Əhməd Cavad
Əhməd Cavad
Bu məqalənin giriş hissəsi yoxdur.
Zəhmət deyilsə, məqaləyə təqdimat xarakterli giriş əlavə edin. Məqalənin preambulasında əsas və əhəmiyyətli detallara yer verməyə çalışın. Giriş bağlı mübahisə yaranıbsa, müzakirə səhifəsinə baş çəkin.
Həyatı[redaktə | mənbəni redaktə et]
Həyatının ilk illəri və təhsili[redaktə | mənbəni redaktə et]
Cavad Axundzadə uşaqlıq illərində
Əhməd Cavad 1892-ci il may ayının 5-də Gəncə qəzasının Şəmkir dairəsi Seyfəli kəndi Mehrili tirəsində ruhani ailəsində anadan olmuşdur. Ə. Cavadın ailə mənsubiyyəti bir tərəfdən İranla, Cənubi Azərbaycanla, digər tərəfdən Gürcüstanla əlaqəlidir. Şairin atası-Şəmkir mahalında öz savadı ilə seçilən Axund Məhəmmədəlinin özü də Gəncəbasar bölgəsində ruhani ailəsində boya-başa çatmışdı. Babaları köklü tacir və ziyalı mühiti ilə bağlı olub. Cavadın ata babası Cənubi Azərbaycandan olub, Ərəbistanda oxuyub qayıtmış müctəhid idi. O, ömrünün sonuna kimi Gəncədə yaşamışdır. Ə. Cavadın anası Yaxşı xanım xalq ədəbiyyatının mahir bilicilərindən olub.[4][5][6][7]
Şairin atasının vəfat tarixi bir sıra mənbələrdə fərqli göstərilir. Akademik B. Nəbiyevin "Əhməd Cavad" adlı kitabında 1897-ci il, tədqiqatçı N. Ələkbərlinin "Üç budaq" kitabında 1898-ci il, R. Salmanlının "Əhməd Cavadın yaradıcılıq yolu" və "Əhməd Cavad. Sən olasan gülüstan" adlı kitabda isə 1900-cü il olaraq göstərilir. Belə ki, şairin atası Məmmədəli Axundzadə Gəncədə çovğuna düşür. O, bu çovğunda möhkəm soyuqlayır və az sonra rəhmətə gedir. Şairin anası Yaxşı xanım 1938-ci ildə dünyasını dəyişib.[4][8]
Cavad ilk təhsilini üç il kənddə molla yanında almış, ərəb və fars dillərini dərindən öyrənmişdir. Bu, onun Şəmkirdə aldığı ilk və sonuncu təhsil idi. O, artıq yeddi yaşında olarkən Quranı-Kərimi oxuyur və bir çox surələri əzbərdən deyirdi.[4][7] Lakin atasının vəfatından sonra anası Yaxşı xanım Cavadı da götürüb Gəncəyə-əvvəlki ərindən olan uşaqlarının yanına gedir. Cavadın Gəncəyə ilk gəlişi 1906-cı ilə təsadüf edir. Bu tarixə şairin ilk şeirlərindən biri olan, tərcümeyi-hal xarakteri daşıyan, 1908-ci il sentyabrın 9-da yazılmış "Gəldim Gəncəyə" şeirində rast gəlinir.[4][9] Şairin anası xalça sexində işə düzəlir, Zərrabi küçəsində, keçmişdə Əli Rzayevin mülki kimi tanınan binada mənzil kirayələyir və oğlu Cavadla burada yaşayır.
Şəhər bazarında dəmirçi işləyən Cavadın ögey qardaşları Məsim və Qulu bu ailənin yaxın qohumu olan Hüseyn kişinin köməkliyi ilə Cavadı 1906-cı ildə Şah Abbas məscidi nəzdindəki Yelizavetpol (Gəncə) Müsəlman-Ruhani Seminariyasına oxumağa qoyurlar.[5][6][7][8][9] Seminariyada əla qiymətlərlə oxuduğuna görə "Xeyriyyə" cəmiyyəti tərəfindən ona hər ay yeddi dinar qızıl pul məbləğində təqaüd verilir.[5][6] Orada ona Abdulla Sur, Hüseyn Cavid, İdris Axundzadə (Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin əmisi) kimi tanınmış ziyalılar dərs deyirlər. Türkiyədən Gəncəyə gəlmiş Savad Cavad (türkiyəli Əhməd Cavadın qardaşı) adlı müəllim Cavadın inkişafında böyük rol oynamışdır. Şeirin qayda-qanunlarını demək olar ki, ona S. Cavad öyrətmişdir.[4][5][6][7] Öz qələm təcrübələrinə hələ seminarist ikən başlayan Ə. Cavad ilk şeirlərilə bəzi müəllimlərinin diqqətini cəlb etmişdi. Belə ki, 1910-cu ildə Cavadın müəllimi A. Tofiqin dostu A. Şaiqə göndərdiyi məktubda o yazırdı:[4][7][8][10]
Tələbələrimin içində Cavad adlı gənc bir şair var. Mənə oxuduğu ilk mənzumələri gələcəyə böyük ümdilər verir. Lisanı sadə və gözəldir.Professor Cəlal Qasımov tədqiqatlarında göstərir ki, A. Sur tələbəsi gənc yazar Ə. Cavadı təkcə öz şair dostları arasında deyil, daha geniş dairədə təbliğ edərək, görkəmli şərqşünas alim, dostu Qordlevskiyə də ünvanladığı məktubların birində Cavadın yaradıcılığına böyük ümidlər bəslədiyini və qürur duyduğunu bildirir.[4][7] Ə. Cavad seminariyada altı il təhsil alır və 1912-ci ildə təhsilini başa vurur. 1912-ci il mayın 27-də Ə. Cavada təqdim olunmuş şəhadətnamədə göstərilir ki, C. Axundzadə seminariyanı 10 fəndən: "İlahiyyat", "Quranın oxunması", "Rus dili", "Tatar (Azərb.)dili", "Ərəb dili", "Fars dili", "Tarix", "Coğrafiya", "Təbiət tarixi" və "Gigiyena" fənlərindən əla qiymətlərlə bitirmişdir. Üç fəndən- "Həndəsə", "Cəbr" və "Riyaziyyat"dan dörd tam yarım almışdır.[4][6][7] Filologiya elmləri namizədi N. Qəhrəmanov bir məqaləsində göstərir ki, Ə. Cavad "İranda təhsil alıb". ("Şair və tərcüməçi", "Ədəbiyyat və incəsənət", 20 sentyabr, 1985-ci il). Lakin başqa mənbələrdə bunu təsdiq edən bir fakt yoxdur.[8]
Şair 1913-cü ildə Gəncədə Qafqaz Şeyxülislamı Məhəmməd Pişnamazzadəyə imtahan verərək "şərəfli türk və fars dilləri müəllimi" adını alır. Gəncədə ilk rəsmi müəllim kimi 1 nömrəli Qız məktəbində pedaqoji fəaliyyətə başlayır.[4][6][7]
Ailəsi[redaktə | mənbəni redaktə et]
Türk Ağsaqqalları Birliyinin fəxri üzvü Cavad Axundzadənin ulu babasıdır.[11][12]
Yaradıcılığı[redaktə | mənbəni redaktə et]
Şair poeziya ilə ilk dəfə Gəncədə təhsil illərində maraqlanmış, 1910-cu ildən başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet və jurnallarda çıxış etmişdir. Bu ərəfədə onun qələmə aldığı nümunələr, əsasən, ərəb-fars sözləri ilə zəngin qəzəl və qitələrdən ibarətdir. Əruz vəznindən şair yalnız yaradıcılığının ilk dövrlərində istifadə etmişdir.[6][7][9] "Utan", "Müəllim" şeirləri onun ilk qələm təcrübələrindəndir.[5] Ə. Cavadın arxivində "Fələk dil kabab…" adlı 34 səhifəlik bir əlyazması saxlanılır. Bu şeirlər toplusunun əksəriyyətini şair mədrəsədə oxuduğu illərdə qələmə almışdır. Onların çoxu ərəb-fars sözləri, tərkibləri ilə doludur. Bu şeirlər klassik rübai, qəzəl formalarında yazılmışdır. Onların arasında nisbətən xalq dili, aşıq yaradıcılığına əsaslanan nümunələr də var.[4]
Ədəbiyyata bu səpkili şeirlərlə gələn Ə. Cavadın bir neçə ildən sonra şeir dili sadələşmişdir. 1913-cü ildə qələmə aldığı "Dilimiz" şeiri buna misaldır. Şair həmin şeirdə dilin saflığının qorunması ilə bağlı məsələlərə toxunmuş, ona özünün aydın münasibətini bildirmişdi. Dili yad ünsürlərlə, yabancı sözlərlə süni surətdə dolduranlara qarşı çıxmışdır.[4][8]
Baxaq dilimizə nələr görünür:
Oxuyub-anlamaq yazmaqdan gücdür.
