Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə
Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə (10 (22) fevral 1869[1], Naxçıvan – 4 yanvar 1932, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, jurnalist, ictimai xadim, tənqidi realist ədəbi cərəyanın, ilk mənzum alleqorik dram əsərinin banisi, yenitipli ictimai satiranın yaradıcısı, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəri[2][3][4][5]. Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı kimi tanınır. Cəlil Məmmədquluzadə həmçinin Azərbaycanda və Şərqdə ilk feminizm, qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasını qoymuş ictimai xadim hesab olunur.[6] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Cəlil Məmmədquluzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir[7].
Həyatı[redaktə | mənbəni redaktə et]
Cəlil Məmmədquluzadə 10 (22) fevral 1869-cu ildə Naxçıvan şəhərində kiçik tacir ailəsində anadan olmuşdur.[3][4][5] Bəzi mənbələrdə ədibin doğum tarixi 1866-cı il olaraq göstərilmişdir.[8][9][10] Lakin son illərdə aparılmış tədqiqatlar Cəlil Məmmədquluzadənin 1869-cu ildə anadan olduğunu müəyyən etmişdir.[3][4][5] Ədibin babası daşyonan, bənna Məşədi Hüseynqulu İran Azərbaycanın Xoy şəhərindən olub, sonralar Naxçıvana köçmüşdür. Atası Məmmədqulu Məşədi Hüseynqulu oğlu (1840–1905) ibtidai səviyyədə savadı olan dindar biri olmuşdur. O, ömrünü yoxsulluqla keçirmiş, elmə, maarifə rəğbət bəsləmişdir.[4][9][10][11]
Məşədi Məmmədqulu XIX əsrin ikinci yarısında Naxçıvan şəhərində yerli sahibkarlardan olan Canpoladovların duz anbarlarında çalışmış, burada duz, ot və saman satmış, həmçinin ailəsini dolandırmaq üçün Şahab məhəlləsində baqqal dükanı işlətmişdi. 1877-ci il müharibəsi zamanı Naxçıvan duz mədənlərinin məşhur icarədarları olan Canpoladov qardaşları Məşədi Məmmədquluya podrat duz buraxmışlar. Bununla da onun maddi vəziyyəti bir qədər yaxşılaşmışdı.[4][9][10][11] Məşədi Məmmədqulu təxminən 1860-cı ildə öz həmyerlisi dirrikçi Məşədi Babanın qızı Sara Babayeva ilə evlənmiş, onların 4 oğlu və 1 qızı olmuşdu. M. Məmmədqulunun böyük oğlu Mirzə Yusif saatsaz idi, fars dilini mükəmməl bilirdi. O, cavan yaşlarında vəfat etmişdi. Kiçik oğlu Xəlil də çox erkən — 1904-cü ildə dünyasını dəyişmişdi. Məşədi Məmmədqulu yalnız iki oğlunu — Ələkbəri, Cəlili və qızı Səkinəni böyüdüb, onlara tərbiyə verə bilmişdi.[10][11] Onun üçüncü oğlu Mirzə Ələkbər (1872–1922) 1906–1911-ci illərdə İran Azərbaycanındakı milli-azadlıq hərəkatının fəal iştirakçılarından biri olmuşdur. O, Səttar xanın yaxın silahdaşlarından idi. Qızı Səkinə isə 1900-cü ildə Məmmədqulu bəy Kəngərliyə, sonra isə onun qohumu Əsgər ağa Kəngərliyə ərə getmiş, 1913-cü ildə vəfat etmişdi. Onun Teymur və Cəlal adlı iki oğlu, Pakizə adlı bir qızı qalmışdır. Onlar Mirzə Cəlilin himayəsində böyümüşdü. Ədibin valideynləri 1905-ci ilin əvvəllərində Naxçıvanda vəfat etmişlər.[10][11]
Ailəsi[redaktə | mənbəni redaktə et]
Cəlil Məmmədquluzadə oğlu Midhət ilə birlikdə (1916)
1896-cı ildə ilk ailəsini qurmuşdur. 1897-ci ildə qızı Münəvvər anadan olmuş, həyat yoldaşı Həlimə xanım vəfat etmişdir. 1900-cü ildə dövrünün tanınmış hüquqşünaslarından olan Məhəmmədqulu bəy Kəngərlinin bacısı Nazlı xanım Kəngərli ilə ailə həyatı qurur. Lakin sonradan Mirzə Cəlillə Nazlı xanımın münasibətləri korlanır. 1903-cü ildə Nazlı xanım vaxtından əvvəl ölü uşaq doğur və bununla da əsəb xəstəliyinə tutulur. Mirzə Cəlil Məhəmmədqulu bəylə birlikdə xəstəni Tiflisə aparır və həkimlərin tövsiyəsi ilə əsəb xəstəlikləri üzrə Mixaylovski xəstəxanasına yerləşdirir. Buna baxmayaraq Nazlı xanımın xəstəliyi şiddətlənir, yeməkdən qəti imtina edir və tezliklə dünyasını dəyişir. Üçüncü dəfə 15 iyun 1907-ci ildə Həmidə xanım Əhmədbəy qızı Cavanşirlə ailə həyatı qurmuş, oğlanları Midhət və Ənvər dünyaya gəlmişdir. Həmidə xanım Azərbaycanın ilk maarifçi qadınlarından olmuşdur. 1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunmuşdur.
