Kriptoiqtisadiyyat✅
Kriptoiqtisadiyyat — rəqəmsal iqtisadiyyatların və mərkəzləşdirilməmiş maliyyə (DeFi) tətbiqlərinin öyrənilməsi haqqında fənnlərarası yanaşmada iqtisadi paradiqma.[1][2] Kriptoiqtisadiyyat ənənəvi iqtisadiyyat, kriptoqrafiya, informatika və oyun nəzəriyyəsi fənnlərindən anlayış və prinsipləri birləşdirir.[3]
Təriflər və məqsədlər
redaktə
Kriptoiqtisadiyyat termini "Ethereum" icması tərəfindən 2014–2015-ci illərdə icad edilmişdir,[4] lakin ilkin olaraq 2008-ci ildə orijinal "Bitcoin" protokolunda iqtisadi təşviqlərin tətbiqindən ilhamlanmışdır.[5] Bu ifadə adətən Vitalik Buterinə aid edilsə də, ən erkən ictimai sənədləşdirilmiş istifadə Vlad Zamfirin 2015-ci ildə "Kriptoiqtisadiyyat nədir?" adlı məruzəsidir.[6] Zamfirin kriptoiqtisadiyyata baxışı nisbətən geniş və akademik xarakter daşıyır: "Bu, mərkəzləşdirilməmiş rəqəmsal iqtisadiyyatda məhsulların və xidmətlərin istehsalı, paylanması və istehlakını tənzimləyən protokolları öyrənən rəsmi intizamdır. Kriptoiqtisadiyyat bu protokolların dizaynı və xarakteristikasına diqqət yetirən praktiki elmdir". Alternativ olaraq, 2017-ci ildəki çıxışında Buterinin baxışı daha dar və praqmatik olmuşdur: "Bu, müəyyən növ informasiya təhlükəsizliyi xüsusiyyətlərinə zəmanət verməyə çalışan sistemlərin qurulması metodologiyasıdır".[7]
"Binance"ə görə, kriptoiqtisadiyyatın əsas məqsədləri DeFi sistemlərinin necə maliyyələşdirilməsini, dizaynını, inkişaf etdirilməsini və əməliyyatlarını asanlaşdırmağı başa düşmək,[8] inkişaf etməkdə olan rəqəmsal iqtisadiyyatlarda məhsul və xidmətlərin paylanmasını tənzimləmək üçün iqtisadi təşviqlər və cəzalar tətbiq etməkdir.
Kriptoiqtisadiyyat öz növbəsində ənənəvi iqtisadiyyatdan (ümumiyyətlə mikroiqtisadiyyat və makroiqtisadiyyata bölünür) inkişaf etmiş rəqəmsal iqtisadiyyatın təkamülü hesab edilir. Nəticə etibarilə, məhsul və xidmətlərin istehsalı, paylanması və istehlakı ilə bağlı ənənəvi iqtisadi anlayışlar kriptoiqtisadiyyat üçün də tətbiq olunur. Məsələn, bunlara Adam Smitin iqtisadiyyat haqqında üç əsas qanunu daxildir: tələb-təklif qanunu, şəxsi mənfəət qanunu və rəqabət qanunu. Bunlara həm də daha müasir iqtisadi anlayışlar, məsələn, fiat pul nəzəriyyəsi və müasir monetar nəzəriyyə daxildir.[9]