Yazan düşünmədən yazsa da belə,
Oxucu beş-on gün gərək düşünə,
Ki, anlasın bu söz ərəbmi, farsmı?
Şair bütün vəznlərdən, şeir formalarından daha artıq qoşmaya və bayatıya üstünlük vermişdir. Ə. Cavadın yaradıcılığında realist səpkili əsərlərinə də təsadüf olunur. Belə ki, romantik üslubla, realist üslub paralel şəkildə inkişaf etdirilmişdir. "Yazım gəl!" ,"Yuxuma gəlmişdin", "Sevgi candan ayrılmaz" və s. adlı şeirləri, eləcə də aşıq şeirlərinə nəzirə kimi qoşduğu şərqilərdən "Səhər-səhər", "Olmaz" bayatıları, oxşamaları daha çox diqqəti cəlb edir.[4]
1912-ci ildə Ə. Cavad Gəncə mədrəsəsində öz təhsilini qurtaran dövrdə müəllimi Abdulla Sur dünyasını dəyişir. Onun dəfni mərasimində olan çıxışlar həmin ilin may ayının 17-də "İqbal" qəzetində dərc edilmişdir. Dərc olunan şeirlərin sırasında Əhməd Cavadın müəlliminə həsr etdiyi şeir də vardı. Bu barədə H. Cavid "İqbal" qəzetində yazmışdır:[4]
... gənc və nəcib şairimiz Cavad Əfəndi həzin və ahəngdar bir tərz ilə yazmış olduğu gözəl və yanıqlı şeirini söyləməyə başladı.H. Cavid Ə. Cavadın 26 misralıq bu şeirini bötüvlükdə məqaləsində çap etdirir. Həmin şeir nəzərə alınmazsa, şairin məlum olan ilk mətbu əsəri 1913-cü ildə həftəlik ictimai-siyasi və elmi-ədəbi "Şəlalə" jurnalının 18-ci nömrəsində çap olunmuş "Müdhiş düşüncələrim" adlı şeiridir. Həmin jurnalın redaktoru X. Səbribəyzadə adı çəkilən şeiri kəskin şəkildə tənqid etmişdir. Ə. Cavad da "Şəlalə" mühərriri Səbribəyzadəyə cavab" adlı məqaləsini bütövlükdə "İqbal" qəzetinin 1913, 19–20 tarixli nömrəsində dərc etdrimişdir.[4]
Ə. Cavadın inqilabdan qabaq dövrü mətbuatda dərc olunmuş yazılarında insanlar dostluğa, qardaşlığa və birliyə çağrılır. Məsələn, 1911-ci ildə onun yazdığı "Bir-birimizi sevəlim" adlı məqaləsi "Məktəb" jurnalında dərc olunmuşdur. Şairin "Məktəb" jurnalında çap etdirdiyi uşaq şeirləri də diqqətəlayiqdir.[4]
İlk şeirlər kitabı[redaktə | mənbəni redaktə et]
Əhməd Cavadın "Qoşma" adlı ilk şeirlər kitabı 1916-cı ildə Bakıda, "Açıq söz" mətbəəsində nəşr olunmuşdur.[4][5][10][13] Kitabın çapı zamanı şair Batumda idi. Burada toplanan şeirlər müəllifin ayrı-ayrı qəzet və jurnallarda dərc edilmiş əsərləridir. Şeirlər əvvəlcədən o qədər hüsn-rəğbət qazanmışdır ki, onları bir toplu şəklində doktor Xosrovbəy Sultanonovun şəxsində "Cəmiyyəti-Xeyriyyə" nəşr etdirmişdir. Cavad bu hadisədən bir il sonra xəbər tutmuş, Bakıya göndərdiyi "Təşəkkür" adlı məktubu Məhəmməd Əmin Rəsulzadənin redaktə etdiyi "Açıq söz" qəzetinin 1917-ci il 24 may nömrəsində dərc edilmişdir. Məktubda deyilir:[4]
”Qoşma” adı altında şeirlərimin kitabça şəklində çap olunmasına mənəvi və maddi yardımları toxunan Bakı müsəlman cəmiyyəti-xeyriyyə nümayəndəsi doktor X.Sultanova mübarək qəzetiniz vasitəsilə ürəkdən təşəkkürümü təqdim etməyinizi rica edirəm.Kitabda şairin yaradıcılığının təqribən on ilini əhatə edən dövr haqqında aydın təsəvvür yaranır. Şair yaradılığının ilk illərindən azyaşlı və məktəbyaşlı uşaqlar üçün gözəl əsərlər yazmışdır. "Balalarıma" adlı şeiri də məhz uşaqlara xitabən yazılmışdır və "Qoşma" adlı şeirlər kitabında nəşr olunmuşdur.[10] Bu kitabda şairin əsasən 1912–1916-cı illərdə qoşduğu qoşmalar toplanmışdır. "Qoşma" Türkiyədə də rəğbətlə qarşılanmışdı. Şair Azərbaycan Maarif işləri ittifaqına yazdığı ərizədə bildirirdi:
1916-cı ildə "Qoşma" adlı 1-ci şeirlər məcmuəm çıxdı. Şeirdə intixab etdiyim üsul gərək Azərbaycanda, arzusa, bəlkə Türk ölkələrində bir yenilik olaraq tələkki edildi.Bu əsərlərin bir yeniliyi də onların bir hissəsinin elə qoşma şəklində olması, sadə xalq dilində yazılması idi.
Hərbi fəaliyyəti[redaktə | mənbəni redaktə et]
Balkan müharibəsində[redaktə | mənbəni redaktə et]
Osmanlı Türkiyəsinə qarşı 1912-ci ildə Balkan yarımadası ətrafında müharibə başlarkən, əsasən azərbaycanlılardan ibarət xüsusi bir Qafqaz könüllü dəstəsi cəbhəyə gedib, Türkiyə tərəfindən əməliyyatlara qoşularaq Bolqarlara qarşı hərbi əməliyyatlarda iştirak edib.[6][7][8] Həmin könüllü dəstənin tərkibində Əhməd Cavad da əqidə dostları İ. Axundzadə, İsa Əlizadə, Əli Əsədulla ilə birlikdə iştirak edib. Həmin vaxtda Cavadın 20 yaşı vardı. Əhməd Cavadın Balkan müharibəsində iştirakı ilə bağlı Hüseyn Baykara özünün "Azərbaycan istiqlal mübarizəsi tarixi" kitabında yazmışdır:
Əhməd Cavad... türk xalqının dərdlərilə dərdlənmiş, sevinclərilə də sevinmişdir.Əhməd Cavad 1912–1913-cü illərdə Balkan müharibəsində iştirak edib.
Birinci Dünya müharibəsində iştirakı[redaktə | mənbəni redaktə et]
Müharibə dövründə əmək fəaliyyəti və yaradıcılğı[redaktə | mənbəni redaktə et]
Ədəbiyyata romantik şair kimi gələn Əhməd Cavad Birinci Cahan müharibəsində iştirakı ilə bağlı olaraq onda realizmə, realist təsvirlərə meyl güclənmişdir. Nəhayətdə realizm onun yaradıcılığında aparıcı mövqeyə çevrilmiş, sonrakı illərdə əsasən öz əsərlərini realist üslubda qələmə almışdır.[4] Əhməd Cavad müharibədə dövründə yazdığı məqalələrini Bakı mətbuatında çap etdirmişdir.[5] Şair Bakıda nəşr olunan bir çox qəzetlərin xüsusi müxbiri vəzifəsini daşıyırdı.[8] Cavadın çıxış və məqalələri, əsasən, "İqbal", "Yeni iqbal","Şəlalə", "Açıq söz", "Azərbaycan", "Maarif və mədəniyyət", "Arı", "Maarif işçisi" kimi mətbuat orqanları ilə bağlı olub. Həmin dövrdə onun yaradıcılığında bayatı və publisistika ilə yanaşı, xəbərlər, reportajlar, oçerklər, felyetonlar, sənədli hekayələr və s. nəsr nümunələri yaratmaq meyli güclənmişdir. O, tarixi essələr, etnoqrafik etüdlər, məlumat xarakterli məqalələr, xatirələr, memuar əsərlər də qələmə alırdı. Ədib 1914-cü ildən "Açıq söz" qəzetinin müxbiri kimi fəaliyyət göstərmişdi.[4]