- Qızı Münəvvər Məmmədquluzadə 1897-ci ildə anadan olmuşdur. Cəlil Məmmədquluzadənin vəfatından sonra uzun müddət Nehrəm kəndində mamaça, sonra isə səhiyyə məntəqəsinin müdiri vəzifəsində işləmişdir.[12] SSRİ Ali Sovetinin II çağırış deputatı olmuşdur. 1965-ci ildə vəfat etmişdir.[13]
- Oğlu Midhət Məmmədquluzadə 1908-ci ildə Tbilisi şəhərində anadan olmuşdur. Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Politexnik İnstitutunun Hidrotexniki tikintilər fakültəsində oxumuş (1928–1931), su inşaatı mühəndisi ixtisası qazanmışdır. Midhət Azərbaycan Dövlət Plan Komitəsində çalışmış, Mingəçevir SES-inin layihəsini hazırlayan komissiyanın elmi katibi olmuşdur. Dövlət Plan Komitəsinin kollegiya üzvü seçilmişdir. Mühəndis Rzazadə ilə birlikdə "Bakinski raboçi" qəzetində Mingəçevir SES-i haqqında ilk məqaləni dərc etdirmişdir. 1932-ci ildə Bakıda vəfat etmiş, Çəmbərəkənd qəbiristanlığında dəfn olunmuşdu. Sonralar həmin məzarıstan köçürülərkən cənazəsinin qalıqları atasının Fəxri xiyabandakı qəbrinin yanında torpağa tapşırılmışdır.[14]
- Ənvər Cəlil oğlu Məmmədquluzadə 11 may 1911-ci ildə indiki Ağcabədi rayonunun Kəhrizli kəndində doğulub. 1939-cu ildə Azərbaycan Tibb Universitetini bitirmiş, bir müddət həmin ali məktəbdə əczaçılıq kafedrasında işləmişdir. II Dünya Müharibəsi zamanı həyat yoldaşı Məhin xanım Dadipurla Sovet qoşunlarının tərkibində İrana getmişdir. Burada ikinci dəfə tibb bacısı, polyak qızı Zofya Bahrinovska ilə evlənmişdir. Ömrünün sonuna qədər İranda işləmişdir. Mirzə Cəlilin oğlu olduğunu mövcud rejimə görə gizlətmiş, Cavanşir soyadını daşımışdır. Bununla belə, Azərbaycandakı anasının qohumlarına gizli məktublar yollaya bilmişdir. Övladları: Səqqətçiya Mehri (1940, Bakı) — Məhin xanımdan olan qızı, əvvəllər İranda yaşamış, hazırda Parisdə yaşayır. Qızları- Natali tərcüməçi-jurnalist, Məhsəti isə həkimdir. Midhət Cavanşiri (1944, Tehran) — Z. Bahrinovskadan olan böyük oğlu, Polşada təhsil almışdır, Lodz şəhərində işləmişdir. Martin (1970) və Ramin (1981) adlı oğulları vardır. Hazırda Polşada yaşayırlar. Qızı Nizhət Məmmədquluzadə(1940, Tehran) — hazırda Fransanın Nitsa şəhərində yaşayır. Bir oğlu və bir qızı var. Oğlu Cavanşiri Teymur (1949, Tehran — 1994, Kiş adası) — mühasib idi. Şahin (1976) və Bəzrin (1984) adlı iki oğlu vardı. Avtomobil qəzasinda həlak olmuşdur. Qızı İren Cavanşiri-Süleymani (1951, Tehran) — evdar qadındır. Leyla adlı qızı var.
