Baki
Bakı - Azərbaycan Respublikasının paytaxtı, böyük elmi-mədəni və sənaye mərkəzidir. Bakı qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biridir.
Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi ("İpək Yolu"), iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur.
Bakı haqqında ilk dəfə eramızdan 3500 il əvvəl birinci Misir Faraonu Menesanın dövründə "Ölülər Kitabında" qeyd edilmişdir. Eləcə də Bakının qədim şəhər olmasını Abşeronda və Qobustanda 12 min il tarixi olan daş üzərində yazmalar, arxeoloji tapıntılar, eyni zamanda eramızdan əvvəl I əsrdə Roma imperatoru Pompeyin və Lukullun Zaqafqaziyanın işğalı məqsədilə Bakının ətrafında (40 km cənub istiqamətində) saldıqları hərbi düşərgələr barəsində Avqust Qay Oktavi tərəfindən yazılmış daş yazısı sübutdur. Bu tarixləri nəzərə alsaq, bu gün Bakının 5,5 mindən çox yaşı vardır.
Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. Bakıda tapılmış 5-7 əsrlərə aid Sasani dəfinəsi o dövrdə buranın yaşayış məntəgəsi olduğunu göstərir. 5-6 əsr mənbələrində Bağavan və Atəş-i Baquan adlandırırlar. Ərəb mənbələrində (10 əsr) Bakuyə, Bakuh, Baku, rus məxəzlərində (15 əsr) Baka, Səfəvilər dövrü farsdilli mənbələrdə Badkubə kimi qeyd edilir.
Erkən orta əsrlərdə Bakının iqtisadiyyatının əsasını neft və duz istehsalı, Bakı və Abşeron bölgəsində becərilən boyaqotu və zəfəran təşkil edirdi. Onların həm quru karvan yolları, həm də dənizlə uzaq Şərq ölkələrinə ixracı feodal şəhərinin inkişafının mühüm amili idi. Şirvanın tərkibinə daxil olan Abşeron təbii və təsərrüfat xüsusiyyətləri sayəsində ondan fərqlənən əlahiddə coğrafi, iqtisadi və siyasi vahid idi. Abşeronun iqtisadi və siyasi mərkəzi olan Bakı şəhəri təsərrüfat baxımından onun kəndləri ilə bağlı olub şirvanşahdan vassal asılılığında olan pərakəndə feodal torpaqlarının vahid dairəsini təşkil edirdi.
X əsrin sonunda və XI əsrdə Abbasilər Xilafətinin tənəzzülü ilə əlaqədar bir sıra vilayətlərin və ölkələrin hakimləri, o cümlədən Şirvanşahlar müstəqil hakimiyyət sürməyə başladılar
1859-cu il may ayının 29-30-da baş vermiş güclü zəlzələ nəticəsində Şamaxı şəhəri dağıdıldıqdan sonra Bakı paytaxta çevrilir. Həmin dövrdə şəhər əhalisinin sayı 13 min nəfər təşkil edirdi. Yuxarıda qeyd eydiyimiz amillərin təsiri nəticəsində 1913-cü ildə şəhər əhalisinin sayı artaraq 214 min nəfərə çatmışdır.Neft sənayesının inkişafı ilə əlaqədar olaraq Bakı şəhərində nəqliyyat əlaqələri də formalaşmağa başlamışdır. 1880-ci ildə şəhərdən Sabunçu və Suraxanı mədənlərinə 26 km uzunluğunda və 1883-cü ildə 520 km uzunluğunda Bakı-Tiflis dəmir yolu xətti çəkilmişdir. Nəqliyyat vasitələri ilə yanaşı Bakıda rabitə sahələri də yarandı. 1868 ildə Bakı-Tiflis, 1879 ildı Bakı-Krasnovodsk (dənizin dibi ilə) teleqraf xətləri, 1886 ildə isə şəhərdə ilk telefon xətti çəkildi. 1907-ci ildə isə Bakı-Batumi neft kəməri istifadəyə verilmişdir və bütün bunların təsiri nəticəsində artıq 1908-ci ildə Bakı şəhəri Zaqafqaziya ümumi sənaye məhsulunun 91,6%-ni verirdi.
Birinci Dünya müharibəsi, ondan sonra baş vermiş hərbi müdaxilələr bütün Respublikanın və eləcədə Bakı şəhərinin iqtisadi və sosial həyatına çox mənfi təsir göstərmişdir. Belə ki, 1913-1920-ci illər arasında şəhər əhalisinin sayı 1,3 dəfə azalmış və 1920-1945-ci illərdə də bu azalma davam etmişdir. Bunun da əsas səbəbi İkinci Dünya müharibəsi və onunla əlaqədar olaraq təbii artımın aşağı düşməsi idi.
1945-ci ildən sonra isə şəhərin inkişaf prosesi xeyli güclənmiş, Bakı şəhəri respublikanın iqtisadi inkişafında və ictimai əmək bölgüsündə olduqca yüksək səviyyəyə qalxa bilmişdir. Bütün bunların nəticəsində şəhərdə istehsal üzrə sənaye sahələri yaradılır və şəhərlə şəhərətrafı ərazilərin əlaqələri genişlənirdi. Bakı şəhərinin belə intensiv inkişafı şəhərin formalaşmasında mühüm rol oynamışdır.
Bakı şəhərində bir çox tarixi abidələr müasir dövrdə də qorunub saxlanılır. Bunların içərisində XII əsr "Qız Qalası" ("Gözətçi qülləsi", "Göz qülləsi"), "Qala divarları", qalanın ən yüksək hissəsində XV əsrin əvvəllərində tikilmiş "Şirvanşahlar sarayı" (Xan sarayı), XIV-XVI əsrlərə aid "Buxaralılar karvansarayı" və "Hindistanlılar karvansarayı", "Cümə məscidi" və s. misal göstərmək olar.
Hal-hazırda Bakı şəhərinin ərazisi 2200 kv km, əhalisinin sayı 2 milyona yaxındır. Bundan başqa hazırda Bakı şəhərində erməni qəsbkarlarının işğal etdiyi rayonlardan və Ermənistan Respublikasından qovulmuş 500 minə yaxın qaçqın və məcburi köçkünlər yaşayır.
Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir.