Azərbaycan muğamları
MUĞAM - Şərq xalqlarına mənsub milli musiqi formasıdır. Şifahi ənənələrə əsaslanan klassik musiqi nümunəsidir. Muğam Azərbaycan xalq musiqisinin əsasını təşkil edir. Azərbaycan musiqisinin yeddi əsas muğamı var: “Rast”, “Şur”, “Segah”, “Şüştər”, “Çahargah”, “Bayatı- Şiraz”, “Hümayun”.
Muğamlar orijinal mahiyyətinə və öz musiqi xarakterinə görə bir-birindən fərqlənir. Üzeyir Hacıbəyov “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi-nəzəri kitabında muğamların dinləyiciyə aşıladığı əhval-ruhiyyəni belə səciyyələndirir: “Rast”- dinləyicidə mərdlik və gümrahlıq hissi, “Şur” - şən, lirik əhval-ruhiyyə, “Segah”- məhəbbət hissi, “Şüştər”- dərin kədər, “Çahargah”- həyəcan və ehtiras hissi, “Bayatı-Şiraz”- qəmginlik, “Hümayun”- dərin kədər hissi oyadır.
Muğamı tarzən (tar), kamançaçı (kamança), xanəndədən (dəf) ibarət trio (üçlük) ifa edir.
Azərbaycan xalq çalğı alətlərində solo səslənən muğamlara isə “instrumental muğamlar” deyilir.
Azərbaycan bəstəkarlarının əsərləri öz kökü etibarilə muğamlara bağlıdır. Bu onların milli özünəməxsusluğunu şərtləndirən cəhətdir.
Fikrət Əmirov 1948-ci ildə “Şur” və “Kürd-Ovşarı” simfonik muğamlarını yazmaqla dünya musiqi ədəbiyyatında simfonik muğam janrının əsasını qoydu. Görkəmli bəstəkar və drijor Niyazinin “Rast” (1949) simfonik muğamı da bu janrda yaradılmış əsərdir.
MUĞAM USTALARI - Azərbaycan musiqi sənəti tarixinə çoxlu görkəmli muğam ustaları – ifaçılar daxildir. Onlar XIX əsrin görkəmli incəsənət ustalarından Səttar, Hacı Hüsü – şöhrət qazanmış, muğam məktəbi yaratmışlar. XIX əsrin görkəmli incəsənət ustalarından Səttarın, Hacı Hüsünün, Məşədi İsinin, Ələsgər Şirinin, tarzən Sadıqcanın və başqalarının, əsrimizin əvvəllərində isə Cabbar Qaryağdıoğlunun, Məşədi Cəmil Əmirovun, Seyid Şuşinskinin, Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev və b. adların xüsusi qeyd olunmalıdır.
Xan Şuşinski, Zülfü Adıgözəlov, Haşım Kələntərli, Hüseynqulu Sarabski, Həqiqət Rzayeva, Sürəyya Qacar, Fatma Muxtarova XX əsrin əvvəllərində yaşamış məşhur müğənnilərdir. Bu dövrdə muğam üzrə instrumental ifaçılardan Qurban Pirimov, Mənsur Mənsurov, Əhməd Bakıxanov, Bəhram Mənsurov və b.-nın adlarını qeyd etmək vacibdir.
SİMFONİK MUĞAM - Bu janr 1948-ci ildə bəstəkar Fikrət Əmirov tərəfindən yaradılmışdır. Janrın əsas xüsusiyyəti ondan ibarətdir ki, burada muğam dəstgaha xas olan, tədrici ardıcıllıqla yüksələn inkişaf prinsipi, onun kompozisiya quruluşu, dramaturji hərəkət xətti saxlanılmış, eyni zamanda, muğam melodiyalarının inkişafında simfonik işləmə, rəngarəng orkestrləşdirmə üsulları tətbiq olunmuşdur.
Bir çox Azərbaycan bəstəkarları bu janra müraciət etmişlər. Niyazi “Rast”, S. Ələsgərov “Bayatı-Şiraz”, F. Əmirov “Gülüstan Bayatı-Şiraz”, T. Bakıxanov “Hümayun”, “Nəva”, “Rahab” və s. simfonik muğamlarını yaratmışlar.
ZƏRBİ MUĞAM - Azərbaycan şifahi ənənəli professional musiqisində vokal-instrumental janrdır. Zərbi muğamların yaranması, təşəkkülü və inkişafı xanəndə və sazəndə ansambllarının ifaçılığı ilə bağlıdur. Zərbi muğamların mətnində klassik şairlərin qəzəllərindən, həmçinin bayatı və qoşmalardan istifadə olunur. Azərbaycan muğam ifaçılığı təcrübəsində geniş yayılmış zərbi muğamlar: “Heyratı”, “Mənsuriyyə”, “Səmayi-Şəms”, “Maani”, “Ovşarı” (“Əfşarı”), “Arazbarı”, “Heydəri”, “Qarabağ şikəstəsi”, “Kəsmə şikəstə”, “Şirvan şikəstəsi” və s.
“RAST”
“Rast”ı bütün muğamların anası hesab edirlər. O, çox qədim tarixə malikdir. Klassik Şərq musiqisinin 12 əsas muğamından indiyədək zamanın və hadisələrin sarsıdıcı təsirinə qarşı möhkəm duran yeganə muğam “Rast”dır. “Rast” muğamı bir neçə şöbə və guşələrdən ibarətdir. Onlardan ən əsasları “Mayeyi-Rast”, “Üşşaq”, “Hüseyni”, “Vilayəti”, “Əraq” və “”Pəncgah” şöbələridir.
“ŞUR”
“Rast” və “Çahargah” muğamları kimi bu muğamın da həcmi böyükdür. Şöbələrinin sayı çoxdur. “Şur” dəstgahı tərkibinə daxil olan hissələrdən “Mayeyi-Şur”, “Şur-Şahnaz”, “Bayatı-Qacar”, “Şikəsteyi-Fars”, “Simayi-Şəms”, “Hicaz”, “Sarənc” şöbələri daha dərin məzmuna və bitkin quruluşa, formaya malikdirlər.
“SEGAH”
Azərbaycanda çox yayılmış və dərin milli xüsusiyyətlər kəsb etmiş əsas muğamlardan biri də “Segah”dır. Xanəndə və çalğıçılar “Segah” muğamını bir sıra variantlarda ifa edirlər: “Orta Segah” (və ya “Zabul Segah”), “Mirzə Hüseyn segahı”. Onlar adlarının müxtəlifliyi və tonika əsasına görə bir-birindən fərqlənsələr də, eyni lad (məqam) əsasındadırlar.
“Segah” dörd şöbədən ibarətdir: “Mayeyi- Segah”, “Şikəsteyi-fars”, “Mübərriqə”, “Əraq”.
“ŞÜŞTƏR”
“Şüştər” həcmcə ən kiçik muğamdır. Əsasən “Mayeyi-Şüştər” və “Tərkib” şöbələrindən ibarətdir. Başqa muğamlar kimi “Şüştər” də dəstgah formasında ifa olunarkən “Bərdaşt” deyilən müqəddimə ilə başlayır, bir sıra rəng və təsniflər hesabına həcmini genişləndirir. Hal-hazırda “Şüştər” muğamı daha çox instrumental variantda, xüsusən kamançada səslənir.
“ÇAHARGAH”
Klassik sənət incisi kimi tanınan və sevilən “Çahargah” muğamı özünün çox fəal mübarizə ruhu ilə fərqlənir. “Çahargah” muğamının musiqisi təzadlı intonasiyalarla çox zəngindir. “Mayeyi-Çahargah” şöbəsində bədii obraz daha geniş miqyasda və intensiv halda inkişaf etdirilib təsdiqlənir. “Çahargah” muğamında mayə şöbəsinin həlledici rolunu və əhəmiyyətini sübut edən başlıca amillərdən biri budur ki, həmin şöbə “Hasar” və “Mənsuriyyə” adlı şöbələrdə də öz inkişafını davam etdirir və daha dramatik; daha mübariz xarakter alır. Bu, bir də onunla əlaqədardır ki, “Mayeyi- Çahargah” fəal, intensiv inkişaf üçün çox yararlı olan “narahat” intonasiyalara malikdir.
“BAYATI-ŞİRAZ”
Dinləyiciyə öz dərin təsir qüvvəsinə görə “Bayatı-Şiraz” da məşhur muğamlardan geri qalmır. Onun “Mayeyi-Bayatı-Şiraz”, “Nişibi-Fəraz”, “Bayatı-İsfahan”, “Xavəran”, “Hüzzal” şöbə və guşələri vardır.
“Bayatı-Şiraz” muğamında ən böyük və əhatəli şöbələrdən biri “Mayeyi-Bayatı-Şiraz”, digəri isə “Bayatı-İsfahandır”.
