Kəlbəcər rayonu
Kəlbəcər rayonu — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Kəlbəcər şəhəridir.
Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu almışdır.
1993-cü il aprelin 3-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci ildə üç tərəfli bəyanətə uyğun olaraq 25 noyabrda Ermənistan Silahlı Birləşmələri Kəlbəcər rayonunu boşaldıb Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir. Rayonun 1 şəhəri Kəlbəcər şəhəri, 1 qəsəbəsi İstisu qəsəbəsi və 127 kəndi Abdullauşağı, Ağbulaq, Ağcakənd, Ağdaban, Ağdaş, Ağqaya, Ağyataq, Alaqaya, Alçalı, Alıbəyli, Alırzalar, Allıkənd, Almalıq, Alolar, Armudlu, Aşağı Ayrım, Aşağı Qaraçanlı, Aşağı Şurtan, Babaşlar, Bağırlı, Bağırsaq, Bağlıpəyə, Barmaqbinə, Baş Qaraçanlı, Başkənd, Başlıbel, Bəzirxana, Birinci Milli, Boyaqlı, Bozlu, Böyükdüz, Böyürbinə, Cəmilli, Comərd, Çaykənd, Çayqovuşan, Çəpli, Çıraq, Çobangərəhməz, Çopurlu, Çorman, Çovdar, Dalqılınclı, Daşbulaq, Dəmirçidam, Dərəqışlaq, Əsrik, Fətallar, Göydərə, Güneypəyə, Günəşqaya, Günəşli, Hacıdünyamalılar, Hacıkənd, Həsənlər, Hopurlu, Xallanlı, Xoləzəy, İkinci Milli, İlyaslar, İmanbinəsi, İstibulaq, Kaha, Keçiliqaya, Keşdək, Kəndyeri, Kilsə, Kilsəli, Qalaboyun, Qamışlı, Qanlıkənd, Qaragüney, Qaraxançallı, Qasımbinəsi, Qasımlar, Qazıxanlı, Qılınclı, Quzeyçirkin, Laçın, Lev, Məmmədsəfi, Məmməduşağı, Mərcimək, Mişni, Mollabayramlı, Moz, Mozqaraçanlı, Nadirxanlı, Nəbilər, Nəcəfalı, Orta Qaraçanlı, Orta Şurtan, Oruclu, Otaqlı, Otqışlaq, Pirilər, Rəhimli, Sarıdaş, Seyidlər, Soyuqbulaq, Susuzluq, Şahkərəm, Şaplar, Şeyinli, Tağılar, Taxtabaşı, Tatlar, Təkdam, Təkəqaya, Təzəkənd, Tirkeşəvənd, Tövlədərə, Üçüncü Milli, Vəng, Yanşaq, Yanşaqbinə, Yellicə, Yenikənd, Yuxarı Ayrım, Yuxarı Şurtan, Zağalar, Zallar, Zar, Zərqulu, Zəylik, Zivel, Zülfüqarlı Azərbaycana qaytarılıb. Azərbaycan Respublikasının Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarı ilə Ağdərə rayonu ləğv edilərkən həmin rayonun 24 kəndi Kəlbəcər rayonunun tərkibinə verilmişdir. Həmin kəndlərdən 2-si Kərəmli və Narınclar kəndləri 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Yerdə qalan 22 kənd isə Bazarkənd, Çapar, Çərəktar, Çıldıran, Çormanlı, Damğalı, Dəvədaşı, Dovşanlı, Hayad, Heyvalı, Həsənriz, İmarət Qərvənd, Kolatağ, Qızılqaya, Qozlu, Qozlukörpü, Mehmana, Şahmansurlu, Vəngli, Yayıcı, Yuxarı Oratağ, Zardaxaç 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində həmin ərazilər də Azərbaycanın suverenliyinə keçmişdir. Hər il noyabrın 25-i Kəlbəcər günü kimi qeyd olunur.
15 noyabr 2020-ci il tarixində Kəlbəcər rayonu işğaldan azad edildi. Bəyanata əsasən 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadılmışdır. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü və humanizm göstərilmişdir.[2][3]
Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekoloji terror fəaliyyətləri həyata keçirmişdir. Ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də yandırmışdır.[4]
Nəhayət 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.
"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.
Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır.
Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Bu ərazidə ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
Kəlbəcərdə "Türk qəbiristanlığı" adı ilə tanınan bir neçə qədim məzarlıq var. Bunların ən böyüyü Alıbəyli, Kəlbəcər, Zar və b. kəndlərin ərazisindədir. Qəbirstanlıqlar müxtəlif əsrlərdə yaradılmış, forma və ölçüləri ilə bir-birindən fərqlənən at, qoç, sandıq qəbirüstü fiqurlar, başdaşı və günbəzlərlə zəngindir.