm operada da müvəffəqiyyətlə çıxış edirdi. Böyük italyan bəstəkarı Coakino Rossininin 19-cu əsrin ən yaxşı komik oprelarından sayılan “Sevilya bərbəri” operasında Fiqaronun böyük diapazonlu səs tələb edən çoxkeçidli kavatinasını Müslüm kimi xüsusi şövqlə və böyük məharətlə oxuyan olmamışdır. Bəzi məqamlarda bariton səsin onun üçün xarakterik olmayan soprano keçidləri Müslümün ifasını əlçatmaz edirdi.
Qalın kişi səsi – bariton üçün yazılmış bu partiyanın müəyyən yerində incə qadın soprano səsinə yer verilməsinin öhdəsindən yalnız dünyanın bir neçə məşhur baritonu , o cümlədən musiqi ifaçılığı tarixində silinməz iz buraxmış məşhur italyan baritonu Titta Ruffo gələ bilirdi. Müslüm Maqomayevin də Fiqarosu onun yüksək ifa texnikası sayəsində öz sevimli sələfindən geri qalmırdı. Onu da deyək ki,uşaq ikən müğənni olmaq arzusunun gerçəkləşməsi üçün var qüvvəsini sərf edən Müslümün gələcək karyerasına tenor Enriko Karuzonun və bariton Titta Rufonun patefon valları öz həlledici təsirini göstərmişdi
Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.