“HÜMAYUN”
“Hümayun” muğamı Yaxın Şərq xalqlarının musiqisində də geniş yayılmışdır. “Hümayun” muğamının əsas hissələri “Mayeyi-Hümayun”, “Şüştər” və “Tərkib” şöbələridir.
İnstrumental variantda “Mayeyi-Hümayun”a daha çox diqqət yetirilir, bu şöbənin bütün səciyyəvi cəhətləri diqqətə çatdırılır.
ARAZBARI - Zərbi muğamlardan biridir. Şur məqamına əsaslanır. Poetik mətni xalq bayatılarından ibarətdir. Hər bəndin sonunda “ay zalım” sözləri təkrarlanır. Aşıq havası kimi ustad aşıqların yaradıcılıq irsinə daxildir.
BAYATI - ƏCƏM - muğam şöbəsi. “Bayatı- kürd” kiçik həcmli muğamının tərkibinə daxil olan ikinci əsas şöbə (əcəm - ərəb olmayan adama deyilir, “əcəmin bayatısı” mənasını verir).
BAYATI - İSFAHAN - muğam şöbəsi. “Bayatı-Şiraz” muğam dəstgahının əsas şöbələrindən biri.
BAYATI - KÜRD - kiçik həcmli muğam. “Şur” muğam ailəsinə daxildir. Tərkibi üç şöbədən ibarətdir: a) “Bayatı-Kürd”; b) “Bayatı-Əcəm”; c) “Bayatı-Kürdə ayaq”.
BAYATI - QACAR - Muğam dəstgahı. Məcmusu “Bərdaşt”, “Mayə”, “Hüseyni”, “Şikəstə”, “Zil Bayatı-Qacar”, “Zəmin-xarə”, “Dügah”, “Mavərənnəhr”, “Şah Xətai”, “Ruhül-ərvah” kimi şöbələrdən ibarətdir.
BAYATI - RACE - “Şur” muğam ailəsinə daxil olan “Əfşari” muğamının guşələrindən biri.
BAYATI - TÜRK - muğam şöbəsi. “Şur” muğamının tərkibinə daxil olunaraq, rast məqamına keçid əmələ gətirir.
BƏXTİYARİ - “Humayun” dəstgahındakı ilk guşələrdən biri.
BƏRDAŞT - müqəddimə xarakterli muğam şöbəsi, dəstgahın giriş hissəsi. “mayə” şöbəsindən əvvəl ifa olunur. Və bu şöbəyə hazırlıq funksiyası daşıyır. Hər bir muğam dəstgah mütləq olaraq “Bərdaşt”la başlayır.
BƏSTƏ - NİGAR - muğam şöbəsi. “Çahargah” dəstgahının əsas şöbələrindən biri.
BİDAD - (hərfi mənada haqsızlıqdan şikayət) “Humayun” dəstgahının beşinci pillədə ifa olunan həzin və kədərli əhval-ruhiyyəli guşə.
CƏMƏDARAN - Şərq musiqisində: “Hümayun” dəstgahında “Bəxtiyari” şöbəsindən əvvəl oxunan guşə; “Bayatı-isfahan” dəstgahının ilk muğam şöbələrindən biri.
CİDAYİ - muğam şöbəsi. “Şur” muğam ailəsindən olan kiçik həcmli “Dəşti” muğamının ikinci (zil) şöbəsi (farsca “cidayi” - “mizraq”, “süngü” deməkdir). Həyəcanlı əhval-ruhiyyə daşıyr.
DƏŞTİ - (ərəb: dəşt – çöl, səhra) – kiçik həcmli muğam. “Şur” muöam ailəsinə daxildir.
DİLKƏŞ - muğam şöbəsi. “Şahnaz” kiçik həcmli muğamının ikinci şöbəsi. “Şahnaz” ilə “Şədd-şahnaz” arasında ifa olunur.
DÜGAH - muğam. “Rast” muğam ailəsinə daxil olan muğamlardan biridir. Mi bemol rast-məqam tonallığında ifa olunur. Əsas şöbələri “Bərdaşt”, “Mayeyi Dügah” , “Güşeyi-Bayatı-Qacar”, “Ruhül-Ərvah”, “Mavərənnəhr”, “Hüseyni”, “Şikəsteyi-fars”, “Dilruba”, “Əraq”, “Zəngi-Şütür”, “Rak” və “Dügah”.
