Səfəvilər
Dövlətin adı onu idarə edən sülalə ilə bağlı olaraq "Səfəvilər dövləti"[41] və ya "Qızılbaş dövləti" adlandırılmışdır.[42]
Səfəvilər dövlətinin ilk paytaxtı Təbriz olmuşdur.[43] Sonradan dövlətin paytaxtı Səfəvi-Osmanlı müharibələri səbəbindən öncə müvəqqəti (1548), sonra isə birdəfəlik (1555) Qəzvinə köçürülmüşdür.[44] I Şah Abbas hakimiyyətə gəldikdən sonra isə paytaxt 1598-ci ildə İsfahan şəhərinə köçürülmüşdür. Paytaxtın İsfahana köçürülməsindəki səbəblər:
- "Böyük sürgün" siyasətinə əsaslanaraq Osmanlı ilə müharibə sərhəddindən uzaqlaşmaq
- Ticarət yollarının istiqamətini İran körfəzinə keçirməklə Osmanlılara iqtisadi cəhətdən zərbə vurmaq.
Səfəvilər dövlətinin qurucusu I İsmayılın ana dili Azərbaycan türkcəsi olmuşdur. O, bu dildə "Xətai" ləqəbi ilə şeirlər yazmışdır. Elə dövlətin də rəsmi dili Azərbaycan türkcəsi olmuş, saray əhli, eləcə də dövlətin hərbi və dini xadimləri bu dildə danışmışlar.[45][46]
1637-ci ildə İsfahanda Səfəvi hökmdarı I Şah Səfi ilə görüşmüş alman səyyahı və diplomatı Adam Olearinin xatirələrində də Səfəvi sarayında Azərbaycan türkcəsinin yeri haqqında maraqlı məlumatlar mövcuddur. A. Oleari "Qoldşin səfirliyinin Moskoviya və Persiyaya səfərinin müfəssəl təsviri" əsərində İsfahanda onların şərəfinə verilmiş ziyafətin təsvirinin sonunda yazır ki, saat yarımlıq ziyafət başa çatdıqdan və hamıya əllərini yumaq üçün ilıq su verildikdən sonra saray əyanı uca səslə söylədi:
“Süfrə haqqına, Şah dövlətinə,qazılar qüvvətinə Allah deyəlim!” Bundan sonra hamı xorla dedi: “Allah! Allah!”[47][48]Səyyah həmçinin yazır:
"Xüsusilə, İsfahanda şahın xidmətində olanlar daha böyük həvəslə türk dilində danışırlar, onlardan nadir hallarda fars sözləri eşidərsən...[49]XVII əsrin ikinci yarısında Şərqə səyahət etmiş və uzun müddət Səfəvi torpaqlarında, o cümlədən, İsfahanda yaşamış fransız səyyahı Jan Şarden öz xatirələrində yazırdı:
“Fars dili camaatın şeir və ədəbiyyat dilidir. Saray əyanları, hərbçilər, böyük (nüfuzlu) adamlar və varlıların xanımları hamısı evdə türk(Azərbaycan) dilində danışırlar. Çünki padşah və sülalə üzvləri bütün əhalisinin dili türk dili olan Azərbaycandandırlar. Ərəb dili camaatın dini dili olduğu üçün möhtərəm sayılır”[50]Alman səyyahı Engelbert Kempfer də XVII əsrin 80–90-cı illərində Səfəvilər dövlətinə səfəri zamanı ölkə ərazisində türk dilinin böyük təsir dairəsinə malik olması faktı ilə qarşılaşmışdı. O, öz xatirələrində yazırdı:
“...Türk dili saraydan tutmuş yüksək rütbəli və mötəbər şəxslərin evlərinə kimi yayılmış və nəticədə elə olmuşdur ki, şahın hörmətini qazanmaq istəyən hər kəs bu dildə danışır. İndi iş o yerə çatmışdır ki, başı bədəni üçün dəyərli olan hər kəs üçün türk dilini bilməmək suç sayılır. Türk dili bütün şərq dillərindan asandır. Türkcənin danışıq tərzindəki vüqar və əzəmət onun sarayda və səltənət qəsrində yeganə danışıq dili olmasına gətirib çıxarmışdır”[51]İngilis səyyahı və taciri Antoni Cenkinson yazır ki, Şah Təhmasiblə ziyafət süfrəsi arxasında görüşü zamanı Şah onu azərbaycan dilində "xoş gəldin" sözü ilə salamlamışdı.[52] XVII əsrin birinci yarısında Şərqə səfər etmiş italyan səyyahı Petra della Valle də yazırdı ki, Şah Abbas onu qəbul edərkən türk dilini bilib-bilmədiyi barədə soruşmuş, müsbət cavab aldıqdan sonra "xoş gəldi, səfa gəldi" söyləmişdi[53]Saray əyanları isə Şaha "qurban olum, başına dönüm" kimi ifadələrlə müraciət edirdilər.
1694-cü ildə Səfəvilər dövlətini ziyarət etmiş italyan səyyahı Covanni Françesko Cemelli Karreri öz səyahətnaməsində qeyd edirdi ki, bu ölkədə əsasən 3 dil daha çox işlədilir: fars, türk və ərəb dilləri yayılıb.[54] Səyyah qeyd edir ki, fars dili söz ehtiyatı baxımından zəngin deyil. Ərəb dili alimlərin və elmin dilidir. Səfəvilərin saray adamları isə türk dilində danışırlar.
