Batumi

EPQ2...fs1t
14 Feb 2024
33

Batumi Cənubi Qafqaz dəmiryolunun və Bakı neft boru xəttinin qurtardığı əhəmiyyətli liman və ticarət mərkəzidir. Türkiyə sərhədindən 12 kilometr məsafədə yerləşir. Subtropik iqlimə malikdir, sitrus meyvələri və çay yetişdirilir. Neftayırma zavodu və gəmiqayırma sənayesi ilə tanınır.


Batumi sözü bu ərazidə yerləşən qədim yunan koloniyası Batisin (Batis – "dərin", Batis limen – "dərin liman") adı ilə bağlıdır. Şəhər orta əsrlərə qədər gürcü knyazlıqlarının idarəsində olmuşdur.
Antik dövrdə İranın suverenliyi altında olan şəhər, əvvəl Pont krallığının daha sonra isə romalıların əlinə keçmişdir. Orta əsrlərdə gürcü knyazlarının hakimiyyəti altına düşən şəhər, XIII əsrdə monqol işğalına uğramışdır.
1564-cü ildə Sultan Süleyman Qanuninin dövründə Osmanlılar tərəfindən ələ keçirilmişdir. 1877-1878-ci illər türk-rus müharibəsi nəticəsində imzalanmış San-Stefano və Berlin müqavilələri ilə şəhər Rusiyanın əlinə keçdi. Birinci dünya müharibəsindən sonra Rusiyanın bölgədən çəkilməsi ilə şəhər Brest-Litovsk müqaviləsinə uyğun olaraq Osmanlı dövlətinə geri qaytarıldı. Mudros sülh müqaviləsinin şərtlərinə əsasən isə əvvəl ingilislərə, sonra gürcülərə verildi.
Şəhər 1918-ci ildə qurulan Gürcüstan Demokratik Respublikasının tərkibinə daxil oldu. 1921-ci ilin mart ayında türklər tərəfindən ələ keçirildi, lakin 16 mart 1921-ci ildə imzalanan Moskva müqaviləsinin şərtlərinə əsasən, əhalisi müsəlman acarlardan ibarət olan bölgəyə muxtariyyət verilməsi qarşılığında şəhər Gürcüstana təhvil verildi.
Batumi 16 iyul 1921-ci ildə qurulan Acarıstan Muxtar Sovet Sosialist Respublikasının paytaxtı oldu. Qars müqaviləsinə əsasən Sovet Gürcüstanına birləşdirilməsi təsdiqləndi. Bağlanmış müqaviləyə görə Acarıstan Muxtar Respublikasının muxtariyyəti Türkiyə dövlətinin zəmanəti altındadır.
Gürcüstanın 1991-ci ildə müstəqilliyini elan etməsindən sonra Acarıstan Muxtar Respublikasının rəhbərliyi Aslan Abaşidzenin əlində cəmləşdi. 2004-cü ilin may ayında Abaşidze iqtidarı sona çatdı.
Batumi hazırda Gürcüstanın əsas liman şəhəridir. Batumi limanı neft məhsulları daşıyan 80 000 tonluq tankerləri qəbul etmək gücünə malikdir. Bu neft əsasən AzərbaycanQazaxıstan və Türkmənistandan gəlir. Əlavə olaraq şəhər regional kənd təsərrüfatı məhsulları da ixrac edir. 1995-ci ildən yük dövriyyəsi artmış və 2001-ci ildə təxminən 8 milyon ton qeydə alınmışdır. Limanın illik gəliri 200-300 milyon dollar arasında qiymətləndirilir.
2007-ci ildə Gürcüstanın Konstitusiya Məhkəməsi Tbilisidən Batumiyə köçürülüb.
Batumi əhəmiyyətli liman şəhəridir. Eyni zamanda tətil mərkəzi olan şəhər botanika bağları və tropik bitkilər baxımından zəngindir. Dünyanın ən zəngin botanika bağlarından biri də Batumidə yerləşir. Batumi Botanika bağında dünyanın bir çox yerlərindən - Şərqi Asiya, Şimali Amerika, Yeni Zelandiya, Cənubi Amerika, Himalay, Meksika və Avstraliyadan gətirilən bitkilər, ağaclar əkilib. Botanika bağında hətta dünyanın ən yaşlı ağacı belə qorunub saxlanır. Bu məkan 1912-ci ildə coğrafiyaşünas Andrey Krasnov tərəfindən salınıb. Botanika bağındakı floranın zənginliyi 111 hektarda yerləşən 9 bölmədə əks olunub. Botanika bağını həm piyada, həm də ekskursiya məqsədli elektromobillərlə seyr etmək mümkündür.
Şəhərin görməli yerləri arasında Orta məscid, Acarıstan dövlət muzeyiBatumi botanika bağıİsa Məsihin 12 həvariyunundan biri olan Müqəddəs Matveyin abidə məzarının yerləşdiyi Roma dövründən qalma Apsaros qalası, XX əsrdə tikilmiş gürcü memarlığını əks etdirən köhnə poçt binası, Qara dəniz sahilindəki Batumi dövlət parkı, akvarium və sirk sayıla bilər.
Batumi parkının ərazisində yerləşən delfinari şəhərin ən çox ziyarət olunan məkanlarındandır. Burada delfinlərin hərəkəti adamı valeh edir. Delfinarinin amfiteatrı 4 sektordan ibarətdir və 703 tamaşaçı üçün nəzərdə tutulub.
Batumidən cənub istiqamətinə 12 kilometrlik məsafədə Çoroxi çayının sol sahilində I əsrə aid Qonio-Apsaros qalası yerləşir. Qalanın ətrafında isə Gürcüstanın qədim yaşayış məskənlərindən biri yerləşir. Qonio-Apsaros qalası unikal strateji əhəmiyyətə malik olmaqla, Cənub-Qərbi Gürcüstanla Qara dəniz sahillərini birləşdirən Çoroxi və Açaristsxali mağaralarını mühafizə edib. Relyefinə görə Qonio qalası Qara dəniz regionunun Bizans və Osmanlı imperiyalarının istinad nöqtələrindən birinə çevrilib. Müvafiq olaraq qala bir neçə mədəni hissədən ibarətdir: Roma (e.ə. III-IV), Bizans (VI-VII əsrlər) və Osmanlı (XVI əsr). Qonio-Apsarosun tarixi arqonavtlar barəsindəki miflə sıx əlaqəlidir. Qonio qalasının ərazisində İsa peyğəmbərin tərəfdarlarından olan apostol Matfeyin simvolik məzarı da yerləşir. Bəzi tarixi mənbələrə görə, apostol məhz bu ərazidə dəfn edilib. Ərazidə aparılan arxeoloji qazıntılar nəticəsində ellin dövrünə aid artefaktlar, ictimai tikililər, keramika, bürünc, gümüş əşyalar və I Yustinianın dövründən qalma gümüş sikkələr aşkar edilib.
Batumidə əsasən subtropik iqlim hökm sürür. Şəhərdə və ətrafında subtropik bitkilər yetişir. Parklar, çay plantasiyaları və sitrus önəmli yer tutur. Batumidə orta illik temperatur 14 °C-dir. Ən soyuq ay olan yanvarda orta temperatur göstəricisi 6 °C, ən isti aylar olan iyul və avqustda isə 22 °C-dir. Batumidə qeydə alınmış ən aşağı temperatur -7 °C, ən yüksək temperatur isə 40 °C-dir.


Yenidən inşa edilən Batumi Beynəlxalq Hava Limanı 2007-ci ildə açılmışdır. Batuminin Maxincauri stansiyasından başlayan dəmiryolu xətti Tbilisiyə bağlanır. Bakıdan Batumiyə dəmir yolu ilə getmək mümkündür. 2008-ci il 22 may tarixində yeni Bakı-Batumi-Bakı aviareysi açılmışdır. Yeni aviareysin ilk sərnişini Azərbaycana ikigünlük rəsmi səfərini başa çatdıran Gürcüstan Prezidenti Mixail Saakaşvili olmuşdur. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Gürcüstan dövlətinin başçısına ilk billet və sertifikat təqdim olunmuşdur.



Get fast shipping, movies & more with Amazon Prime

Start free trial

Enjoy this blog? Subscribe to murad

0 Comments