Nəsil şəcərəsi[redaktə | mənbəni redaktə et]
Cəlil Məmmədquluzadənin nəsil şəcərəsi XIX və XX əsrlərin müxtəlif şəxsiyyətlərini, ədəbi-maarifçi hərəkatıını unudulmaz hadisələrini özündə əks etdirir. Mirzə Cəlilin nəsil şəcərəsi ata ocağı ilə başlanır[15].
- Məşədi Hüseynqulu
- Məmmədqulu Məşədi Hüseynqulu oğlu (? −1905)
- Cəlil Məmmədquluzadə (1869–1932)
Təhsili[redaktə | mənbəni redaktə et]
Cəlil Məmmədquluzadə 1873–1876-cı illərdə Molla Əli Hüseynzadənin, 1877–1879-cu illərdə isə Hacı Molla Bağırın məktəbində oxumuşdur. O, bu barədə qeyd etmişdir:
7-8 yaşında molla yanına gedib çərəkə və Quran oxumağım da yadıma düşür. Naxçıvanda o vədə müdərrislikdə məşhur olan Hacı Bağır və Molla Əlinin də məktəblərində oxumuşam və Hacı Molla Bağırın falaqqasının çubuqlarının acısını, deyəsən, indi – bu saat yenə ayaqlarımda hiss edirəm.Ədib ərəb və fars dillərini də həmin vaxtda öyrənmişdir. Daha sonra Cəlil 1879-cu ildən Naxçıvan şəhər üçsinifli məktəbində təhsilini davam etdirir. Həmin məktəbdə dərslər rus dilində tədris olunurdu və Azərbaycan dilinin tədrisinə cuzi yer verilirdi. O, burada 3 il təhsil almışdı. Mirzə Cəlilin dünyagörüşünün inkişafına burada keçirilən dünyəvi fənlərin, həmçinin məktəbin müdiri, maarifçi Konstantin Nikitinin (1832–1894), qabaqcıl görüşlərinə görə mərkəzdən uzaqlaşdırılaraq Naxçıvanda müəllimliyə göndərilmiş gürcü xalqçı-demokrat, coğrafiya müəllimi Georgi Uturqaurinin, ana dili və şəriət müəllimi, teatr həvəskarı Mirzə Sadıq Qulubəyovun (1823 — ?), Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini beş il əvəzinə iki ilə bitirərək doğma şəhərə təyinat almış, A. O. Çernyayevskinin yetirməsi olan Əliməmməd Xəlilovun (1862–1896) da mühüm təsiri olmuşdur.[3][4][8][9][10][11]
Qori Müəllimlər Seminariyası[redaktə | mənbəni redaktə et]
Çar hökuməti 1879-cu ildə Zaqafqaziya (Qori) Müəllimlər Seminariyası nəzdində Azərbaycan şöbəsi yaradılması haqqında fərman vermişdi. Seminariya pansionlu qapalı təhsil ocağı olub, kənd məktəbləri üçün müəllim hazırlayırdı. Seminariyanın Azərbaycan şöbəsinin müfəttişi A. O. Çernyayevski ilk illərdə Azərbaycan rayonlarını gəzərək, seminariyada oxumaq üçün tələbələr seçirdi. O, 1882-ci ildə Naxçıvana gəlmiş və Cəlil Məmmədquluzadəni də başqa şagirdlərlə birlikdə təhsil alması üçün siyahıya almışdı.[10]
Cəlilin bu məktəbdə oxumağa istiqamətləndirilməsində müəllimi Əliməmməd Xəlilovun xüsusi rolu olmuşdur. Əliməmməd Xəlilov C. Məmmədquluzadənin seminariyaya daxil olması barədə Məşədi Məmmədqulunun adından göndərilmiş kalleqrafik xətlə yazılmış 21 iyun 1882-ci il tarixli ərizəsini də öz xətti ilə köçürmüşdü. Həmin il qəbul imtahanlarını uğurla verən Cəlil seminariyanın aşağı hazırlıq sinfində dərslərə başlamışdır. Ədib aşağı və yuxarı hazırlıq siniflərində, habelə birinci əsas sinifdə yaxşı oxumuşdur. Professor Əziz Şərif bununla bağlı qeyd etmişdir:[9][16]
Gələcək yazıçı hazırlıq siniflərini müsbət nəticələrlə başa vurmuş və seminariyanın birinci əsas sinfinə keçirilmişdir.Lakin əsas siniflərdə təhsil alarkən onun qiymətləri birdən-birə aşağı düşmüşdür. Buna səbəb isə sərt rejimin olmağı, həmçinin seminaristləri ana dilində danışmaqdan, ətraf mühitlə əlaqə saxlamaqdan məhrum edən qaydaların mövcudluğu idi. Cəlil Məmmədquluzadə seminariyanı 1887-ci ildə bitirir və müəllimlik attestatı alır. Attestatda qeyd edilmişdir: (Gürcüstan SSR Dövlət Xalq Maarif Muzeyinin arxivi, Zaqafqaziya (Qori) müəllimlər seminariyasının işi, № 1565)[3][8][9][10][11][17][18]
Bu attestat Zaqafqaziya müəllimlər seminariyası şurası tərəfindən, müəllim seminariyaları haqqındakı qaydaya əsasən, verilir seminariyanın yetişdirməsi (müsəlman şiə məzhəbinə mənsub) meşşan oğlu, 21 yaşında olan Cəlil Məmmədquliyeva bundan ötrü ki, o, əla əxlaqla birlikdə son imtahanlarda aşağıdakı bilik səviyyəsini göstərmişdir:"şəriət- çox kafi, Pedaqogika- kafi, Rus dili – kafi, Azərb.dili- kafi, hesab- kafi, həndəsə və yerölçmə-çox kafi, tarix ,coğrafiya ,təbiətşünaslıq – kafi, hüsnxət, rəsmxət və rəsm – çox kafi, müəllimlik təcrübə dərsləri – çox kafi”. Bunlardan başqa sənət, bağçılıq, idman, mahnı, meteoroloji nəzarəti də öyrənmişdir. Bunlara görə də ibtidai xalq məktəblərində müəllimlik adına layiq görülmüşdür.Ədibin dünyagörüşünün, bədii zövqünün, yaradıcılıq vərdişlərinin formalaşmasında 5 il (1882–1887) oxuduğu Zaqafqaziya Müəllimlər Seminariyasındakı təhsil illəri mühüm mərhələ təşkil etmişdir. Cəlil burada Azərbaycan və Şərq ədəbiyyatı ilə yanaşı, Avropa, rus elmi, mədəniyyəti və demokratik fikri, mütərəqqi pedaqoji təlimi ilə də yaxından tanış olmuşdur.[9][10]
Seminariyada başqa fənlərlə yanaşı, tərcümə dərslərinə xüsusi fikir verilirdi. Bu yolla həm dünya ədəbiyyatı ilə əsaslı tanışlıq başlanırdı, həm də tərcümə seminaristlərdə qələm vərdişləri yaradırdı. Ədib seminariyada tərcümə üçün Nikolay Qoqolun və İvan Krılovun əsərlərini seçmişdir. Burada o, müxtəlif millətlərdən olan A. O. Çernyayevski, D. D. Semyonov, N. N. Novospasski, N. O. Lomouri, habelə azərbaycanlı müəllimlər Mirzə Əbdülqasım Axundzadə, Səfərəlibəy Vəlibəyov kimi pedaqoqlardan dərs almışdır.[5][9]
Gənc Cəlil seminariyada təşkil olunmuş tədbirlərdə fəal iştirak etmiş, teatr tamaşalarında həvəskar aktyor kimi səhnəyə çıxmışdır. Bununla yanaşı, ədəbi gecələr üçün ssenarilər, sınaq dərslər üçün icmallar yazmışdır. Qori seminariyası Cəlil Məmmədquluzadənin mənəvi aləmində, dünyaya baxışında, təbiət və cəmiyyət hadisələri anlayışında əsaslı dönüş yaratmışdı.[5][8][11][17]
Buraxılış imtahanları qurtardıqdan sonra seminariya yoldaşı İsmayılbəy Şərifbəyovun dəvəti ilə Cəlil Şuşaya getmişdir. O, burada Xurşidbanu Natəvanla və yerli ziyalılarla tanış olmuşdur.[10][11]
Pedaqoji fəaliyyəti[redaktə | mənbəni redaktə et]
Cəlil Məmmədquluzadə seminariyanı bitirib müəllimlik attestatı aldıqdan sonra pedaqoji fəaliyyətə başlamışdır. O, 1887–1897-ci illər arasında İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd) və Nehrəm kəndlərində müəllimlik etmişdir.[5]
Mirzə Cəlil 1887-ci ilin avqustundan Uluxanlı kəndinə müəllim təyin olunmuşdu. Belə ki, Qafqaz tədris dairəsinin müdiri İrəvan və Yelizavetpolun xalq məktəbləri müdirinə göndərdiyi 7 avqust tarixli məktubunda Uluxanlı məktəbinin müəllimi Məmmədbəy Qazıyevin işdən azad edildiyini və onun əvəzinə Cəlil Məmmədqulizadənin təyin olunduğunu bildirmişdi. Gənc müəllim 1887-ci ilin sentyabrın 1-dən Uluxanlı qəsəbəsində 1-ci dərəcəli məktəbdə pedaqoji fəaliyyətə başlamışdır. Həmin vaxt Uluxanlıda əhalinin elmə, məktəbə həvəsi yox idi. Məktəbdə cəmisi 10–12 nəfər şagird oxuyurdu.
Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında Mirzə Cəlilə dərs demiş, həmçinin Naxçıvan əyalətindəki Baş Noraşen ikisinifli zemstvo məktəbinin müdiri olan Əliməmməd Xəlilov xəstələndiyi üçün müalicəyə getmək zərurəti qarşısında qalaraq bir müddət pedaqoji fəaliyyətinə ara vermişdi. Həmin müddətdə müfəttiş U. Pasxalov müdiriyyətə belə bir məlumatla müraciət etmişdi:
Cənab Xəlilovun getməsilə ilə məktəbin bağlanması lazım gəldiyi üçün bəlkə siz Xəlilov qayıdana qədər şagirdlərlə məşğul olmaqdan ötrü Uluxanlıdakı ikisinifli məktəbin müəllimi Məmmədquliyevin müvəqqəti olaraq, Baş Noraşen məktəbinə təyin olunmasını mümkün hesab edəsiniz? Belə ki, mən bu yaxınlarda Uluxanlı məktəbini təftiş edərkən məlum oldu ki, burada hər iki sinifdə cəmisi on iki şagird vardır və Uluxanlı məktəbinin nəzarətçisi özü müvəqqəti olaraq bu bir neçə şagirdlə məşğələ apara bilər.Beləliklə, Pasxalovun bu müraciətinə müsbət cavab verilmiş və 13 oktyabr 1887-ci ildə Cəlil Məmmədquluzadə Əliməmməd Xəlilovu müvəqqəti əvəz etmək məqsədilə həmin məktəbə təyin edilmişdir. Ə. Xəlilov sağalıb qayıdarkən Uluxanlı məktəbinin nəzarətçisi İ. N. Novruzov Mirzə Cəlil kimi bir müəllimi itirmək istəməmiş, buna görə də İrəvan xalq məktəblərinin müfəttişliyinə göndərdiyi 4 dekabr tarixli raportunda ədibin Uluxanlıya qayıtmasını xahiş etmişdir. Həmin ayın 18-də müfəttişlik Cəlil Məmmədquluzadənin Uluxanlıda saxlanılmasına icazə vermişdir. Lakin Baş Noraşenin Naxçıvana yaxın olduğunu və dərs şəraitinin də nisbətən yaxşı olmasını nəzərə alan Cəlil Məmmədquluzadə 1888-ci il yanvarın 16-da İrəvandan Gəncəyə, müdir Orlovun adına belə bir teleqram göndərmişdi:
Acizanə xahiş edirəm ki, məni Uluxanlıya qaytarmayıb Baş Noraşendə saxlayasınız.Baş Noraşenin məktəb nəzarətçisi və müəllimi Xəlilov isə öz teleqramında yazmışdır:
Xahiş edirəm ki, yeni təyin olunmuş Məmmədquliyevi mənim yanımda saxlayasınız, rədd etməyin, yalvarıram.Bu teleqramdan sonra Orlov müfəttiş U. Pasxalova məlumat verir ki, Cəlil Məmmədquluzadə Baş Noraşen məktəbində saxlanılsın. Cəlil Məmmədquluzadə Baş Noraşendə 1887-ci ildən 1890-cı il yanvarın 15-nə qədər müəllimlik etmişdir. Ədib hələ Baş Noraşendə işləyərkən xalq məktəbləri müdirinə teleqram vuraraq xahiş etmişdi ki, yer boşalanda onu Naxçıvan şəhərinə daha yaxın məsafdə yerləşən, keçmiş seminariya dostu Mirzə Əbülqasın Sultanovun müəllimlik etdiyi Şahtaxtı məktəbinə müəllim təyin etsinlər. Lakin bir ildən artıq keçməsinə baxmayaraq, o, müsbət cavab almamışdı.
Cəlil Məmmədquluzadə 1890-cı il yanvarın 15-də valideynlərinin yaşadığı Naxçıvan şəhərinin cəmi 5 verstliyində olan ikisinifli Nehrəm məktəbinə təyinat almışdır. Gələcək yazıçı 10 iyul 1897-ci ilədək, təxminən 7 il burada çalışmışdır. Bu barədə Qafqaz tədris idarəsinin əmrində qeyd olunmuşdur:
Baş Noraşen kəndindəki ikisinifli Zemski məktəbinin müəllimi Cəlil Məmmədquliyev Nehrəm kəndindəki ikisinifli Zemski məktəbinin nəzarətçisi vəzifəsinə və Eçmiədzin qəzasının Korxun birsinifli məktəbinin sabiq müəllimi Ələşrəf Qazıyev isə Baş Noraşen ikisinifli Zemski məktəbinin müəllimi vəzifəsinə təyin edilirlər.Cəlil Məmmədquluzadə burada da təlim-tərbiyə işlərinin yüksəldilməsinə xüsusi fikir vermiş, məktəbə səkkiz nəfər azərbaycanlı qız cəlb edərək xüsusi sinif təşkil etmiş və bu sinifdə məşğələləri özü aparmışdır. Ədiblə bir müddət birgə işləmiş müəllim T. S. Smbatyan bu barədə yazmışdır:
Mirzə Cəlil bütün qəlbini və qüvvəsini gənc nəslin təlim-tərbiyəsi işinə sərf edir, uşaqları mədəni adamlar etməyə çalışırdı. Uşaqları məktəbə cəlb etmək məqsədilə Mirzə Cəlil öz pulu ilə kasıblara kitab, dərs vəsaiti, ayaqqabı və s. alardı.Lakin insanların təhsilə maraq göstərməməsi, mühitin yaratdığı çətinliklər, eyni zamanda ədibin kənddə qalmamaq, başqa xalqların həyatı və mədəniyyəti ilə də tanış olmaq arzusu onu 26 may 1895-ci ildə xalq məktəbləri müfəttişinə raport yazmağa vadar etmişdir. Raportda qeyd edilmişdir:
Daşıdığım vəzifəni müvəffəqiyyətlə yerinə yetirməyə əks təsir göstərən və məni işləmək imkanından məhrum edən yerli şəraitə qarşı mübarizədə gücsüz olduğumu görüb, işləmək üçün özümə başqa bir yer tapmaq məqsədilə həmin il may ayının 11-də xalq məktəbləri müfəttişinə yazdığım raportda xahiş etmişdim ki, qarşıdakı tətil zamanı mənə üç aylıq məzuniyyət götürməyə icazə versin.Müdir həmin raportu xalq məktəbləri müfəttişinə göndərmiş və xeyli çətinlikdən sonra müfəttiş Cəlil Məmmədquluzadənin "Avropa Rusiyanın müxtəlif yerlərinə getmək üçün iyunun 10-dan avqustun 25-dək" məzuniyyətə izin vermişdi. Beləliklə, gənc müəllim 1895-ci ilin yayında Peterburq və Moskvada olmuş, "Novoye vremya" qəzetinin redaktoru Suvorinlə görüşərək ərəb əlifbasını latın əlifbası ilə dəyişdirmək məsələsini öz qəzetində qaldırmağı ondan xahiş etmişdi. Suvorin isə bu məsələnin vaxtının hələ çatmadığını bildirmişdir. Yazıçının "Eşşəyin itməkliyi" əsərini radlov əlifbası ilə yazması da onun köhnə əlifbanın dəyişdirilməsinə inamını və təşəbbüsünü göstərmişdir.
Cəlil Məmmədquluzadə 1896-cı ildə Nehrəm məktəbində tarix muzeyi yaratmış, bu muzeydə Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair materialların toplanmasına nail olmuşdur. Bununla yanaşı, ipəkçilik peşəsini öyrətmək üçün xüsusi məşğələlər təşkil etmiş, kəndlilərin ağır iş şəraitini yüngülləşdirmək üçün Tiflisdən dəmir kotan gətirilməsinə nail olmuşdur. O, həmçinin yerli həvəskarlarla birlikdə Naxçıvanda teatr tamaşaları təşkil etmişdir. Bununla əslində mənsub olduğu xalqın maariflənməsi, milli oyanışı və mədəni tərəqqisi üçün çalışmışdır.
Yaradıcılığı[redaktə | mənbəni redaktə et]
Cəlil Məmmədquluzadənin 25 il redaktoru olduğu "Molla Nəsrəddin" jurnalının üz qabığı (1906)
Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı tarixində jurnalist və publisist olmaqla bərabər, həm də böyük bir dramaturq və nasir kimi tanınmışdır. Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material vermişdir. Bir sıra kiçik hekayələrini, "Danabaş kəndinin əhvalatları" (1936-cı ildə nəşr olunmuşdur) povestini də bu dövrdə yazmışdır. 1895-ci ildə yayında Moskvaya və Peterburqa getmiş, bu şəhərin mədəni həyatı ilə tanış olmuşdur. Naxçıvanda və İrəvanda müxtəlif hüquq idarələrində çalışmışdır.
Nəsr əsərləri[redaktə | mənbəni redaktə et]
Cəlil Məmmədquluzadənin bədii nəsri Azərbaycan ədəbiyyatında yeni ədəbi hadisə idi. Real həyat hadisələrinin tipik bədii vasitələrlə təqdim edilməsi, adi, sıravi, zəhmətkeş insanların maraqlı və qəribə taleyinin ədəbiyyata gətirilməsi, milli oyanış və dirçəlişə çağırış, sadə, koloritli dil və üslub ədibin nəsr əsərlərinin əsasını müəyyən edir[19]. Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük, qüdrətli yaradıcısıdır.
İlk nəsr əsərləri (1894–1904)[redaktə | mənbəni redaktə et]
Cəlil Məmmədquluzadənin ilk yaradıcılıq dövrü 1905-ci il inqilabına qədər davam etmişdir. Bu dövrdə "Çay dəstgahı" adlı alleqorik mənzum dramını, "Danabaş kəndinin əhvalatları" povestini, "Danabaş kəndinin məktəbi", "Kişmiş oyunu", "Poçt qutusu" hekayələrini yazmış, rus dilindən bəzi tərcümələr etmişdir. Ədibin yaradıcılığının birinci dövrünə aid olan bu ilk əsərlərində inqilabdan əvvəlki Azərbaycan kəndinin, kəndlisinin həyat və məişətinin müxtəlif cəhətləri əks olunmuşdur.[10][18][20]
Mirzə Cəlilin ilk məlum nəsr əsəri 1894-cü ildə yazılmış "Danabaş kəndinin əhvalatları" povestidir. Povest ədibin Nehrəmdə müəllimlik etdiyi illərdə qələmə alınmışdır. Müəllif "Danabaş kəndinin əhvalatları" adı altında silsilə, seriya əsərlər yazmağı nəzərdə tutmuşdur. Həmin seriyaya daxil olan "Eşşəyin itməkliyi" povestini tamamlamış, "Danabaş kəndinin məktəbi" hekayəsi isə yarımçıq qalmışdır. Ona görə də "Danabaş kəndinin əhvalatlari"dedikdə "Eşşəyin itməkliyi" povesti nəzərdə tutulur.[3][8][9][10][18][20][21][22]
Kəndli məişətini dərindən öyrənən, kənddəki zülmü, yoxsulluq və avamlığın bilavasitə şahidi olan Cəlil Məmmədquluzadə "Danabaş kəndinin əhvalatları" povestinin mövzusunu məhz bu həyatdan götürmüşdür. Əsərin ideyası ilə əlaqədar olaraq, ədib Danabaş kəndində cərəyan edən bir əhvalat seçmiş və povestin süjet xəttini həmin əhvalat üzərində qurmuşdur. Povestin süjetini real həyat materialı üzərində quran müəllif kəndlilərin həyatını, məişətini, qadınların kölə vəziyyətini, zəhmətkeşlər üzərində hökm sürən zülm və ədalətsizliyi əks etdirmişdir. Əsərdə satira atəşinə tutulan hədəflərdən biri də bəylər, çarizm üsul-idarəsi, rüşvətxor çar çinovnikləridir.[3][10][18][20] Əsər o zaman çap olunmamışdır, ancaq əlyazması şəklində ədibin yaxın dostları arasında yayılıb oxunurdu.[18]
Yazmaq istəyirdim. Çox istəyirdim yazmaq. Amma bilmirdim niyə yazım və kimdən ötrü yazım. Çünki ümidvar deyildim ki, yazdıqlarımı çap etməyə və intişarə qoymağa hökumət icazə verəcək.1901-ci ildə İrəvandan Naxçıvana maarifpərvər M. T. Sidqiyə göndərdiyi 27 yanvar tarixli məktubunda Cəlil Məmmədquluzadə belə yazmışdır:[18]
"Məhəmmədhəsən əminin eşşəyini" ("Danabaş kəndinin əhvalatları") istəyirəm yazib göndərəm, senzor izin versin, İrəvanda çap elətdirəm.[23].
Mirzə Cəlil həmin dövrdə çap etdirə bilməsə də, gördüyü hadisələri müntəzəm qələmə almışdır. Ədib 1921-ci ildə Təbrizdən qayıtdıqdan sonra əsəri çap olunmaq üçün Bakıda Maarif Komissarlığına təqdim etmişdir. Ancaq povest Maarif Komissarlığında itdiyindən ədib öz sağlığında onu çap etdirə bilməmişdir. Beləliklə, povest ilk dəfə yazıçının ölümündən sonra 1936-cı ildə Azərnəşrdə ayrıca kitab şəklində çap olunmuş, sonra isə ədibin "Əsərləri" (1936), üçcildlik və altıcildlik "Əsərləri"nin I cildinə (1966, 1983) daxil edilmişdir.[3][8][18]
Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" seriyasından yazılmış "Danabaş kəndinin məktəbi" adlı yarımçıq bir hekayəsi də vardır. Hekayədə milli maarifçiliyə çağırış motivləri əks olunmuşdur. Ədib sonralar yenidən həmin məsələyə qayıtmış, eyni mövzu və eyni adda bir pyes yazmışdır.[4][18]
Mirzə Cəlilin ilk mətbu əsəri olan "Poçt qutusu" hekayəsi 1903-cü ilin noyabr ayında qələmə alınmışdır. Fikri istiqaməti etibarilə bu hekayə "Danabaş kəndinin əhvalatları" povestinin davamıdır. Mülkədar Vəlixan ilə avam kəndli Novruzəli arasındakı münasibət əsərin əsas məzmununu təşkil edir. "Poçt qutusu" hekayəsi gənc yazıçının ədəbi həyatında xüsusi əhəmiyyətə malik olmuş, onun gələcək yolunu müəyyənləşdirmişdir.[4][10][18][20] [24]
Ədib sonralar bu barədə qeyd etmişdir:[10]
... Mən "Poçt qutusu"nu ondan ötrü oxucuların nəzərinə gətirirəm ki, mənim bu hekayəm ədəbi həyatımda bir əhəmiyyətli rol oynayıbdır. Bu da odur ki, bəlkə bu hekayəmin səbəbindən mən bu müsafirətimdə Tiflisə azarlını apardıqda dəxi İrəvana qayıdıb gəlmədim və Tiflisdə qalıb sonra da həmişəlik tiflisli oldum.Əsər Tiflisdə Azərbaycan dilində çıxan "Şərqi-Rus" qəzetinin 1904-cü il 16 və 18 yanvar tarixli saylarında "Poçt qutusu" sərlövhəsi və "Cəlil Məmmədquluzadə" imzası ilə dərc edilmişdir. ("Şərqi-Rus" qəzeti, 16, 18 yanvar 1904-cü il, № 5, 6) Beləliklə də, ədibin "Şərqi-Rus" qəzetində çap olunan ilk hekayəsi "Poçt qutusu" olmuşdur. Müəllif onu ruscaya çevirərək, "Novoye obozreniye" qəzetində dərc etdirmişdir. 1905-ci ildə isə "Qeyrət" mətbəəsində ayrıca kitabça halında buraxılmışdır.[10][24] "Poçt qutusu" Mirzə Cəlilin əsərlərinin nəşrlərinin hamısına daxil edilmiş, xarici dillərə tərcümə olunmuş və orta məktəblərdə tədris olunur. Hekayə əsasında "Azərbaycantelefilm" kinostudiyasında qısametrajlı film çəkilmişdir.[24]