ƏBU- ƏTA - “Şur” ailəsinə mənsub kiçik həcmli muğamlardan biri. Tərkibinə “Hicaz”, “Çahar-bağ”, “Səyyahi”, “Səlmi” (“Səlmək”), kimi şöbələr daxildir.
ƏBÜLÇƏP - muğam şöbəsi. “Bayatı-Şiraz” muğamında “Bayatı-İsfahan” dan sonra ifa olunan kiçik şöbə.
ƏMİRİ - muğam şöbəsi. “Şüştər” və “Rahab” muğamlarının əvvəlində ifa olunur.
HACI YUNİ - muğam şöbəsi. Ə. Bədəlbəylinin məlumatına əsasən, XIX əsr Azərb. Musiqisində “Rəvahi” dəstgahında “Bayatı-Şiraz” ilə “Sarənc” arasında; “Nəva” dəstgahnda “Şahnaz” ilə “Bayatı-kürd” arasında ifa olunmuşdur.
HƏZİN - muğam şöbəsi. “Şur”, “Çahargah”, “Nəva” dəstgahlarında istifadə olunur.
HÜSEYNİ (ərəbcə gözəl) - Orta əsrlərdə Şərq xalqlarının klassik musiqisində 12 əsas muğamdan biri. Müasir muğam ifaçılığı təcrübəsində muğam guşəsi. “Rast” və “”Mahur Hindi” muğam dəstgahlarında “Üşşaq” guşəsi ilə “Vilayəti” şöbəsi arasında ifa olunur.
XARƏZMİ - muğam şöbələrindən biri.
XARİC SEGAH - “Segah” muğam ailəsinə daxil olan dəstghlardan biri; “Segah” muğamının bir variantı olub, “Orta segah”dan kvarta aşağı, “si” mayəli segah məqamında qurulur.
XAVƏRAN - muğam şöbəsi. “Rast” dəstgahında “Xocəstə” ilə “Əraq” Şöbələri arasında; “Bayatı-Şiraz” dəstgahında “Bayatı-İsfahan” ilə “Üzzal” şöbələri arasında ifa olunur.
KEREŞMƏ (fars: göz vurmaq, nazlanmaq)- “Mahur” və “Çahargah” dəstgahlarının başlanğıcında ifa olunan bir guşə.
KƏSMƏ ŞİKƏSTƏ - Azərbaycan zərbi muğamı. “Kəsmə Şikəstəyə” bəzən “Bakı Şikəstəsi” də deyirlər. Poetik mətni xalq bayatılarından ibarətdir. Bu zərbi muğam qadın xanəndələrin yaradıcılığında xüsusi yer tutur.
KÜRDİ - muğam guşəsi. “Bayatı - kürd” muğamı kökündə olduğuna görə “kürdi” adlandırılmışdır.
KÜRD-OVŞARI - “Şur” dəstgahı kökündə zərbi muğam. Fikrət Əmirovun bəstələdiyi eyni adlı məşhur simfonik muğamda “Ovşarı” zərbi muğamı ilə yanaşı “Maani” (“Osmanı”) zərbi muğamından da geniş istifadə olunmuşdur.
KÜRD-ŞAHNAZ - “Şur” kökündə olan muğam.
QAFQAZ HÜMAYUNU - XX əsrin əvvəllərində Azərbaycan musiqi təcrübəsində mövcud olmuş “Hümayun” muğamının bir növü.
QARABAĞ ŞİKƏSTƏSİ - Azərbaycan şifahi ənənəli musiqisində zərbi muğam. Segah məqamına əsaslanır. Ölçüsü 2/4-dir. Poetik mətni xalq bayatılarından ibarətdir.
QATAR - kiçik həcmli muğam. “Rast” muğam ailəsinə daxildir. Tərkibi üç şöbədən ibarətdir. ”Zil Qatar”, “Mayeyi Qatar”, “Zil Qatar”. Do mayəli rast məqam tonallığında oxunur.
QATAR-BAYATI - kiçik həcmli muğam. “Qatar” muğamı ilə “Çoban bayatısı”nın intonasiyalarının birləşməsindən əmələ gəlmişdir. Bu muğam “Qatar”dan fərqli olaraq, “Çoban bayatısı” kadensiyaları ilə tamamlanır.
QƏMƏNGİZ - “Dəşti” muğamı daxilində olan bir guşə.
QƏRAİ - “Rast” muğam dəstgahında “Əraq” və “Pəncgah”dan sonra gələn şöbə. Muğamın zilindən bəminə doğru enmək “Qərai” şöbəsinə xasdır.
QƏRRƏ - Qədim Şərq musiqisində muğam guşəsi.
MAANİ - “Şur” muğam ailəsinə aid zərbi muğam. Muğam ifaçılığı təcrübəsində bu zərbi muğamı “Osmanlı” da adlandırırlar. “maani” xalq şeeri mətnlərinə oxunur. Burada qəhrəmanın hiss və həyəcanları, sevgilisinə müraciəti, vüsal arzusu və iztirabı əks olunur. Musiqi mətni marşvari ritmdə olub. Təmkinli xarakter daşıyır.
QAFQAZ HÜMAYUNU - XX əsrin əvvəllərində Azərbaycan musiqi təcrübəsində mövcud olmuş “Hümayun” muğamının bir növü.
MAHUR-HİNDİ - muğam dəstgahı. “Rast” muğam ailəsinə daxildir. “Rast” dəstgahından kvarta yuxarı qurularaq, onun variantını təşkil edir. Məqam tonallığına görə də mayəli rasta əsaslanır. Məcmusu: “Bərdaşt”, “Mayeyi-Mahur”, “Üşşaq”, “Hüseyni”, “Vilayəti”, “Şikəsteyi-fars”, “Əraq”, “Qərai” şöbə və guşələrindən ibarətdir.
MANƏNDƏ-HASAR - “Zabul Segah” muğamında “Bərdaşt” şöbəsindən sonra oxunan guşə.
MANƏNDƏ-MÜXALİF - muğam şöbəsidir. “Zabul Segah” muğamında “Muyə” və “Segah” arasında yerləşən şöbə.
MƏNSURİYYƏ - 1. Çahargah muğamında “Müxalif”dən sonra zildə oxunan şöbə, muğamın kulminasiyası. 2. Çahargah kökündə olan zərbi muğam.
MƏSİHİ - muğam şöbəsi. “Rahab” muğamında “Dilrüba”dan, “Rast” dəstgahında “Vilayəti”dən sonra ifa olunan şöbə.
MİRZƏ HÜSEYN SEGAHI - “Segah” muğam ailəsinə daxil olan dəstgah. İlk dəfə mirzə Hüseyn adlı Azərbaycan xanəndəsi (XVIII əsr) tərəfindən ifa olunduğundan onun adı ilə adlandırılmışdır.
MUYƏ - muğam guşəsi. Bir sıra muğam dəstgahlarında istifadə olunur.
MÜXALİF - muğam şöbəsi. “Çahargah” muğamında ifa olunur.
MÜBƏRRİQƏ - Muğam şöbəsi. Segah məqamına əsaslanır.
MEHƏYYƏR - “Mahur” dəstgahında “Əraq” şöbəsindən sonra ifa olunan parça
MÜXALİF - “Çahargah” dəstgahında “Hasar” ilə “Məğlub” arasında şöbə.
NAHƏVƏND - muğam guşəsi. Şərq musiqisində “Segah” dəstgahında “Guşeyi- mədain”dən sonra ifa olunan şöbə.
NƏHİB - 1. Şur dəstgahında Hüseyni ilə Əraq şöbələri arasında ifa olunan vokal-instrumental epizod 2. Rast dəstgahında Mübərriqə ilə Mühəyyər şöbələri arasındakı vokal instrumental parça
RAHAB - Kiçik həcmli muğam. Qədim mtarixə malikdir. “Şur” muğam ailəsinə daxildir. Tərkibinə daxil olan şöbələr: “Əmiri”, “Şikəsteyi-fars”, “Əraq”, “Qərai”. “Məsihi”, “Rahaba-ayaq”.
SAQİNAMƏ - muğam guşəsi; bu ad Şərq poeziyası nümunəsi ilə bağlı olub, mənası “eşq mahnısı” deməkdir; dəstgahın tərkibində ifa olunan canlı, şən xarakterli instrumental musiqi növüdür. “Şur”, “Hümayun”, “Mahur” muğamlarının ifası zamanı rast gəlinir.
SƏRƏNC (sarəng) - 1. “Şur” dəstgahında “Hicaz” ilə “Nişibi-fəraz” arasında yerləşən şöbə. Məqam əsasına görə segaha yaxındır. “Şur” muğamı daxilində segah məqamına keçid yaratmaqla, muğam kompozisiyasına rəngarənglik gətirir. 2. Üzeyir Hacıbəyov sarənci əlavə məqamlar sırasında göstərmişdir.
SEGAH-ZABUL - “Segah” muğam ailəsinə daxil olan muğam variantlarından biri.
ŞAHNAZ - 1. Kiçik həcmli muğam. XIX əsrin ifaçılıq təcrübəsində həm müstəqil muğam dəstgahı, həm də muğam şöbəs Tərkibi üç şöbədən ibarətdir: “Şahnaz”, “Dilkəş”, “Zil Şahnaz” (“Şəddi-şahnaz”). 2. Orta əsrlərdə Şərq xalqlarının musiqisində 6 avazdan biri.
ŞAH XƏTAİ - 1. XIX əsr Azərbaycan musiqisində “Şahnaz” dəstgahında şöbə; 2. Ənənəvi aşıq havası.
ŞƏDDİ-ŞAHNAZ - muğam şöbəsi. “Şədd” - bir melodiyanın ən ucadan, zildən oxunan hissəsinə deyilir, “Şahnazın zili” mənasını verir.
ŞƏHDİ-ŞAHNAZ - muğam şöbəsi. “Şahnazın balı” mənasını verir.
ŞİKƏSTEYİ-FARS - muğam şöbəsidir. Segah məqamına əsalanır. Bir çox muğamlarda - “Rast”, “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Orta Mahur”, “Şur”, “Segah”, “Mirzə Hüseyn segahı”, “Zəbul-segah”, “Dəşti”, “Bayatı-Şiraz” və s. istifadə olunur.
ŞUR-ŞAHNAZ - muğam şöbəsi. “Şur” muğam dəstgahına daxildir. “Şur” muğam dəstgahının tərkibində “Mayeyi-şur” şöbəsindən sonra ifa olunaraq, inkişafın yeni mərhələsini təşkil edir. “Şur-Şahnaz”ın dayaq-istinad pilləsi mayədən dörd pillə (kvarta) yuxarı (do şur) yerləşir.
TƏRƏBƏNGİZ - “Mahur” dəstgahında “Xavəran” ilə “Nişanpürək” arasındakı guşə.
TƏRKİB - muğam şöbəsi. “Şüştər” muğamının əsas şöbələrindən biri. “Hümayun” muğamında “Şüştər” ilə “Üzzal” arasındakı şöbə.
ÜŞŞAQ - “Rast”, “Mahur-Hindi”, “Orta-Mahur” dəstgahlarında “Mayə” şöbəsindən sonra (“Mayə” və “Hseyni” arasında) ifa olunur.
ÜZZAL - muğam şöbəsi. “Bayatı-Şiraz” dəstgahında “Xavəran” şöbəsindən sonra muğamın sonunda zildə oxunur.
VİLAYƏTİ - muğam şöbəsi. “Rast” və “Mahur-Hindi” dəstgahlarında ifa olunan əsas şöbələrdən biridir.
YETİM SEGAH - Azərbaycan şifahi ənənəli professional musiqisində muğam idi. “Segah” muğamının bir variantıdır. Xaric segah kökündə ifa olunur. Adətən, dinləyicidə kədərli əhval-ruhiyyə oyada biləcək üslubda ifa olunan muğamı belə adlandırırdılar.
YƏDİ HASAR - muğam guşəsi. “Zabul Segahı” dəstgahında “Əraq” ilə “Aşiri guş” şöbələri arasında yerləşir.
ZABUL SEGAH - muğam. Azərbaycan şifahi ənənəli musiqi irsində ən böyük muğam dəstgahlardan biri. “Segah” muğam ailəsinə daxildir. “Segah” muğamının variantlarından biridir. Məcmusu: “Mayeyi-Zabul”, “Muyə”, “Manəndi-müxalif”, “Segah”, “Məxluq”, “Şikəsteyi-fars”, “Mübərriqə”, “Əraq”, “Yədi-hasar”, “Aşiqi-guş” şöbələrindən ibarətdir.
ZƏMİN-XARA - 1. XIX əsrdə “Rast” dəstgahında “Mənsuriyyə” ilə “Rak-hisar” arasında; “Rahab” dəstgahında “Bayatı-Qacar” ilə “Mavərənnəhr” arasında; “Çahargah” dəstgahında “Mənsuriyyə” ilə “Mavərənnəhr” arasında yerləşən şöbə; 2. Müasir dövrdə “Şur” muğamında “Səmayi-şəms”dən sonra oxunan şöbə.