Səfəvi sarayında hamının türk dilində danışması, xüsusilə, orduda bu dilin geniş yayılması barədə Avropa səyyahlarının yazdıqları əsassız deyil.[55] Səfəvilər sülaləsi mənşə etibarilə türk idi.[56] Onlar öz ana dillərini unutmamış, hakimiyyətə çatdıqdan sonra da özləri bu dildə ünsiyyət qurmaqla onu yaşatmış və öz əhatələrində də bu dilin hakim mövqeyini qoruyub saxlamışlar.[57]
Səfəvi adı Şah İsmayılın babası Şeyx Səfiəddindən gəlir. Şeyx Səfiəddin Gilandakı Şeyx Zahid Gilaninin tələbəsi olmuş və o öldükdən sonra zahidiyyə təriqətini səfəviyyə təriqətinə çevirmişdi.[58] Şeyx Heydər dövründə onun müridləri qızılbaş adlanmağa başladı. Buna səbəb onların Qızılbaş, Şiə olduqlarını bildirmək üçün başlarına 12 zolaqlı qırmızı çalma qoymaları idi.[59][60] İsgəndər bəy Münşi yazır:
"Sultan [Heydər] bu yuxunu gördükdən sonra başına şadimanlıq papağı qoyub o vaxtlarda dəbdə olan "Türkman papağı"nı on iki zolaqlı "Heydər papağı" ("tərəke-Heydəri") ilə əvəz etdi. Onun arxasınca gedən və ona itaət edən adamlar da o həzrətin əqidəsinə tabe (eqteda) oldular və bu xanədanın bütün üzvləri həmin dəyərli papağı başlarına qoymaqla başqa adamlardan seçildilər. Elə buna görə də, o şanşöhrətli adamlar "qızılbaş" ifadəsi ilə məşhur oldular."[61]1447-ci ildə təriqətin başcısı Şeyx Cüneyd Anadoluya gələrək bölgədəki türk tayfalarını ətrafına toplamağa başlamışdı.[62] Qaraqoyunlular ilə müharibə halında olan Ağqoyunlu Uzun Həsənin yanına gedən Cüneyd onun bacısı Xədicə bəyim ilə evlənmişdi.[63] Bu evlilik ilə Uzun Həsən, Cüneyd'in türkmanlar üzərindəki nüfuzundan istifadə etməyi düşünürdü. 1460-cı ətrafına topladığı orduyla Şirvanşahlara hücum edən Cüneyd döyüşdə öldürülür.[64][65][66] Yerinə keçən oğlu Şeyx Heydər Ağqoyunlularla əlaqələri daha da möhkəmləndirmək üçün dayısı Uzun Həsənin qızı Aləmşah bəyimlə evləndi. Şeyx Heydər də atası kimi Şirvan Dağıstana hücum edir. 1483 və 1487-ci illərdə onun bu ərazilərə hücumu nəticəsində böyük qənimətlə əldə edilir. Bu qələbələr Ağqoyunlu Sultan Yaqubu qorxuya salır və Şeyx Heydərin 1488-ci ildəki 3-cü hücumu zamanı Dağıstana Süleyman bəy Bicanoğlunun komandanlığı altında qoşun göndərir. Qoşun Şirvanşah Fərrux Yasar -ın qoşunu ilə birləşərək Samurçay sahilində Şeyx Heydərin qüvvələrini məğlub edir. Şeyxin özü isə öldürülür.[67][68][69] Sultan Yaqub Şeyx Heydərin 3 oğlunu;Sultanəlini, İbrahimi və İsmayılı əsir alaraq İstəxr qalasında həbs etdirir.[70] Onlar yalnız Sultan Yaqub öldükdən sonra, növbəti Ağqoyunlu hökmdarı Rüstəm tərəfindən əsirlikdən qurtulurlar. Sultanəli Səfəvi Şeyxi seçilir. 1493-cü ildə Ağqoyunlu Rüstəm Mirzə Baysunqura qarşı Qızılbaşlardan istifadə etmək qərarına gəlir Sultanəli öz qoşunu ilə Rüstəmin tərəfində vuruşur. Döyüşdə Baysunqur öldürülür. Sultanəlinin qüvvətlənməsindən qorxan Rüstəm Mirzə onun üstünə 5 min süvari göndərir. Ərdəbil yaxınlığında Şəməsidə baş verən döyüşdə Sultanəli öldürülür.[71] Bu döyüşdən öncə keçirilən yığıncaqda Sultanəli qardaşı İsmayılı özündən sonra səfəvilərin rəhbəri elan edir. Sədaqətli qızılbaşlar şeyx İsmayılı və qardaşı İbrahimi Ərdəbildə gizlədir.[72][73] Onları Rəştə,[74] daha sonra isə Lahicana, Gilanın Biyepiş vilayətinin hakimi Gərkiyə Mirzə Əlinin yanına gətirirlər.[75][76]
Şeyx Səfiəddin Ərdəbilinin etnik mənşəyi məsələsi indiyədək tarixçilər arasında mübahisə mövzusu olmuşdur. Bu məsələni aydınlaşdırmağın mürəkkəbliyi onunla ələqədardır ki, Səfəvilərin uzaq əcdadları barədə məlumatları özündə əks etdirən yeganə mənbə İbn Bəzzazın(Təvəkkül ibn İsmayıl ibn Bəzzazın) "Səfvət əs–Səfa" ("Saflığın saflığı") adlı agioqrafik əsəridir. Səfəvi tarixçilər Şeyx Səfiəddini yeddinci şiə imamı İmam Museyi-Kazımın 21-ci nəslindən hesab edirdilər, lakin Əhməd Kəsrəvi "Səfvət əs–Səfa" əsərinin müqayisəli tədqiqi ilə məşğul olmuş və belə bir nəticəyə gəlmişdir ki, Səfəvilərin əcdadları heç də seyidlər, (Məhəmməd peyğəmbərin) nəslindən olanlar deyillər və onların nəsil şəcərəsini sonralar Səfəvi tarixşünasları uydurmuş və İbn Bəzzazın əsərinin mətninə daxil etmişlər.[77] Əhməd Kəsrəvi Şeyx Səfinin ərəblərlə əlaqəsinin olmadığını sübut etdikdən sonra onu türk də hesab etmir və kürd mənşəli olduğunu söyləyir. Digər İran müəllifləri onun Səfəvilərin kürd mənşəli olduğu barədəki ehtimalını şəksiz həqiqət kimi qələmə verir və bununla da bütün Səfəvilər sülaləsini iranlılaşdırmağa səy göstərirlər. Bəzi Avropa müəllifləri də bu fikri müdafiə edirlər. Türk müəllifi Zəki Vəlidi Toqan da Səfəvilərin mənşəyinə həsr olunmuş məqaləsində onların kürd mənşəli olduğunu əsaslandırmağa cəhd göstərir, "kürd əsilli şeyxin" nəslinin sonradan "tamamilə türkləşdiyini" yazır.[78]
Lakin V. V. Bartoldun sülalənin türk mənşəli olması barədə söylədiyi fikir daha mötəbərdir və mənbə məlumatları ilə təsdiq edilir. Alim bu sülalənin eponimi və banisi Şeyx Səfiəddin və onun nəslindən bəhs edərkən göstərirdi ki, "bu Ərdəbil şeyxləri, şübhəsiz, fars deyil, türk mənşəlidirlər."[79] İ. P. Petruşevski də eyni fikri söyləmişdir: "İlk Səfəvi şeyxləri Ərdəbildə yaşamışlar, onların doğma dili Azərbaycan dili (Azərbaycan türk dili – tarixçi Nazim Xəlilov.) olmuşdur."[80][81] Hanna Sohrveydə görə "Səfvət əs-Səfa" əsərində hamı Səfiyə türk kimi müraciət edir: "Ey piri-türk" (ey türk müqəddəsi), "türk gənci", "türk oğlu" və bu səbəbdən də onun türk olduğu şübhə doğurmur.[82] M. Abbaslı Şeyx Səfiəddinin türk mənşəli olması haqda zəngin material toplamışdır.
İndi də Səfəvilər sülaləsinin nümayəndələri dünyanın hər yanına yayılmışdır. Bu dövlətlərə İran, Azərbaycan, Pakistan, Türkiyə və s. nümunə göstərmək olar. Ən çox tanınan xanədan üzvləri isə Azərbaycan Respublikası cənub bölgəsində yerləşən Cəlilabad rayon ərazisində yaşayırlar.
Səfəvilər sülaləsinin əzəldən kürd, yaxud İran mənşəli olması haqqındakı ehtimal daha mötəbər mənbələrin məlumatlarına əsaslanmır. Həm də Şeyx Səfiəddinin türk etnosuna mənsub olması, çətin ki, şübhə doğura bilər.[83]
Səfəvilər dövlətinin Azərbaycan dövləti olduğuna dair daha bir sübut verilən fərmanların və diplomatik yazışmaların Azərbaycan dilində olmasıdır. Buna sübut olaraq tapılmış əsl sənədləri göstərmək olar:
- Şah İsmayılın Musa Durgutoğluna fərmanı;[84]
- Şah Təhmasibin II Sultan Səlimə məktubu;[85]
- Osmanlı sultanı Süleyman Qanuninin I Şah Təhmasibə məktubu;[86]
- I Şah Təhmasibin Zeynalabidin Əli Əbdi bəyin "Təkmilatül-əxbar" əsərinin yazılması haqqında fərmanı;[87]
- Şah Məhəmməd Xudabəndənin Osmanlı sultanı III Sultan Muradın sərkərdəsi Fərhad Paşaya məktubu;[88]
- I Şah Abbasın III Sultan Muradın sərkərdəsi Fərhad Paşaya məktubu;[89]
- I Şah Səfinin Avstriya imperatoru və Macarıstan kralı II Ferdinanda məktubu;[90]
- I Şah Səfinin Rusiya çarı Mixail Romanova məktubu;[91]
- II Şah Abbasın Şirvan bəylərbəyisi Hacı Mənuçöhr xana məktubu;[92]
- Şah Sultan Hüseynin Sakson şahzadəsi və Polşa kralı Frixdrix Avqusta məktubu;[93]
Dövlətin əsasının qoyulması
I Şah İsmayıl
Əsas məqalələr: Cabanı döyüşü və Bakının mühasirəsi (1501)
1499-cu ilin avqustunda Şeyx Heydərin 13 yaşlı oğlu İsmayıl Lahicandan Ərdəbilə yola düşür.[94] Bu zaman onu yeddi nəfərdən ibarət ən yaxın şəxslər müşayiət edirdi; Hüseyn bəy Lələ Şamlı, Əbdüləli bəy Dədə (Dədə bəy), Xadim bəy Xüləfa, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı, İlyas bəy Ayğut oğlu Xunuslu və Qarapiri bəy Qacar. Onlar Deyləmdən keçib Gilana, Taroma gəldilər. Taromda sayı 1500 nəfərə çatmış qızılbaş qüvvələrinə baxış keçirildi. Yerli hakim Əmir Hüsaməddindən ehtiyat edən İsmayıl Taromu tərk edir. Birbaşa Ərdəbilə gəlməyib, cənuba və cənub-qərbə doğru — Xalxal tərəfə dolama yolla kiçik bir dövrə vurulur. Qış Astarada, Ərcivanda keçirilir.[95] Qızılbaş rəhbərlərinin müşavirəsində Anadoluya, Ərzincana hərəkət etmək qərarı verilir. Ərzincanda İsmayılın bayraqları altında türkdilli şamlı, ustaclı, rumlu, təkəli, zülqədər, əfşar, qacar, varsağ tayfalarından, həmçinin "Qaradağ sufilərindən" ibarət 7000 qazi toplanır.[96]
Burada keçirilmiş qızılbaş ağsaqqallarının müşavirəsində qərara alınır ki, təxirə salmadan mövcud qüvvələrlə başlıca zərbə Səfəvilərin qəddar düşməni olan Şirvanşah Fərrux Yəsara qarşı yönəldilməlidir.[97][98][99][100] I Şah İsmayıl 1500-cü ildə ordusu ilə Şirvanşah hökmdarı Fərrux Yasarın üzərinə hücuma keçir. Gülüstan qalası yaxınlığındakı Cabanı düzündə baş vermiş Cabanı döyüşündə Şirvanşahlar məğlub edilir və I Fərrux Yasar öldürülür.[101][102] Səfəvilər Şirvanşahlar dövlətini özlərindən asılı vəziyyətə salır. Ələ keçirilmiş qənimət qızılbaşlar arasında bölüşdürülür. İsmayıl üç gün döyüş meydanında qalır, sonra isə Şamaxıya qayıdır[103] və şəhər əyanları tərəfindən ehtiramla qarşılanır.[104] Sonra İsmayıl Mahmudabada gedərək 1500/1501-ci ilin qışını orada keçirir.[105] Məhəmməd bəy Ustaclı və İlyas bəy Xunuslu isə Şirvanşahların ikinci əsas şəhəri Bakını tutmaq üçün göndərilir. Qalanı ələ keçirmək üçün sərkərdələrinin göstərdiyi cəhdlərin müvəffəqiyyətsizliyini görən İsmayıl 1501-ci il yazın əvvəlində özünün başlıca qüvvələri ilə Mahmudabaddan Bakıya hərəkət edir.[106] Qalanın müdafiəsinə Fərrux Yasarın oğlu olan Qazı bəyin arvadı başçılıq edirdi.[105][106][107] Bakı tutulur və qənimət qızılbaşlar arasında bölüşdürülür.[108][109] Səfəvilərin Cabanı döyüşündə darmadağın etdiyi Şirvanşahlar qoşunun bir hissəsi Gülüstan, Buğurt və Surxab qalalarında müqavimət göstərməkdə davam edirdi. Buna görə də İsmayıl Bakını tutduqdan sonra Gülüstan qalasına doğru hərəkət edir. Gülüstan mühasirədə olarkən Təbrizdən Musa xəlidənin göndərdiyi çapar gəlib xəbər gətirir ki, Əlvənd Mirzə (Abdul Müzəffər Nur Əhməd) böyük bir qoşunla paytaxtdan (Təbriz) çıxmışdır O, Şirvanşah qoşunlarının qalıqları ilə birləşmək və qızılbaşlarla vuruşmaq üçün Şirvana hərəkət edir.[110] Bu səbəbdən qızılbaşlar Gülüstan qalasının mühasirəsini dayandıraraq Naxçıvana doğru hərəkət edirlər. Bu hadisə Tarix-i Şah İsmayıl əsərində bu cür təsvir olunur:
... [ İsmayıl ] dövlətin sütunlarını- Hüseyn bəy Lələni, Məhəmməd bəy Ustaclını, Əbdi bəy Şamlını, Xadim bəy Xüləfanı, Qarapiri bəy Qacarı yanına cağırdı və onlardan soruşdu: " Siz Azərbaycan taxtgahını, yoxsa Gülüstan qalasını istəyirsiniz? " Onlar cavab verdilər: "Azərbaycanı!" [111]1501-ci ildə Şərur döyüşündə Əlvənd Mirzə də məğlubiyyətə uğradılır.[112][113] Əlvənd Mirzənin də məğlub edilməsi ilə 2 əsas təhlükəni sovuşduran İsmayıl 1501-ci ildə Təbrizə daxil olub özünü şah elan edir.[114][115][116][117]
Dövlətin yüksəlişi
Azərbaycan XVII əsrdə[118]
1503-cü ildə I Şah İsmayıl Ağqoyunlu hökmdarı Murada onun hakimiyyətini tanımağa və tanıdığı təqdirdə İraqi Əcəmin bir hissəsini ona təklif etdi. Murad təklifi qəbul etmədi. Bundan sonra Səfəvi qoşunu 12 minlik orduyla Həmədana doğru irəlilədi. 21 iyun 1503-cü idə Səfəvi və Ağqoyunlu qoşunları arasında Həmədan yaxınlığında Almabulağı(Almaqulağı) deyilən yerdə Almabulağı döyüşü baş verdi. Döyüşdə Səfəvilər qalib gəldi.[119][120] İsgəndər bəy Münşi Türkman yazır:
"Doqquz yüz səkkizinci il zilhiccə ayının iyirmi dördü (1503, 21 iyun) şənbə günü Həmədanın Alma bulağı adlı yerində onların arasında böyük hərb oldu. Süleyman şanlı xaqanın(Şah İsmayılın) heydəri qol gücü və isnaəşəri dövlət günəşinin xoşbəxt doğuşuna görə o, müqayisəsiz ləşkərə qalib gələrək, həmin mərəkədə Türkman(Ağqoyunlu) döyüşçülərinin kələyini kəsdi. Süleyman şanlı xaqanın həmişə "Namurad" adlandırdığı Sultan Murad, eləcə adlandırıldığına uyğun olaraq, bəxti dönük və muradsız halda (namurad) fərar yoluna düşüb(məğlub olub) Şiraza getdi. Bu döyüşdə müzəffər əsgərlərin əlinə bol qənimət çatdı, atlar və hər diyardan toplanılan saysız-hesabsız başqa mallar keçdi, Süleyman şanlı xaqan ətraf yerlərə fəthnamələr göndərdi."[121]Ağqoyunlu hökmdarı Sultan Murad isə qaçdı.[122][123] Bundan sonra qızılbaşlar həmin ildə müqavimətsiz Şiraz,[123][124] Qum, Kaşan və İsfahanı, 1504-cü ildə isə Gülxəndan, Firuzguh, Usta qalaları, Yəzd,[125][126] və Kirmanı, 1506-cı ildə, Diyarbəkiri və Maraş[120] ələ keçirdilər. Bunun ardınca Şah İsmayıl öz qoşunu ilə birgə Qərbə doğru hərəkət etməyə başladı və 1507-ci ildə Van və Ərzincanı, 1508-ci ildə isə ərəb İraqını tutdu.[120][127]İsmayılın qərbdə hərbi əməliyyatlar keçirməsindən istifadə edən Şeybanilər dövlətinin hökmdarı Məhəmməd 1507–1508-ci illərdə Teymurilər dövlətinə son qoyub Xorasanı işğal etdi və Kirmana dağıdıcı yürşülər etdi. Şah İsmayıl Məhəmməd xan Şeybaninin yanına iki dəfə elçi göndərdi, onu yürüşləri dayandırmağa çağırdı. Məhəmməd xan Şeybani Şah İsmayıla cavab məktubunda tələb edirdi ki, o, xanın adını məscidlərdəki xütbələrə və kəsilən sikkələrin üzərinə əlavə etməlidir. Məhəmməd xan Şeybani yazırdı ki, dərvişlər və onların övladları dövlət idarəsi ilə deyil, ibadətlə məşğul olmalıdırlar. I Şah İsmayıl cavab məktubunda qeyd edirdi ki, o, Məşhəddəki səkkizinci imam İmam Rza məqbərəsini bir "dərviş" kimi ziyarət etmək niyyətindədir və bunun üçün Xorasana qoşunla gələcək
I Şah İsmayıl 1510-cu ildə Xorasana doğru hərəkət etdi. Şeybani xan Heratdan Mərvə çəkildi.[128] 2 dekabr 1510-cu ildə baş vermiş Mərv döyüşündə Məhəmməd xan Şeybanini məğlub edərək Xorasan vilayəti və Ceyhun çayına qədər uzanan torpaqları ələ keçirdi.[129][130] Döyüş zamanı Məhəmməd xan Şeybani öldürüldü.[131] Daha sonra Anadoluya dönən İsmayıl Ağqoyunlular dövründə onlara tabe olan Şərqi Anadolunu ələ keçirmək üçün hərəkətə keçdi. 1512-ci ildə Qaraman və Malatyanı tabe edən şah daha sonra Təbrizə döndü.
Səfəvi-Şirvanşahlar əlaqələri
Şah İsmayıl və Şirvanşah Fərrux Yasar arasında döyüş , 1541-ci ilə aid rəsm
Osmanlılar ilə müharibədə yaranmış fasilədən istifadə edən I Şah Təhmasib Şirvanı öz dövlətinə birləşdirdi. Şirvanşah II İbrahim Şeyxşahın üç oğlu qalmışdı: Sultan Xəlil, Məhəmməd Mirzə və Müzəffər Mirzə.[132] Şirvan taxtı Şeyxşahın böyük oğlu Sultan Xəlilə, yaxud onun rəsmi adı ilə deyilərsə, II Xəlilullaha keçdi.
II Xəlilüllah bundan əvvəl qızılbaşlar tərəfindən darmadağın edilmiş Gilan Biyəpəs hakimi Əmire Dubaca[133][134] Şamaxı sarayında sığınacaq vermişdi. Şahın elçiləri Şamaxıya gələrək qaçqının təslim olunmasını tələb etmişdi.[135] Lakin II Xəlilullah rədd cavabı vermişdi. Həmçinin məlumatlar vardır ki, bu şirvanşah 1534-cü ildə Təbrizi tutmuş Osmanlı sərkərdəsi İbrahim paşaya qiymətli hədiyyələr göndərmişdi.[136]
1535-ciildə II Xəlilüllahın vəfat etməsi ilə Şirvan taxtı varissiz qalmışdı. Buna görə də Şirvan əyanları II Xəlilullahın qardaşı oğlu Şahruxu qaldığı "Şamxal ölkəsindən" dərhal paytaxta- Şamaxıya gətirdilər və taxta oturtdular.[137]
Lakin ölkədə hakimiyyət azyaşlı Şahruxun adndan fəaliyyət göstərən Hüseyn bəy adlı vəkilin başçılıq etdiyi Şirvan əyanlarının əlində cəmlənmişdi. Feodal əyanlarının özbaşınalığı baş alıb gedirdi. İsgəndər bəy Münşi göstərir ki, Şirvanda "qayda qanundan əsər qamamışdı, iğtişaşlar və asayişin pozulması bu ölkədə adi hal aldı."[138]
Bu vaxt Mahmudabaddan və Salyandan Qələndər çıxış etməyə başladı və üsyançı dəstəylə birlikdə Şirvanın paytaxtına hərəkət etdi. Əmirlər arasında birliyin olmaması və qoşundakı çəkişmələr, Şirvan əyanlarını Şamaxı sarayını Qələndərə müqavimət göstərmədən təslim etməyə və alınmaz sayılan Buğurt qalasında gizlənməyə məcbur etdi. Üsyançılar müqavimətə rast gəlməyərək Şamaxını ələ keçirdilər, lakin aydın məqsədləri, möhkəm rəhbərliyi olmadığı üçün onlar öz hakimiyyətlərini təşkil edə bilmədilər və buna görə də şəhərdə 40 gündən ertıq qala bilmədilər".[139] Qələndərin geri çəkilməsi xəbəri Buğurda çatanda Şirvan əyanları Şahruxla bərabər qaladan çıxdılar və üsyançıları təqib etməyə başladılar. Şahrux Salyandan bir qədər aralıda Qələndərə çatdı. Baş vermiş döyüşdə üsyançılar darmadağın edildilər.[140][141]
Qələndərin üsyanı yatırıldıqdan sonra Şirvanda baş verən feodal dağınıqlığı haqqında I Şah Təhmasibə xəbər çatdı.[142] Qorçubaşı Padar adlı hərbçi dəstə ilə Şirvandan Təbrizə gəldi, kömək üçün I Təhmasibə müraciət etdi və onu ölkədə "asayişi" bərpa etməyə çağırdı. 1538-ci ilin yayında, şahın qardaşı Əlqas Mirzə 20 minlik ordu, həmçinin Qarabağ və Muğanın qoşun dəstələri ilə Şirvana daxil oldu.[143] "Həmin ölkədə bütün giriş və çıxışlara yaxşı bələd olan" adı çəkilən Padar ordunu müşayiət edirdi. Surxab, Qorci qalaları, habelə Qəbələ tutuldu. Sonra qızılbaşlar Gülüstan və Buğurt qalalarına hərəkət etdilər. Şirvan əyanları Buğurt qalasına sığındılar. Buğurd (yaxud Qəle-yi Buğurd) Hürşahın məlumatına görə, "böyük və meşələrlə əhatə olunmuş dağda yerləşirdi".[144] Ərzaq çatışmazlığından və xəstəliklərdən əziyyət çəkən qala sakinlərinin ağır vəziyyətinə baxmayaraq, Buğurdun mühasirəsi bir neçə ay çəkdi. Müdafiəçilərin mətinliyi xəbəri şaha gəlib çatdı və o, böyük qoşunla qala divarlarına yaxınlaşdı. İndi qızılbaş qoşunlarının da malik olduğu toplar işə salındı və qalanın müdafiəçiləri müqaviməti dayandırdılar. Onlar qaliblərin mərhəmətinə tabe oldular. Qəle-yi Buğurd şirvanlıların ənənəvi olaraq xəzinə saxlanılan anbarı idi və Hürşahın söylədiyinə görə, orada saxlanılan pulun, qiymətli daş-qaşın və malların sayı-hesabı yox idi. I Şah Təhmasib bütün bunları şəxsən müsadirə etdi.[145][146]
Səfəvilər dövlətinin bəylərbəyliklərindən biri kimi onun tərkibinə daxil oldu. Şahın qardaçı Əlqas Mirzə Şirvanın birinci bəylərbəyi oldu. Şirvan əyanları hələ uzun müddət baş vermiş bu gerçəkliklə və imtiyazlarının itirilməsi ilə barışa bilmirdilər. Sülalənin ayrı-ayrı nəsillərinin itirilmiş səltənəyi bərpa etmək səyləri sonralar, Azərbaycanı ələ keçirməyə cəhd göstərən Osmanlı sultanları tərəfindən istifadə olunmuşdu. Şirvanın Azərbaycan Səfəvilər dövlətinin tərkibinə daxil olması Azərbaycan xalqının tarixində obyektiv olaraq müsbət rol oynadı. Ölkənin cənub və şimal vilayətlərinin Azərbaycan Səfəvilər dövlətinin hüdudlarında birləşməsi Azərbaycanın sonrakı iqtisadi və mədəni yüksəlişinə şərait yaratdı.[147]
Səfəvi-Şeybani əlaqələri
Mərv döyüşü
XVI əsrin əvvəlində Şeybanilər bütün Xorasanı ələ keçirməyə can atdılar, lakin onun yalnız Bəlx vilayətində kifayət qədər möhkəmlənə bildilər. O zamankı Xorasanın qalan üç vilayəti- Herat, Məşhəd və Mərv yenə də Səfəvilərin hakimiyyəti altında qaldı.[148]
Orta Asiyanın sünni ruhaniləri şiələrə münasibətdə bütün vasitələrlə dini fanatizmi qızışdırır və Səfəvilər dövləti ilə mübarizədə Şeybaniləri hər cəhətdən müdafiə edirdilər. Şeybanilər Xorasanda hökmdarlıq uğrunda qızılbaşlarla mübarizəni "dönüklərə – şiələrə" qarşı "müqəddəs müharibə" şüarı altında aparırdılar.[149][150]
I Şah İsmayılın vəfatından və qızılbaş tayfalarının ara müharibələri ilə əlaqədar olaraq ölkədəki qarışıqlıqlardan istifadə edənn Şeybani xanın oğlu və varisi Übeydulla xan Xorasan üzərinə dəfələrlə basqınlar etdi. Özbəklərin hücumları demək olar ki, hər il təkrar olunurdu. "Qiyamçı qızılbaşlar kütləsinə" qarşı ittifaq yaratmış Osmanlılar və özbəklərlə eyni vaxtda mübarizə aparmaq Səfəvilər dövləti üçün çətin idi. Hicri 930 (1524)-cu ildə Übeydulla Herata hərəkət etdi, lakin Xorasan bəylərbəyi Durmuş xan Şamlının qoşunları ilə toqquşaraq geri döndü.[151]
Hicri 932 (1526)-ci ildə Durmuş xanın vəfatından sonra Xorasandakı qarışıqlıqdan istifadə edən özbəklər Amudəryanı keçərək Tus şəhərini mühasirəyə aldılar və onu tutdular.[152] Hicri 933 (1527)-cü ildə qızılbaşlar Bəstam yaxınlığında yenidən məğlubiyyətə uğradılar. Özbəklər Astrabadı tutdular.[153]
Hicri 934 (1527–1528)-cü ildə Übeydulla Xorasanın paytaxtı Heratı mühasirəyə aldı O, ancaq yeddi ay keçdikdən sonra şah ordusunun yaxınlaşma alaraq mühasirəni aradan qaldırdı.[154]
Güman edilir ki, ən böyük toqquşma hicri 935 (1528)-ci ildə Cam vilayətində, Sarıqamış adlı yeri yaxınlığında baş verdi.[155] Vuruşmanın miqyası haqqında buna əsasən mühakimə yürütmək olar ki, Übeydulla öz qüvvələrini "Mavəraünnəhr, Qaşqar, Türkistan, Əndican, Otrar, Seyran, Kabil, Turfan, Qılman, Qazax, Qıpçaq və Qırğız çöllərindən" elə bir sayda toplamışdı ki, "Çingiz xan dövründən indiyə kimi Amudəryanı belə çoxsaylı qoşun keçməmişdi".[156] Döyüşün əvvəlində qızılbaş ordusunun cinahları özbəklərin hücumuna tab gətirməyərək geri çəkilmişdilər, lakin I Şah Təhmasibin yerləşdiyi mərkəzi cəbhə möhkəm dayanmışdı. Qızılbaşlar döyüşə yeni qüvvələr cəlb etməklə özbək qoşununu məğlubiyyətə uğratdılar. Übeydulla qaçaraq güclə canını qurtardı, lakin şah Bağdada Zülfüqar xanın qiyamını yatırmağa getdikdən sonra Übeydulla xan əvvəlcə Məşhədi, sonra isə Heratı tutdu.[157]
Hicri 936 (1529-cu ilin sonu) cı ildə 70 minlik şah qoşunu yenidən Xorasanı tutdu. Şah Heratda qardaşı Bəhram Mirzəni lələsi Qazi xan Təkəli ilə Xorasan hakimi kimi təsdiq etdi. Bütün yerlərə qızılbaş hakimləri təyin edildilər.[158][159]
Hicri 938 (1531)-ci ildə Übeydulla Xorasan üzərinə yeni yürüş təşkil etdi. Özbəklər Məşhədi tutub Heratı mühasirəyə aldılar. Şəhərin mühasirəsi il yarım davam etdi. Qalada ərzaq ehtiyatları tükəndi. Qazi xan şəhər sakinlərini qaladan çıxardı ki, onların hesabına qoşun davam gətirsin. "Təkəli tayfası bu qarışıqlıqlar zamanı yoxsul rəiyyəti sıxışdırdı və onlara zülm etdi".[160]
Şəhərdən çıxarılan hər ailədən üç yüz Təbriz dinarı alırdılar. Şəhəri tərk edən sakinlərin evləri qızılbaşlar tərəfindən qarət edilirdi. Heratda dəhşətli aclıq baş verdi.1532-ci ilin sonunda özbəklər şahın yürüşü xəbərini alıb Heratın mühasirəsindən əl çəkdilər.[161]
Xorasan ərazisində ardı-arası kəsilməyən müharibələr nəticəsində yerli əhali tamamilə dilənçi vəziyyətinə düşdü. Xalq həm özbək qoşunlarının əsarətindən, həm də bəzi qızılbaş əyalət hakimlərinin zülm və özbaşınalığından eyni dərəcədə əziyyət çəkirdi.[162] Übeydulla xan şəhərdən geri çəkildikdən sonra Herata daxil olan şah, Heratın özbəklər tərəfindən mühasirəsi zamanı xalqı incitdiklərinə görə Xorasan hakimi Qazi xanı və onun köməkçilərini vəzifədən kənar etməyə məcbur olmuşdu. Xəzinədən "yoxsullara" və "zəiflərə" pul paylandı. Ağzıvar xan Şamlı eyni zamanda vilayətin nominal hakimi şahzadə Sam Mirzənin atabəyi(lələsi) yerini tutmaqla Xorasan hakimi təyin olundu.[163][164]
Qərbdən Osmanlı imperiyasının hücumu və Xorasandakı qarışıqlıqlarla əlaqədar olaraq Səfəvilər dövlətinin düşmüş olduğu ağır vəziyyət Orta Asiya hökmdarlarını, xüsusilə də Übeydulla xanı yeni, fəal əməliyyat kaçməyə həvəsləndirdi. Onların göndərdikləri iki dəstə Xorasana soxuldu, lakin Məşhədin qızılbaş hakimi Sufiyan Xəlifə Rumlu tərəfindən darmadağın edildi. Bunun ardınca Gərcistan hakimi Bayramoğlan Herat ərazisinə soxuldu. Müqavimət göstərmək üçün kifayət qədər qüvvələri olmayan Herat hakimləri şəhərin və ətraf ərazilərin sakinlərindənn icbari qaydada qoşun topladılar. Heratın 80 yaşlı hakimi Xəlifə sultan Şamlının başçılıq etdiyi bu qoşun İsfizar ərazisində, hicri 941-ci il zülqədərin 19-u (1535-ci ilin mayın 22-də) özbəklər tərəfindən darmadağın edildi.[165][166]
Hakimsiz və qoşunsuz qalan heratlıların kömək üçün müraciət etdikləri Məşhəd hakimi Sufiyan Xəlifə Rumlu qoşunla Herata gəldi. O, özünün zülm və qarətləri ilə əhalini "ağır günə" qoydu.
Hicri 942-ci il ramazanın 18 (1536-cı il martın 11)-də Übeydulla xan böyük qoşunla Herata yaxınlaşıb onu mühasirəyə aldı. Özbəklər yalnız beş aydan sonra hicri 943-cü il səəfrin 27 (1536-cı il avqustun 15)-də şəhərə girə bildilər və qısa toqquşmadan sonra onu ələ keçirdilər. Xızır Çələbinin öz ailəsi və yaxın adamları ilə sığındığı məşhur Herat qalası olan İxtiyarəddin də bir qədər sonra hiylə ilə alındı.[167][168] Bu dəfə Übeydulla Heratda bir ildən artıq qaldı. Hicri 943-cü il şabanın 17 (1537-ci il yanvarın 29)-də I Şah Təhmasibin başçılığı ilə Xorasana gəlmiş böyük qızılbaş ordusu ilə toqquşmaqdan çəkinən özbəklər Heratı tərk edərək Buxaraya qayıtdılar və şəhər yenidənn qızılbaş əmirlərinin hakimiyyəti altına keçdi.[169][170]
Beləliklə, Übeydulla xanın Xorasana yürüşləri bir nəticə vermədi. Səfəvilər bu mühüm vilayəti öz əllərində saxlayaraq özbəklərin bütün basqınlarını dəf etdilər. Deməli, Səfəvilər dövlətinin qərb cəbhəsində Osmanlılar qarşı olduğu kimi, özbəklər əleyhinə də hərbi əməliyyatları müdafiə xarakteri daşıyırdı.[171]
1550-ci ildə Astrabad ərazisində türkmən mənşəli yaka tayfasının mərkəzi hakimiyyətə qarşı üsyanı Səfəvilərin bu basqınlarla mübarizəsini mürəkkəbləşdirmişdi. Üsyana əyan ailəsindən olan Aba adlı gənc rəhbərlik edirdi. O, şah qoşunları ilə mübarizədə kömək üçün özbək xanlarına dəfələrlə müraciət etmiş və onların qoşunları köməyə gəlmişdilər. Yalnız 1558-ci ildə üsyan yatırıldı.
I Şah Abbasın Səfəvi taxtına oturduğu dövrdə Səfəvilər dövləti xarici basqınlar və daxili çaxnaşmalar üzündən sarsılmışdı. Qərbdə osmanlılar, şərqdə özbəklər və daxildə Qızılbaş əmirləri arasındaki anlaşılmazlıqlar Səfəvi dövlətini çətin vəziyyətdə qoymuşdur.
Bundan istifadə edən Özbək xanı Abdullah 1588-ci ildə Heratı ələ keçirdi. Özbəklər şəhərə daxil olan kimi əhalini qırmış[172] və şəhəri talan etmişdilər.[173] Əmir Gökəltaşı şəhərə hakim təyin edən Abdullah xan Məşhədə doğru hərəkət etdi, lakin şəhəri tuta bilmədi və geri çəkildi.[174]
9 aprel 1588-ci ildə I Şah Abbas Heratı Şeybanilərindən geri almaqdan ötrü 12.000 orduyla Xorasana üz tutdu.[175] Yolda olarkən Şah Abbasa osmanlıların Gəncəni tutduqları və Həmədana doğru irəlilədikləri xəbəri çatdı. Bu səbəbdən, şah Heratın mühasirəsini yarımçıq qoyaraq Qəzvinə geri döndü.[176] Şah Abbasın geri dönməsindən istifadə edən Şeybanilər 1589-cu ildə Məşhədi[177][178] daha sonra isə İsfərayin qalasını tutdular.[179]
1590-cı ildə Osmanlılarla-Səfəvilər arasında sülh müqaviləsi imzalandıqdan sonra Səfəvilərin Şeybanilərlə mübarizəsi asanlaşdı.[180]
8 fevral 1598-ci ildə Abdullah xanın xəstələnib ölməsi Səfəvilər üçün əlverişli vəziyyət yaratmışdı, Şah Abbas 9 iyul 1598-ci ildə İsfahandan Xorasana doğru yola düşdü. Səfəvi ordusu Astrabadı ələ keçirdi, Nişapur əhalisi şahın yaxınlaşmasından xəbər tutub Şeybanilərə qarşı qiyam qaldırdılar. Şah Abbas Məhəmməd sultan Bayatı Nişapur hakimi təyin etdi. Fərhad xanı əsas qüvvələrlə Məşhədə göndərən şah 29 iyul 1598-ci ildə şəhərə daxil oldu.[181] Ancaq hələ də Xorasanın əsas şəhərlərindən biri olan Herat özbəklərin əlində idi. Şeybanilərlə Səfəvilər arasında həlledici döyüş Herat şəhəri yaxınlığında baş verdi. Bu döyüşdü Səfəvi ordusunun sayı 10–15 min özbəklər isə 20 min idilər.[182][183]
İki ordu da türklərdən ibarət olduğu üçün döyüşün çətin keçəcəyi hər iki tərəfə məlum idi. Döyüş əsnasında Şeybani xanı Dinməhəmməd xanın ox zərbəsindən ölməsi Şeybani ordusunu təlaşa saldı, özbəklər pərakəndə hala düşərək ağır məğlubiyyətə uğradılar.[184] Herat hakimliyinə Hüseyn xan Şamlı təyin edildi.[185]
Şah Abbas Şeybaniləri cəzalandırmaq üçün yürüşü davam etdirərək Əbivərd, Nisa, Bağbad, Dərun, Mərv şəhərlərini tutdu. 1601-ci ildə Bəlx ələ keçirildi.[186]
Vəkalət müharibəsi
Əsas məqalə: Vəkalət müharibəsi
Səfəvi-Osmanlı əlaqələri
Əsas məqalə: Səfəvi-Osmanlı əlaqələri
Əsas məqalə: Səfəvi-Osmanlı müharibələri
Çaldıran döyüşü (1514)
1512-ci ildə taxta çıxan I Səlim Avropa dövlətləriylə sülh bağladı və bütün qüvvələrini Azərbaycana qarşı səfərbər etdi.[187] Sultan Səlim Ədirnədə fövqaladə divan çağırdı. Bu divanda sünni üləmaları Qızılbaşları kafir elan etdilər və onlarla müharibənin doğru olduğuna fətva verdilər.[188] Daha sonra I Sultan Səlimin əmriylə Anadoluda 40 minə yaxın qızılbaş qılıncdan keçirildi. 1514-cü ildə Osmanlı ordusu I Səlimin rəhbərliyi ilə Səfəvilərin ərazilərinə daxil oldu, lakin I Şah İsmayıl Osmanlılara qarşı bir başa əməliyyata keçmədi və ordular uzun müddət qarşılaşmadı. 1514-cü ildə Çaldıran düzündə Osmanlı ordusunu qarşıladı . Qızılbaşlar qətiyyətlə Osmanlıların hücumunu dəf edirdilər, lakin Osmanlıların topları və tüfəngləri işə salması döyüşün gedişini dəyişdi. Şahın taktikası pozuldu və Osmanlılar qalib gəldilər. Döyüş nəticəsində Qızılbaşlar məğlub oldular və Osmanlılar Təbrizi tutdular.[189] Ancaq əhalinin müqaviməti və Səfəvi ordusunun toplanması sultanı 6 gün sonra Təbrizi tərk etməyə məcbur etdi. Sultan Şərqi Anadolunu ələ keçirdi və İstanbula döndü. Elə bu vaxt Azərbaycana artilleriya gətirməli olan [mənbə göstərin] Portuqaliya İran körfəzinə hücum etdi və Səfəvilərin Hind okeanına çıxısını bağladı. Şah bəzi qızılbaşları cənuba, portuqaliyalılara qarşı vuruşmağa, Qara xanı isə Diyarbəkiri almağa göndərdi, amma Qara xan 1516-cı ildə Qoçhisarda məğlub olaraq öldürüldü. İsgəndər bəy Münşi yazır:
"Qara xan Durmuşxan Qacarla birlikdə onlarla cəngə başladı, Mardinin yuxarı başındakı ələngdə onların arasında hərb başlandı, Qara xan həmin çoxsaylı qoşuna qalib gəldi. Təqib zamanı təsadüfən bir güllə ona dəydi və atdan yıxılıb öldü. Bu əhvalatdan sonra qızılbaşlar (qızılbaşiyyə) pərakəndə oldular, rumiyyə(Osmanlı) əsgərləri isə alçaldıcı məğlubiyyətdən qalib kimi çıxdılar, xandgardan kömək alıb, Diyarbəkri işğal etdilər, (beləliklə də) qızılbaşlar o vilayətdən əl çəkməli oldular. Bu əhvalat Süleyman şanlı xaqana(Şah İsmayıla) çatdıqda, Qara xana kömək üçün hazırladığı qoşunu xanın vəfatı ilə əlaqədar daha irəli göndərmədi."