Onun əsərlərinin nəşr edilməsinə o zamanlar "Açıq söz" qəzetinin mühərriri Məhəmməd Əmin Ə. Rəsulzadə köməklik göstərirdi. Bu qəzetdə onun bir çox maraqlı yazıları, publisistik məqalələri, şeirləri dərc olunub. "Açıq söz" qəzeti Müsavat Partiyasının orqanı idi və Məhəmməd Əmin Rəsulzadə və Məhəmməd Əli Rəsulzadə qardaşlarının rəhbərliyi altında çıxırdı. Məhəmməd Əmin Rəsulzadə ilə xüsusi yaxınlığı, milli ideallara bağlılığı Ə. Cavadı bu qəzetə gətirmiş, onun ən fəal müxbirləridən biri etmişdi.[4][9]
Əhməd Cavad savaş illərində əməli fəaliyyətlə, xeyriyyəçiliklə, zərərçəkənlərə yardım işi ilə məşğul olmaqla, bu mövzuda çeşidli, silsilə məqalələr yazmaqla yanaşı, şeir yaradıcılığını da davam etdirirdi. Bu cür şeirlərin çoxu savaş faciələri, xalqın həyatı mövzularında idi. Onun "Şeirimə" (1913), "Hərbzədələrə", "İmdad", "Nə gördümsə", "Ümidimə", "Dərdim" (1917, mart, Çaqva), "İraq", "Axşamlar" (1916, Qudaud), "Mayıs" (1916, Suxumi), "Şəhid əsir", "Haralısan?…" (1916, Batum), "Oyan", "Yazıq", "Kuropatkinə" (1917, Çaqva), "Aşiqin dərdi" (1919, Kutaisi), "Beşik" (1917, iyul, Çaqva), "Of, bu yol" və başqa şeirləri belə əsərlərdəndir.[4][5][10]
Şairin "Yas türküsü" şeiri nəşri baş tutmayan "Səadət" müəllimləri məcmuəsi üçün göndərilmişdi. Buna baxmayaraq, mərsiyə məzmunlu şeir çapdan kənarda qalmamış, şeiri "İqbal" qəzeti 24 mart 1915-ci il tarixli nömrəsində dərc etmişdir. Yeddi bənddən ibarət olan, gəraylı formasında qoşulmuş "Nə gördümsə" şeiri də eyni məzmunludur. Şairin "Axşamlar" şeiri "Açıq söz" qəzetinin 1916-cı il 6 aprel tarixli nömrəsində ilk dəfə dərc edilmişdir. "Axşamlar" şeiri də eyni məzmunludur.[4] Əhməd Cavadın "Açıq söz" qəzetinin 1917-ci il 4 iyul nömrəsində çıxan başqa bir məqaləsindən məlum olur ki, o, həmin illərdə Rizə və Trabzon bölgələrində də olmuşdur
1916-cı ildə şairin "İki düşmən" adlı hekayəsi "Açıq söz" qəzetində nəşr olunmuşdu. Bu nəsr əsəri onun ilk hekayəsi idi. Savaş illərində qələmə alınan "İki düşmən" hekayəsi bəşəri, ali duyğuların təbliğ edilməsi baxımından maraqlıdır.[4] Arxa cəbhədə tanış olmuş osmanlı və rus əsgərinin mehribançılığını və səmimiyyətini mənsub olduqları millətlərin ürək təmizliyi və alicənablığı ilə də əlaqələndirən Cavad hekayəsini Ə. Hüseynzadənin məşhur "Heyrət", yaxud "Bir Mələyin insanlara xitabı" şeirilə bitirir.
1917-ci ildə Bakıda "Cəmiyyəti-Xeyriyyə" xətti ilə Azərbaycan yazıçı və şairlərinin Türkiyənin I Cahan savaşında çəkdiyi müsibətlər mövzusunda yazılan şeir, hekayə və məqalələri "Qardaş köməyi" kitabında toplanmışdı. Həmin kitabda Məhəmməd Əmin Rəsulzadə, H. Cavid, A. Şaiq, A. Səhhət, F. Köçərli, Ə. Haqverdiyev, M. S. Ordubadi, Məmməd Yusif Cəfərov, Xosrov bəy Sultanov, C. Cabbarlı və s. müəlliflərin (cəmi 37 nəfər) əsərləri yer alır. Ə. Cavadın "Xuda qəbul nəkə" (Allah qəbul eyləməsin) hekayəsi və "Yazıq" şeiri də məcmuəyə daxil olan əsərlər arasındadır. Publisistik üslubda olan "Xuda qəbul nəkə" hekayəsi Cavadın şahidi olduğu hadisə əsasında yazılıb. "Qardaş köməyi" kitabı hərbzədələrə yardım çağırışı xarakterinə görə rəğbətlə qarşılanmışdır. Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı professor Yavuz Akpınar həmin kitab haqqında yazır:
Bu, artıq tarixə "Qardaş köməyi" kimi düşmüş, I Dünya savaşında Qafqaz cəbhəsində böyük sıxıntılarla, rus və erməni zülmüylə qarşılaşmış vətəndaşlarımıza Azərbaycan türklərinin şəfqət əlini uzatmasıdır.Şairin "İqbal" qəzetinin 1917-ci il 15 may, 16-cı nömrəsində nəşr edilmiş "Mayıs" adlı şeiri Ə. Cavadın seçilmiş əsərlərinin I cildində "İmdad" adı ilə çap olunub. Bu iki variant arasında bəzi fərqlər mövcuddur. 1915-ci ildə Qars və Ərzurum əraziləri rus ordusu tərəfindən işğal olunduqda Ə. Cavad 22 mart 1915-ci ildə "Nə gördümsə" şeirini yazır.[5] Cavadın 10-cu illərin əvvəllərindəki axtarışlarında Yaradana müraciətlə yazılmış "Münacat" adlı xüsusi bir əsəri də var.[8] Əhməd Cavad cəbhəyə nə üçün gəldiyini "Heyhat!" şeirində bəyan etmişdir. Şair bu şeiri Ərdəhanda qələmə alıb. Şeir "Yeni iqbal" qəzetinin 15 may 1915-ci il tarixli nömrəsində "Ərdəhan-Cavad" imzası ilə dərc olunmuşdur.[4][5] Şair 1915–16-cı illərdə yazdığı şeirlərdə xüsusilə türk xalqlarının başına gətirilən fəlakətləri qələmə almışdır.[4]
Əhməd Cavad 1914–1917-ci illərdə Acarıstanda kənd-kənd dolaşaraq müxbir kimi fəaliyyət göstərmiş, buradakı ictimai-siyasi durum haqqında "İqbal", "Yeni İqbal", əsasən, "Açıq söz" qəzetlərinə silsilə məqalələr göndərmişdir. Həmin silsilə məqalələrdən biri olan "Acara məktubları" da "Açıq söz" qəzetində 1915-ci ilin 3 noyabr, 14 dekabr, 15 dekabr, 30 dekabr və 1916-cı ilin 25 mart tarixli nömrələrində dərc olunmuşdur. "Acara məktubları" beş silsilə məqalədən ibarət olub, bədii-publisistik üslubdadır. Məktublarda Türkiyə-Gürcüstan-Acarıstan münasibətləri, Azərbaycan nümayəndələrinin fəaliyyəti, Bakının yardımları, Acarıstanın tarixi, təbiəti, xalqın məişəti, adət-ənənələri, Türkiyəyə arxalanması, dil, din, məktəb, maarif və s. məsələlər işıqlandırılır. Acarıstanın ticari-iqtisadi həyatından bəhs edən Cavad hətta buradakı evlərin belə "tamamilə türk tərzi memariyyəsində yapıldığını", acarların geyimlərini "Anadolunun qiyafətinin incə bir şəkli" olduğunu qeyd edir.[4][6]
Ümumiyyətlə, şair publisistin "Acara məktubları", "Acariyada dil", "Lazlara kömək", "Suxum yolunda", "Rizə və Trabzon fəlakətzədələri", "Batum Müsəlman Birlik Cəmiyyətindən", "Kars heyətinin gördüyü işlərdən", "Gürcü mətbuatı və Acara" kimi bir çox məqalə və müxbir məktublarında yerli türk, həm də acar xalqlarının keçmişi, hazırkı vəziyyəti barədə çox qiymətli tarixi, etnoqrafik məlumatlar, materiallar vardır. Əhməd Cavadın dekabrın 5-də Batuma gəlməsi haqqında məlumat "Açıq söz" qəzetinin 20 dekabr 1915-ci il sayında dərc olunmuşdur. Filologiya elmləri doktoru Əli Saləddin araşdırmalarına əsasən qeyd etmişdir ki, Cavad Acarıstanda 50 kənddə olub, 6671 nəfərə yardım göstərib.[4][6]
Əli Salədinin "Əhməd Cavad" adlı kitabında qeyd edir ki, 1915-ci ildə "Yeni iqbal" və "Açıq söz" qəzetləri Əhməd Cavadın iki xəbərini öz səhifələrində çap etmişlər. Birinci xəbər "Batumdan müxbirimiz yazır" başlığı ilə getmişdir. Orada deyilir:
Batum ətrafında müsəlman gürcüsü hərbzadələrinə müavinət etmək üzərə Bakı Xeyriyyə-Cəmiyyəti tərəfindən göndərilən doktor Xosrov bəy cənabları Tiflisə varid oldu. İki gün sonra müavinləri Rza Zəki ilə Cavad Axundzadə əfəndilər Tiflisə gəldilər....İkinci xəbərdə Cavadın "Acariya məktubları" haqqında məlumat verilərək yazılır:
"30 oktyabr" Cavad” imzası ilə verilmiş bu iri məktubda birinci dünya müharibəsi ilə əlaqədar Qafqaz cəbhə xətti boyunda müharibədən zərər görənlərə Bakıdan və başqa şəhərlərdən ianə və hər cür yardım məsələlərindən bəhs olunur.Afina Məmmədli "Əhməd Cavad və Türkiyə" adlı kitabında isə qeyd edir ki, Əhməd Cavadın "Kars heyətinin gördüyü işlərdən" başlıqlı məqaləsindən məlum olur ki, həmin ilin mart ayında o artıq Qarsda imiş. Bu barədə "Yeni iqbal" qəzeti yazırdı:
Batum ətrafında müsəlman gürcüsü hərbzədələrinə yardım etmək üzrə Bakı "Cəmiyyəti-Xeyriyyə"si tərəfindən göndərilən doktor Xosrov bəy cənabları Tiflisə varid oldu. İki gün sonra müavinləri Rza Zəki və Cavad Axundzadə əfəndilər Tiflisə gəldilər.Ə. Cavadın 1915-ci ildə "Açıq söz" qəzetində çıxan silsilə "Acara məktubları" məqaləsindən o da məlum olur ki, həmin il oktyabrın 30-da Əhməd Cavadgil artıq Batumda fəaliyyətə başlamışlar. Bu məqalədən o da anlaşılır ki, Cavad Axundzadə Artvində də olmuş və buradakı müharibə zərərdidələrinə yardım göstərilməsini təşkil etmişdir.
Əhməd Cavadın "C" imzası ilə "Kars heyətinin gördüyü işlərdən" xüsusi müxbirimizdən" məqaləsi "İqbal" qəzetinin 1915-ci il 14 aprel tarixində nəşr edilmişdir. Cavad "Kars heyətinin gördüyü işlərdən" başlıqlı məqaləsində "Cəmiyyəti-Xeyriyyə"nin Qars, Ərdahan, Soğanlıq, Xorasan, Sarıqamışda göstərdiyi xeyriyyəçilik və yardım işlərindən bəhs edir. O, burada əhalinin məruz qaldığı fəlakətlərin söylənilənlərdən və təsəvvür edildiyindən də qat-qat böyük olduğunu bildirir. Məqalədən məlum olur ki, Cavadgil müharibə zərərdidələrinə təkcə onların yerləşdikləri məkanlarda maddi və xeyriyyə yardımları göstərməklə kifayətlənmirdilər. Onlar mümkün qədər bu qaçqınları daha sakit və əmin-amanlıqda olacaqları yerlərə köçürməyə çalışırdılar. Qarsdakı müharibə fəlakətzədələrinin bir çoxu o zaman Bakı və Gəncə bölgələrində yerləşdirilirdi Bu haqda həmin məqalədə belə məlumat verilir:
Fəlakət yerlərində kimsəsiz qalan 6500 müslümələri Bakıya, Gəncəyə göndərmək üçün hökumət (Rusiya hökuməti) tərəfindən təmsilçilərimizə izin verilmişdir.Müəllif "Lazlara kömək" adlı məqaləsində Acara ilə "həmhüdud" ərazidə yaşayan lazlar haqqında yazmışdır:
Tarix bizə cəsur bir qövm olaraq göstərir ki, türklərin tarixində lazların cəsarəti bir çox böyük rollar oynamışdır. Bunların gözəl sifətlərindən biri də sədaqətləridir. Türkiyənin əlində olduqları vaxt sayir ufaq millətlər kimi öylə üsyan və iğtişaş ilə uğraşmadıqları kimi, «Laz» qüvvəsilə bir çox üsyanlar susdurulmuşdur.Bu məqalədə lazların həm ərazi, həm də mənəvi cəhətdən türklərə yaxın və doğma olduğu göstərilmişdir. Əhməd Cavadın 1915-ci il dekabrın 23-də "Açıq söz" qəzetində "Batum oblastının Təhqiqat Komissiyası" xüsusi müxbirimizdən" başlığı ilə çap olunan məqaləsində yaşadığı və işlədiyi regionda olan tarixi, siyasi və ictimai hadisələr qələmə alınmışdır. "Rizə və Trabzon fəlakətzədələri" məqaləsindən də məlum olur ki, Cavad "Cəmiyyəti-Xeyriyyə" xətti ilə onlara kömək etmişdir. Şairin "Açıq söz" qəzetinin 1 avqust 1916-cı ildə çap edilən "Suxum yolundan" adlı məqaləsində isə qeyd olunub:
Qulluq məni Suxum okruqu Qara dəniz sahilinə də gəlməyə məcbur etdi. Türklərin Batum üzərinə hücum etdiyi vaxt Batumda olan islam əhli istehkam dairəsindən sürgün edildiyi zaman Batumdan və Batumun ətrafında bulunan köylərin əhalisi o tərəf, bu tərəfə qaçdılar. Bunlardan bir qismi yenə mühacir sifətilə Suxum okruquna gəlmişlərdir. Məzlum 400-ə varan bu zavallılara istərsə milli, istərsə qeyri heç bir yardım olunmamışdı. Bəzilərinin müraciəti üzərinə bunları təhqiq etmək üçün "Cəmiyyəti-Xeyriyyə" nümayəndəsi Xosrov bəy bəni Suxum okruquna göndərmişdi. Bu günlərdə onlara para paylamaq üçün buralara gəldik.Əhməd Cavadın qələmindən çıxan məqalələrdə dövrün bir çox aktual məsələləri öz əksini tapıb. Onun "Suxum yolundan" yol qeydləri, "Acarıstanda bir vaqe münasibətilə" milli münasibətlərə həsr olunmuş reportajı, "Yanlış xəbər münasibətilə" adlı türk xalqları üçün məktəb açmaq problemindən bəhs edən müəllim və pedaqoq mülahizələri, "Gürcü mətbuatı və Acara" yazısı ilə verilmiş iki qonşu xalqın arasında cərəyan edən münasibətlər, "Batumda müsəlman mitinqi"ndə müsəlmanların hökumət qarşısında qaldırdığı problemlərin həll edilməsi üçün irəli sürülən tələblər, "Trabzon fəlakətzədələri"ndə rus və türk xalqlarının mübarizəsində gürcülərin və ermənilərin tutduqları mövqe, "Yuxarı Acarada cameyi-şərif rəsm guşadı" məqaləsində acarlar üçün Azərbaycan türklərinin məscid açması, "Orucluq"da ifadə edilən xalq bayramı, "Lazlara kömək" əsərində və s qələm məhsullarında "Cəmiyyəti-Xeyriyyə"nin nümayəndələrinin gördüyü işlərin təsviri öz parlaq əksini tapmışdır.[4]
Əhməd Cavad 1914–1918-ci illərdə Birinci Cahan müharibəsində olarkən Batumda müntəzəm surətdə axşam kurslarında dərs demiş, təzə təşkil olunmuş məktəblərdə "Nümunə dərsi" vermiş, müəllimləri yeni-yeni metodik göstərişlərlə zənginləşdirmişdir. O, şagirdlərin köməyi ilə yerli adamlardan folklor nümunələri, o sıradan bayatılar toplayır, özü də bayatı formasında şeirlər qoşurdu.[4] "İqbal" qəzetinin 1914-cü il 30 aprel tarixli nömrəsində Cavadın "Yeni nəsil İctimai yaralarımız" adlı məqaləsi nəşr olunmuşdur. Bu məqalədə Azərbaycanda məktəbin, müəllimin və şagirdlərin acınacaqlı vəziyyəti öz əksini tapmışdı. "İqbal" qəzetinin 1914-cü il sentyabr nömrələrindən birində Ə. Cavadın "Gəncədən" adlı bir məqaləsi dərc olunmuşdu. Məqalə İsmayıl Mirzə Qaspirinskiyə həsr olunmuşdu. Cavad ömrü boyu Türk ellərini gəzmiş, bir çox yerlərdə məktəb təşkilində, uşaq evlərinin açılmasında böyük fəaliyyət göstərmişdir. Acar elində, Gürcüstanın bəzi kənd və şəhərlərində uşaq evləri və məktəblər açılmasında yaxından iştirak etmişdir.[4][10]
I Cahan müharibəsi Əhməd Cavad yaradıcılığında xüsusi mərhələ təşkil edir. Bunu professor Ə. Cəfəroğlu belə yazırdı: