Fikrət Məşədi Cəmil oğlu Əmirov
Fikrət Məşədi Cəmil oğlu Əmirov (22 noyabr 1922[1][2][…], Gəncə – 20 fevral 1984[2], Bakı) — Sovet-Azərbaycan bəstəkarı, musiqi xadimi, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru (1956–1959), Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri (1947), Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1959-cu ildən), Azərbaycan SSR Ali Sovetinin IV–IX çağırış deputatı, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1980-ci ildən). Fəaliyyətinə görə Sosialist Əməyi Qəhrəmanı (1982), SSRİ xalq artisti (1965), Azərbaycan SSR xalq artisti (1958), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1955) fəxri adlarına layiq görülmüş, SSRİ Dövlət mükafatı (1980), Azərbaycan SSR Dövlət mükafatı (1974), II dərəcəli Stalin mükafatı (1949), Azərbaycan SSR Lenin komsomolu mükafatı (1967) laureatı olmuş, iki dəfə "Lenin" ordeni (1959, 1982), iki dəfə "Qırmızı əmək bayrağı" ordeni (1967, 1971) ilə təltif edilmişdir.
Bakı Musiqi Akademiyasında bəstəkar Üzeyir Hacıbəyovun və Boris Zeydmanın sinfində təhsil alıb. Səhnə musiqisi sahəsində fəaliyyətinə "Ürəkaçanlar" və "Gözün aydın" musiqili komediyaları ilə başlayan Fikrət Əmirovun ən uğurlu əsərlərindən biri simli orkestr üçün yazdığı "Nizami" simfoniyasıdır. Bu simfoniya dünyanın ən məşhur dirijorlarının rəhbərliyi ilə ifa olunub.1948-ci ildə "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını yazıb. Bu simfonik muğamlar Bolqarıstanın, Belçikanın, Fransanın, ABŞ-nin konsert salonlarında səsləndirilib.1950-ci ildə dördhissəli "Azərbaycan" simfonik süitasını bəstələyən Fikrət Əmirov onun ardınca müasir mövzuda milli musiqi tarixinə ilk milli lirik opera kimi daxil olan "Sevil" operasını yazıb. Operaya ictimai baxış 8 oktyabr 1953-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilib.Bəstəkarın geniş çeşidli yaradıcılığında vokal janrının da özünəməxsus yeri var. O, üç romans və müxtəlif janrda iyirmi beşdən artıq mahnının müəllifidir.1970-ci illərdə "Nəsimi" vokal xoreoqrafik poemasını, simfonik orkestr üçün "Azərbaycan qravürləri" əsərini, "Gülüstan-Bayatı-Şiraz" simfonik muğamını, "Min bir gecə" nağılları əsasında eyniadlı balet yazır.1984-cü ilin yanvarında "Nizami" baletini tamamlayır. Fikrət Əmirov 1984-cü il fevralın 20-də Bakıda vəfat edib. I Fəxri Xiyabanda dəfn olunub.
Həyatı[redaktə | mənbəni redaktə et]
İlk illəri və təhsili[redaktə | mənbəni redaktə et]
Əslən Şuşadan olan Fikrət Əmirov 1922-ci ilin noyabrın 22-də Məşədi Cəmil Əmirov və Dürdanə xanımın ailəsində, Gəncə şəhərində anadan olmuşdur. Fikrət ailənin ikinci övladı idi. Belə ki, Fikrət uşaqlığından atası tarzən Məşədi Cəmil Əmirovun əsərlərinə, xüsusilə musiqilərinə qulaq asırdı. Onun bəstəkar kimi formalaşmasında o dövrün sənətkarlarının, bir sözlə, yaşadığı mühitin təsiri olub. Fikrət Əmirov öz xatirələrində qeyd edir ki, "Məni bəstəkar edən Azərbaycan tarıdır."[3] Əlavə edir ki, "Azərbaycan musiqi alətlərinin gözü tardır. Tar öz ahənginə, tembrinə, diapazonuna, gücünə görə təkcə bir alət deyil, sanki bir orkestri əvəz edir."[3][4]
1928-ci ildə Məşədi Cəmil Əmirovun vəfatından sonra, evin yükü 6 yaşlı Fikrətin üzərinə düşür. Dürdanə xanım 6 övladını tək böyütməli olur. Fikrət yaşadığı çətinliklə baxmayaraq, atasının sənət yolunu davam etdirməyə çalışır. O, atasının arzu və istəklərini yüksək səviyyədə həyata keçirməyə nail olur. Fikrət ailədə ondan 1 yaş böyük olan bacısı Yaxşı xanımla çalışırdı. Yaxşı xanımın ifa etdiyi mahnıları Fikrət tarda müşayiət edirdi. Beləliklə onlar, ifaları ilə məktəb daxili və xarici uğurlar qazanmağa başlayırlar.[4][5]
Fikrət Gəncədə bacısı ilə Uşaq Yaradıcılığı Olimpiadalarına qatılmağa başladı. Bu olimpiadalarda Yaxşı xanım Azərbaycan xalq mahnılarını oxuyur, Fikrət isə onu tarda müşayiət edirdi. İstedadlı ifaçıları seçmək üçün Gəncəyə gələn Üzeyir Hacıbəyov, burada Məşədi Cəmil Əmirovun övladlarının istedadı ilə tanış olur. Yaxşı xanım Gəncədə olimpiadada birinci yeri tutur və Bakıdakı olimpiada da qardaşı ilə birincilər sırasına yazılır. Yaxşı xanımın xanəndəliyə çox böyük həvəsi olub, lakin Fikrət ona müğənni olmağı məsləhət görmədiyi üçün o, Tibb Universitetinə daxil olaraq həkim peşəsinə yiyələnir. Onlar Bakıya eyni zamanda gəldilər. Fikrət burada konservatoriyaya daxil oldu. Tələbəlik dövrlərində də onlar ifaları ilə konsertlərə gedərək çıxışlar edirdilər.[5]
Fikrət Əmirovun atası Məşədi Cəmil Əmirov
Fikrət Əmirovun anası Dürdanə xanım Əmirova
Fikrət musiqi məhəbbətini dostları ilə bölüşürdü. O, Zərif Qayıbovla 11-ci sinifdə oxuyarkən məktəbdə orkestr təşkil edirlər.[6] Fikrət Əmirov oxuduğu Maksim Qorki adına məktəbdə[qeyd 1] müəllim və şagird heyəti tərəfindən sevilirdi. O məktəbdə əla qiymətlərlə təhsil alır, məktəbdə tarda uğurlar qazanır, bir çox dram dərnəklərində iştirak edirdi. Qazandığı uğurlar və istedadı ilə Fikrət, 1939-cu ildə ümumtəhsil məktəbi ilə yanaşı, orta musiqi məktəbini də bitirdikdən sonra Bakıya gətirilir.[7]
Fikrət Əmirov Bakıya gələrkən gələcək peşəsini seçməsi barədə çox düşünür, lakin anası Dürdanə xanımın məsləhəti ilə konservatoriyaya gedir. Çünki, bir il əvvəl Dürdanə xanım Bakıya gedərkən Bülbüllə[qeyd 2] qarşılaşmış, Bülbül ona Fikrətin konservatoriyada oxumasını məsləhət görmüşdü. Bunu bəstəkar öz xatirələrində yazır ki, "Mənim yaradıcılığım həyatım daha çox Bülbüllə bağlıdır. İndiki kimi yadımdadır — 1938-ci ildə Bülbül anamı Bakıda görüb təkidlə tapşırmışdı ki, Fikrəti göndər gəlsin, musiqi məktəbinə düzəldim."[8] Gənc Fikrət Bakıya Bülbülün yanına gəlir və Bülbül onu Üzeyir Hacıbəyovun yanına aparır. Üzeyir bəy Fikrəti mehribanlıqla qarşılayaraq onun istedadını yoxlayır və ona konservatoriyaya daxil olmasını məsləhət görür. Beləliklə, Əmirovun Üzeyir Hacıbəyov və Bülbüllə əhatə olunan tələbəlik illəri başlayır.[9]
Fikrət Əmirov Bakıya gəldiyi ilk illər bacısı Yaxşı xanım ilə qohumlarının evində yaşayır. Sonra isə skripkaçı dostu ilə Dmitrov küçəsində[qeyd 3] bir evdə qalır. Dostu hərbi xidmətə çağırıldıqdan sonra bu evdə tək yaşamağa başlayır. Həmin illəri bəstəkarın bacısı Şəfiqə xanım bu cür xatırlayır: "Fikrətin yaşadığı evə gələndə dəhşətə gəldim. Onun ev şəraiti olduqca ağır idi. Boş, soyuq otaqda sadə taxta masa, iki stul və dəmir çarpayı vardı. Yağış yağanda evə damırdı və o, hər dəfə çarpayasını dəyişdərməyə məcbur olurdu. Bütün bu çətinliklərə baxmayaraq, Fikrət böyük həvəslə oxuyur və yazıb-yaradırdı."[10]
O, Üzeyir Hacıbəyovun sinfində "Azərbaycan xalq musiqisinin əsasları" fənnini öyrənir və bu üslubda ilk əsərlərini yazmağa başlayır. 1930-cu ildən etibarən Üzeyir Hacıbəyovun məsləhəti və Bülbülün rəhbərliyi ilə xalq mahnı və rəqslərini toplayıb, onları nota yazmaq məqsədi ilə konservatoriyada "Xalq musiqisi kabineti" təşkil olunur. Həmin kabinetə rəhbərlik edən Bülbül gənc bəstəkar və musiqişünasları bu işə cəlb edir. Onlar respublikanın müxtəlif bölgələrinə ekspedisiyalara gedərək, oradan folklor nümunələri toplayır, onları lentə yazır, kabinetə təqdim edir və həmin nümunələri nota köçürürdülər. Dövrünün ustad xanəndələrini — Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski və başqalarının da oxuduqları xalq mahnı və təsniflərini nota salırdılar. Bu işdə Asəf Zeynallı, Zakir Bağırov, Qara Qarayev, Süleyman Ələsgərov, Səid Rüstəmov, Əşrəf Abbasov, Midhət Əhmədov, Məmmədsaleh İsmayılov kimi simalarla yanaşı, Fikrət Əmirovun böyük xidmətləri olub. O, hələ tələbə ikən bu işə cəlb olunduğundan daha da həvəslənir və öz əsərlərini də məhz xalq musiqisi üslubunda yazırdı.[11]
1940-cı ildə Bakının musiqi mühiti zəngin idi. Belə ki, Azərbaycan Dövlət Filarmoniyasında tez-tez musiqili gecələr və konsertlər keçirilirdi. Fikrət Əmirov həmin konsertlərdə iştirak edərək, qərb və rus bəstəkarlarının əsərləri ilə əyani olaraq daha yaxından tanış olur və onların musiqi dilindən istifadə edirdi. O, həmçinin simfonik orkestrin məşqlərində də iştirak edirdi. Bəstəkar xatirələrində Nikolay Pavloviç Anasov ilə görüşünü belə xatırlayır: "1939–40-cı illər idi. Bir dəfə N. P. Anasov məni konservatoriyada görüb saxladı: "Cavan oğlan gəl tanış olaq." Əvvəlcə mən özümü itirdim və çox həyəcanlandım. Çünki mən bəstəkarlığa yenicə başlamış həvəskar, N. P. Anasov isə məşhur dirijor, amma sən demə, bu diqqətli dirijor məni öz məşqlərində görübmüş. Bunu o özü etiraf edərək dedi: Mən sizi tez-tez orkestr məşqlərində görürəm. Bu gündən etibarən isə siz həmişə mənim orkestr məşqlərimə və konsertlərimə gələ bilərsiz. Mən sizi dəvət edirəm." Bu sözləri eşidəndə mən çox sevindim, çünki bu mənim böyük sənətkarla ilk işim idi."[10]
Həmin gündən etibarən N. P. Anasov ilə başlayan dostluğu sonralar Fikrət Əmirov onun oğlu Gennadi Rojdestvenski ilə davam etdirir. Rojdestvenski onun əsərlərinin interpretatoru olur. Bəstəkarın yaradıcılığının ilk dövrlərində xalq və musiqi janrlarına diqqət kəsilməsi, onları mənimsəməsi bu janrda əsas mənbəyidir.[12]
Fikrət Əmirovun bəstəkarlıq sənətinə yiyələnməsinin təşəbbüskarı Üzeyir Hacıbəyli idi. Tələbəlik dövründə, o Üzeyir bəydən musiqi barədə elmlər öyrənib. Bu barədə bəstəkarın xatirələri mövcuddur. Bəstəkarın formalaşmasında Boris Zeydmanın da böyük rolu olub. 1930-cu illərdə Üzeyir bəyin dəvəti ilə müxtəlif şəhərlərdən dərs deməyə gələn müəllimlərin içərisində Boris İshakoviç Zeydmanın xidmətləri böyükdür. O, Soltan Hacıbəyov, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Cahangir Cahangirov, Ədilə Hüseynzadə, Şəfiqə Axundova və daha bir neçə bəstəkarların müəllimi olmuşdur ki, həmin bəstəkarlardan biri də Fikrət Əmirovdur.[12]
İkinci Dünya müharibəsində iştirakı[redaktə | mənbəni redaktə et]
Fikrət Əmirov gənclik illərində
1941-ci il noyabrın 27-də 19 yaşlı Fikrət Əmirov orduya çağırılır.[4] O, rabitəçilik kursunda təhsil almaq üçün 3 ay müddətində Tbilisiyə göndərilir. Kursu başa vurduqdan sonra 1942-ci il iyunun 3-də Voronej cəbhəsinə göndərilir.[4] O vaxt bəstəkar anasına məktub yazır və məktubda bildirilir ki, "Sevimli anam və bacılarım! Mən sağ və salamatam. Mənim cəbhə yolum çox uzun oldu. Rostov vilayətini keçmişəm. Bu məktubu sizə Voronej vilayətinin Liski şəhərindən yazıram. Don çayını da keçmişik. Moskvaya yaxınlaşırıq. Hər tərəf qardır. Hələlik ki, heç bir maraqlı hadisə baş verməyib. Məndən Musaya, Adilə xalaya və bütün dost və tanışlara salam yetirin. Öpürəm səni. Fikrət."[10]
Fikrət Əmirovun cəbhə illəri onun həyat və yaradıcılığının əsas dövrü olub. O bacısını Yaxşı xanıma da məktublarında döyüş təəssüratlarını ətraflı şəkildə izah edir. Məktubda qeyd edilir ki, "Brjanska, Voronej cəbhəsinə gəldikdən sonra hissə rabitəçisi vəzifəsinə başladım. Qış günlərinin birində bizə məsul tapşırıq verildi. Cəbhə komandanlığı ilə əlaqə yaratmaq tapşırığı. Keçmiş yuxarı kurs yoldaşlarımla birlikdə hissə komandanlığının bizə həvalə etdiyi tapşırığı yerinə yetirməyə yollandıq. Gecə qaranlığında ön xəttə yaxınlaşarkən təmiz alman danışığı eşitdik. Xoşbəxtlikdən qarşımızda daş-qaya vardı. Biz onun arxasında düşməndən görünməmək üçün gizlənmişdik. Bir qədər sonra keçmiş dostlarımdan biri[qeyd 4] faşistlərin olduğu yeri təyin etmək istədi. Başını daş-qayadan çıxarar-çıxarmaz qəflətən avtomat atəşləri səsləndi və mənim dostum yerə sərələndi, güllə onun başını yaralamışdı. Açıq havada soyuq qış günündə qaldığımızdan çox donmuşduq və yaralı yoldaşımızı çıxara bilmirdik. Dostumuzun başını sarıdıqdan sonra səhərədək orada qaldıq. Şaxtalı havada, açıq yerdə qaldığımız müddətdə bizim ayaqlarımız tamamilə donmuşdu. Hava işıqlaşanda hissə əsgərləri bizi tapıb, döyüş bölgəsindən çıxardılar və Bryansk şəhərinin hərbi hospitalına müalicəyə göndərdilər."[qeyd 5][13]
Bəzi mənbələrdən məlum olur ki, həmin dövrlərdə, yəni hospitalda olarkən Fikrət Əmirov özü də ağır mədə yarasından xeyli əziyyət çəkərək, cərrahi əməliyyatına məruz qalır, lakin sağaldıqdan sonra orada bir neçə musiqiçidən ibarət ansambl təşkil edir. Özü həm ansambla rəhbərlik edir, həm də rus xalq çalğı aləti olan mandolinada ifa etməyi öyrənir. Həmin ansamblın repertuarına Azərbaycan xalq mahnı və rəqslərini də daxil edən gənc musiqiçinin bu xidmətləri çox bəyənilir. Çünki o, bu ansamblla hospitalda tez-tez konsertlər təşkil edir. Bu da insanların mənəvi gücünü artıraraq onları daha da mübariz olmağa səsləyirdi.[13]
Böyük Vətən Müharibəsinin ağır günlərini yaşayan Fikrət Əmirov 1942-ci il noyabr ayında xəstəliyi ilə əlaqədar olaraq ordudan tərxis olunur.[4] O, əvvəlcə Gəncəyə gəlir və təxminən bir ilə qədər burada qalır, yaradıcılıq fəaliyyətinə davam edir. Belə ki, Gəncə Dövlət Filarmoniyasında çalışır, musiqi məktəbinə rəhbərlik edir və Dram Teatrında baş rejissor olan Mehdi Məmmədovla birgə işləyərək, bir neçə tamaşaya musiqi yazır, lakin yarımçıq qalmış təhsili və yaradıcılıq eşqi onu 1943-cü ildə yenidən Bakıya qayıtmağa vadar edir. O, həm Konservatoriyada təhsilini davam etdirir, həm də yeni yaradıcılıq ideyalarını həyata keçirmək uğrunda çalışır.[4][13]
Bəstəkarın 1943-cü ildə yazdığı "Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinə" adlı simfonik poeması həm onun cəbhə təəssüratlarını, həm də mübarizliyini özündə əks etdirir.[4] Fikrət Əmirov bu əsəri yaxın dostlarından biri, müharibədə həlak olmuş Məmməd İsrafilzadəyə həsr etmişdir.[13]
Ölümü[redaktə | mənbəni redaktə et]
1984-cü ildə son əsəri olan "Nizami" baletini tamamlayan bəstəkar bölgədəki seçiciləri ilə görüşməyə gedərkən qəfil xəstələnir. İlk vaxtlar bu xəstəliyə əhəmiyyət verməsə də, xəstəlik getdikcə güclənir.[14]
Bəstəkarın 1984-cü il fevralın 20-də vəziyyəti qəfil dəyişir. Bununla da 62 yaşlı Fikrət Əmirov vəfat edir. Bakıda vəfat edən bəstəkar, I Fəxri Xiyabanda dəfn olunur.[15]
Yaxın dostunun ölümündən sarsılan Mirzə İbrahimov "Kommunist" qəzetinin 21 fevral 1984-cü il tarixli "Sənət zirvəsində" adlı məqaləsində qeyd edir ki, "Böyük bəstəkarımız Fikrət Əmirovu mən qırx ildən artıqdır ki, tanıyıram…Onun ürəyi döyünməkdən qalmışdır. Bu bütün xalqımıza, bütün musiqi dünyasına çox böyük itkidir. Çünki Fikrət Əmirov musiqisi milli olduğu qədər də, beynəlmiləldir. Onun sənətinin pərəstişkarları dünyanın hər yerindədir. Fikrət Əmirovun sehrkar musiqisi sevimli bəstəkarımızın ömrünü əbədi edəcək…Sorağını əsrlərdən-əsrlərə aparacaqdır."[16]
Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]
Fikrət Əmirovun atası Məşədi Cəmil Əmirov, anası isə Dürdanə xanım Əmirova olub. Bəstəkarın atası tarzən, bəstəkar, musiqi xadimi olub. Məşədi Cəmil Əmirov 1875-ci ildə Yelizavetpol quberniyası Şuşada anadan olmuş, 1928-ci ildə xəstəlikdən vəfat etmişdir. O, XIX–XX əsr Azərbaycan musiqisinə töhfələr vermiş, eyni zamanda operettaları, bir çox əsərləri ilə yadda qalmışdır.[17]
Fikrət Əmirovun özündən əlavə 5 qardaş-bacısı olub. 1928-ci ildə Məşədi Cəmil Əmirovun vəfatından sonra, evin yükü 6 yaşlı Fikrətin üzərinə düşür. Dürdanə xanım 6 övladını tək böyütməli olur. Fikrət ailədə ondan 1 yaş böyük olan bacısı Yaxşı xanımla çalışırdı. Yaxşı xanımın ifa etdiyi mahnıları Fikrət tarda müşayiət edirdi.[5]
Fikrət Əmirov 1952-ci ildə həkim Aidə Əmirova ilə həyatı qurmuşdur. Aidə xanım 12 fevral 1930-cu ildə anadan olmuşdur.[18] 1947-ci ildə Bakı səhərində orta məktəbi qızıl medalla bitirdikdən sonra elə həmin il Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub. 1952-ci ildə həmin institutun müalicə-profilaktika fakültəsini müalicə işi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.[19] Elə həmin ildə bəstəkarla ailə həyatı qurub. Bu evlilikdən onların Cəmil və Sevil adlı övladları dünyaya gəlib. Aidə Əmirova 1983-cü il sentyabrın 1-də vəfat edib.[20]
Fikrət Əmirov 1979-cu ildə yazdığı "Min bir gecə" baletini həyat yoldaşı Aidə xanıma həsr etmişdi.[21] Bəstəkar baletin partiturasının titul vərəqində "Həyat yoldaşım – Aidaya" sözlərini yazmışdı.[22]
Bəstəkarın ilk övladı Sevil Əmirova 1953-cü il noyabrın 4-də Bakı şəhərində görkəmli bəstəkar Fikrət Əmirovun ailəsində anadan olub. 1961–1972-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 1978-ci-ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını professor Zöhrab Adıgözəlzadənin sinfində fortepiano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Sevil Əmirova Mir-Həmzə Əfəndiyev ilə ailə həyatı qurub. Bu evlilikdən Nəzrin və Ömər adlı övladları var.[23]
Fikrət Əmirovun ikinci övladı Cəmil Əmirov 3 may 1957-ci ildə anadan olub. 1990–2001-ci illərdə müxtəlif tərkibli instrumental ansambllar üçün caz kompozisiyaları bəstələyib. Prezident təqaüdçüsüdür. 2018-ci ildə xalq artisti fəxri adına layiq görülüb.[24]
Bəstəkarın nəvəsi Nəzrin Əfəndiyeva 1 yanvar 1979-cu il tarixində anadan olub. Əfəndiyeva pianoçu, bəstəkardır. O, bir çox fəxri mükafatlara layiq görülmüşdür. Eyni zamanda, Bakıda dəfələrlə konsert vermişdir. Yaradıcılığında müxtəlif musiqi janrında 20-dən çox mahnı, bir cox kompozisiya və aranjmanın, həm müəllifi, həm də ifaçısı kimi iştirak edib.[25] Nəzrin Əfəndiyeva 1995-ci ildən Belçikada yaşayır və orada Kevin adlı teatr aktyoru ilə evlidir. Bu evlilikdən Həmzə adlı bir övladı var.[23]
Ən sevdiyi alət tar olub. Bəstəkarın atası tarzən olub, özü də eyni zamanda tarda ifa edə bilirdi. Fikrət Əmirov öz xatirələrində qeyd edir ki, "Məni bəstəkar edən Azərbaycan tarıdır."[3] Əlavə edir ki, "Azərbaycan musiqi alətlərinin gözü tardır. Tar öz ahənginə, tembrinə, diapazonuna, gücünə görə təkcə bir alət deyil, sanki bir orkestri əvəz edir."[3][4]
Yaradıcılığı[redaktə | mənbəni redaktə et]
Operaları[redaktə | mənbəni redaktə et]
Əsas məqalələr: Ulduz (opera) və Sevil (opera)
Fikrət Əmirovun
operalarıUlduz (1948)
Sevil (1953)
Əsərlərinin siyahısı
bmr
Bəstəkar yaradıcılığının ilkin dövrlərində, 1948-ci ildə opera janrına müraciət etmişdir.[26] Konservatoriyanı bitirərkən o, diplom işi olaraq birpərdəli "Ulduz" operasını yazmışdır. Bu opera yalnız əlyazma şəklində saxlanılaraq, nəşr etdirilməmişdir. Fikrət Əmirov bu əsəri yazmaqla müəyyən təcrübələr əldə etmişdir. Bəstəkar opera janrının müəyyən üslub cəhətlərinə, ifadə vasitələrinə yiyələnə bilmişdir.[27] Birpərdəli operanın[28] librettosu Azərbaycanın xalq artisti İsmayıl Hidayətzadəyə məxsusdur.[29]
1953-cü ildə Fikrət Əmirov "Sevil" operasını yazdı. Fikrət Əmirov operanın üzərində işə 1949-cu ildə başlamışdır.[30] Cəfər Cabbarlının süjetinə opera yaratmaq tələbi bəstəkarın daxili istəyindən, bu yazıçının yaradıcılığına olan rəğbət hissindən irəli gəlməklə yanaşı, həm də yazıçı Mirzə İbrahimovun bu süjeti təklif etməsi ilə əlaqədar idi. Operanın librettosunu yazan şair Tələt Əyyubov pyesin əsas dramaturji məğzini, əsərin obrazlı dilini, iştirakçıların dəqiq səciyyəsini saxlamağa cəhd göstərmişdir. Librettoya çox yığcam şəkildə işlənmiş Azərbaycan qadının acınaqlı vəziyyəti, hüquqsuzluğunu təsvir edən proloq səhnəsi əlavə edilmişdir. Opera janrının tələbləri ilə bağlı pyesin bəzi pərdələri birləşdirilmiş, əsər yığcam şəkil almışdır. Operanın hər redaktəsində müəyyən dəyişikliklər aparılaraq bəzi səhnələr əlavə edilmiş, bəziləri çıxarılmış, iştirakçıların bir sıra çıxışlarının yeri dəyişdirilmişdir.[31]
Operada dramaturji konfliktin əsasını mütərəqqi obrazlar qrupu (Sevil və onun dostları) və ölüb gedən dünya (Balaşın və onun mühiti) ilə təmsil olunan iki zidd ictimai qüvvənin bir-birinə qarşı qoyulması təşkil edilir. İştirakçıların ictimai və psixoloji mahiyyətlərinin bir-birinə zidd olması operada obrazlı-tematik və kompozisiya-struktura ziddiyətini şərtləndirir. İştirakçılarından xarakteristikasından ibarət olan iki musiqi mövzuları kompleksi də təzadlıdır. Hadisənin inkişafı prosesində Sevili və onun dostlarını səciyyələndirən mövzular zənginləşir, Sevilə qarşı qoyulan obrazlarla bağlı olan digər mövzular qrupu isə birinci qrup tərəfindən aradan qaldırılır.[32]
Operanın dramaturgiyasında gərginliyin, dinamikliyin ardıcıl inkişafı, artması prinsipi böyuk rol oynayır. "Sevil" operasının dramaturgiyasında müəllif tərəfindən geniş istifadə olunan və operanın musiqisində mühüm rol oynayan leytmotivlər, leymttemalar, qısa motiv-xarakteristikalar, motiv-xatırlamalar onun ideyasının açılmasına kömək edir.[33]
Operada Sevilin xarakteristikaları ilə bağlı olan leytmotivlər xüsusilə əhəmiyyətlidir. Operanın qəhrəmanının musiqi təcəssümündə ilk dəfə proloqda ifadə edilmiş Sevilin əsas leytmotivi mühüm rol oynayır. Leytmotiv iki hissədən ibarətdir: başlanğıc və əsas. Əsas hissə böyük daxili qüvvə və birinci melodiyadan yaranan təzadlı-tamamlayıcı melodiya ilə dolğunlaşır.[34]
Operada Sevili oyanmağa çağıran leytmotivə böyük əhəmiyyət verilir. İlk dəfə Gülüşün Sevilə müraciətlə oxuduğu ariozada səslənən bu leytmoyiv operanın dramaturjo inkişafında ideyasının açılmasında mühüm əhəmiyyət kəsb edir. Operada Sevil və Balaşın "şəxsi faciə" leytmotivi – həzin, dramatik-dolğun, ahəngdar mövzusu mühüm rol oynayır. Əvvəlcə hər iki qəhrəmanın hislərini səciyyələndirən həmin leytmotivi tədricən Sevil mövzusundan uzaqlaşır və yalnız Balaşın hissəsində qalır. Operanın digər iştirakçıları da leytmotivlərlə səciyyələndirilir. Operanın qəhrəmanları leytmotiv xarakteristikalarla yanaşı, ariyalarla, ariozolarla, həmçinin ansambl nömrələri ilə təqdim olunurlar.[34]
Fikrət Əmiroun operasında müxtəlif xarakterli və tipli çoxlu ansambl nömrəsi mövcuddur. Onların içərisində xüsusilə Sevil və Balaşın dueti əhəmiyyət kəsb edir. Bu duet onların xarakteristikasını tamamlayır və dramaturji cəhətdən əsas səhnələrdə mühüm rol oynayır.[34]
İkinci pərdədən alınmış septet bütün operanın mərkəzi ansamblı, ən yüksək nöqtəsidir. Bu nöqtə bütün iştirakçıları bir araya gətirir.[34]
Sevilin ariyası
Duration: 5 minutes and 37 seconds.
5:37
Sevil operasından "Sevilin ariyası", 1952. Azərbaycan Dövlət Simfonik Orkestrı, drijor: Rauf Abdullayev, soprano: Karina Kərimova
Bu faylın oxunmasında problem var? Bax media kömək.
Əsər giriş hissədən, üç pərdədən və iki şəkildən ibarətdir. Birinci pərdədə Sevilin qəmli ariozosu və laylay mahnısı səslənir. Bunlarda onun öz taleyindən şikayəti eşidilir. Ariozo xalq mahnıları ruhunda yazılmışdır.[34] Müqəddimənin kədərli melodiyasında təkildə səslənən orqan punktu üzücü məhkumluq hissini gücləndirərək, bir növ bütün ariozo üçün ümumi olan çarəsizlik əhvali-ruhiyyəsi yaradır. Mahnı melodiyasının kiçik diapozonu və onun obrazlı-emosional quruluşu arizonu həzn-lirik xalq mahnılarına – ağılara yaxınlaşdırır. Ariozonun xalq mahnısı xarakterində olması qəribə tərzdə qovuşan kədərli frazalarla, xalq nəfəsli alətlərinin melizmatik bəzəklərini xatırladan ağac nəfəs alətlərinin (xüsusilə fleytanın) çaldığı melodiya ilə də nəzərə çarpır.[33][34]
Fikrət Əmirovun "Sevil" operası müasir mövzuda lirik-psixoloji janrda yazılmış ilk Azərbaycan operası olmaqla yanaşı, respublikada opera sənətinin inkişafında mühüm mərhələ oldu və bəstəkarın yenilikçi fikirlərini bir daha nümayiş etdirdi.[35][36]
Müasir mövzuya müraciət edən bəstəkar opera sənətinə şəhər məişətini, yeni ifadə vasitələri tələb edən yeni mühiti gətirmişdir. Fikrət Əmirovun yaradıcılığının əsas ifadə vasitəsi olan melodiya, operanın musiqisində emosional başlanğıc rolunu oynayır.[37] Operanın musiqi dolğunluğu, zəngin harmonik dili, orkestr rəngarəngliyi, simfonikləşmə tendensiyaları ilə diqqəti cəlb edir. Bəstəkar operada müxtəlif musiqi formalarını — ariya, ariozo, reçetativlər, ansambl və xor epizodlarını böyük sərbəstlik və ustalıqla istifadə etmişdir. Operanın musiqisində mühüm rol oynayan leytmotivlər qəhrəmanların səviyyəsində böyük əhəmiyyət kəsb edir.[36]
"Sevil" operasının ilk premyerası 25 dekabr 1953-cü il tarixində baş tutmuşdur.[38][39] İlk tamaşaya qədər iki dəfə ictimai baxış keçirilmişdir. 9 oktyabr 1953-cü il tarixində – operaya birinci ictimai baxışda bir sıra tənqidi fikirlər söylənilmiş, bəstəkar əsər üzərində əlavə işləmişdir. Həmin ilin 21 dekabr tarixində operaya ikinci ictimai baxış keçirilmişdir. Nəhayət, operanın ilk tamaşası böyük uğur qazanmışdır. Tamaşanı quruluşunu SSRİ Xalq artisti Mehdi Məmmədov vermişdir. Dirijor Əməkdar incəsənət xadimi Əfrasiyab Bədəlbəyli idi.[38]
"Sevil" operasının 1959-cu il tarixli Moskvada sərgilənən afişası
"Sevil" operası ikinci redaktədə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində 8 may 1955-ci il tarixində səhnəyə qoyulmuşdu.[38] Bu tamaşada da rolları əsas etibarilə premyeradakı artistlər ifa edirdilər. Operanın ikinci redaktəsinə əsaslanan tamaşada bəzi rolların ifaçılarında dəyişikliklər aparıldı. Belə ki, Sevil rolunda Firəngiz Əhmədova, Balaş rolunda Kazım Məmmədov çıxış edirdi.[40]
Operanın üçüncü redaktəsi 1959-cu ilin mart ayının 21-də həyata keçirilmişdir.[41] Tamaşaya Əfrasiyab Bədəlbəyli dirijorluq etmişdir.[41] Sevil rolunu Firəngiz Əhmədova və Firuzə Muradova, Balaş rolunu Rəşid Behbudov ifa etmişdir.[42] Tamaşanın rəssamlıq işini və bədii tərtibatını Əyyub Fətəliyev həyata keçirmişdir.[40]
"Sevil" operası 1959-cu ilin mayında Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənət ongünlüyündə ifa edilmişdir.[43] Operanın Moskvada ifası üçün Fikrət Əmirov üçüncü redaktəni hazırlamışdır. "Sevil" operasının dirijorluğu Niyazinin rəhbərliyi ilə həyata keçirilmişdir.[40][41]
1964-cü ildə Moskvada Pyotr İliç Çaykovski adına Konservatoriyada operanın rus dilində konsert tamaşası keçirilmişdir.[44] Bu ifada Ümumittifaq radiosu və televiziyanın simfonik orkestri iştirak etmişdir.[44]
1970-ci ildə "Azərbaycanfilm" kinostudiyası tərəfindən rejissor Vladimir Qorikker "Sevil" filmi ekranlaşdırıldı. Film-operanın motivləri Fikrət Əmirovun operasının motivləri əsasında yazılmışdı.[45] 1977-ci ildə opera Niyazinin rəhbərliyi ilə Səmərqənddə tamaşaya qoyulmuşdur.[46] 1980-ci ildə opera fərqli quruluşda Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyuldu.[38][47] 1998-ci ilin noyabr ayında "Sevil" operası tam yeni bir redaktədə tamaşaya qoyuldu.[48]
Fikrət Əmirovun "Sevil" operası Üzeyir Hacıbəylinin "Koroğlu" operasından sonra yaranmış ən uğurlu və ilk tamaşalardan bu günə kimi ən yaxşı əsərlərdən biri olaraq qəbul edilir.[49] Operanın dirijoru bəstəkar Əfrasiyab Bədəlbəyli 1953-cü ildə yazırdı ki, "Opera teatrının kollektivi böyük həyəcan və yaradıcılıq hissi ilə "Sevil" operası üzərində işə başladı. Bu Cəfər Cabbarlının pyesi üçün inandırıcı musiqi həllini tapmış bəstəkarın böyük yaradıcılığı uğurudur. O, yüksək peşəkarlıq səviyyəli operalar yaratmışdır. Operanln dəyərli cəhəti ondadır ki, bəstəkar qəhrəmanların şəxsi taleyini deyil, məhz yüksək vətəndaşlıq pafosu ilə sosial dramını ön plana çəkmişdir."[50]
"Muzikalnaya jizn" jurnalı 1959-cu ildə yazırdı: "Fikrət Əmirovun "Sevil" operası nəinki Azərbaycan, həmçinin bütün çoxmillətli sovet musiqisinin nailiyyətidir."[51]