Eldənizlər
Eldənizlər[7] (fars. ایلدگزیان), həmçinin Eldəgəzlər,[7] İldənizlər[8] (türk. İldenizli Atabeyliği) və ya Azərbaycan Atabəyləri (fars. اتابکان آذربایجان, translit. Atabakan-e Āzarbayjan) — 1136–1225-ci illərdə Azərbaycanı, şərqi Anadolunu, şimali İraqı, İranı və Cibəli idarə etmiş tarixi dövlət. Sülalənin əsasının qoyulması qıpçaq əsilli Şəmsəddin Eldənizlə bağlıdır. Belə ki, Sultan Məsud tərəfindən Arranı iqta olaraq alan Eldəniz tezliklə hakimiyyətini bütün Azərbaycana yaymışdı. 1160-cı ildə oğulluğu Arslanşahı da hökmdar etdikdən sonra Eldəniz İraq Səlcuq sultanlığındakı hakimiyyəti də faktiki olaraq ələ keçirdi. Şəmsəddin Eldənizin dövründə Azərbaycan atabəylərinin torpaqları Arran, Azərbaycan, Şirvan, Cibəl, Həmədan, Gilan, Mazandaran, İsfahan, Rey, Mosul, Kirman, Fars, Xuzistan, Axlat, Ərzurum və Marağa torpaqlarını əhatə edirdi.[9]
Sülalənin möhkəmlənməsi Məhəmməd Cahan Pəhləvanın dövrü ilə bağlıdır. 1175-ci ildə Sultan Arslanşahın ölümündən sonra onun 7 yaşlı oğlu III Toğrulu hakimiyyətə gətirən Cahan Pəhləvan özünü onun atabəyi elan etdi və Şəmsəddin Eldəniz kimi faktiki hakimiyyəti öz əlinə aldı.[10] Atabəy Cahan Pəhləvan tərəfindən mərkəzi hakimiyyətə qarşı üsyanlar yatırılmış və qonşuluqdakı hakim sülalələr ilə dostluq münasibətləri yaradılmışdı. Cahan Pəhləvanın dövrü stabillik dövrü olduğu üçün Eldənizlərin hakimiyyəti altındakı torpaqlarda mədəni sahələr inkişaf etmişdi. Adı çəkilən atabəyin dövründə Eldənizlərin paytaxtı Naxçıvandan Həmədana köçürülmüşdü.[11]
Əsrin böyük şairləri Nizami və Xaqani Atabəylər dövründə yaşamışdılar. Hər iki şairin Eldəniz sarayı ilə sıx əlaqələri olmuşdur. Eldənizlər dövründə memarlıq sahəsində də bir sıra irəliləyişlər əldə edilmişdi. Arran və Naxçıvan-Marağa memarlıq məktəbləri bu dövrdə inkişaf etmişdi. Naxçıvan- Marağa memarlıq məktəbinin inkişafında Memar Əcəminin böyük rolu olmuşdur. Yusif ibn Küseyir türbəsi, Möminə Xatun türbəsi, Göy Günbəd türbəsi, Atabəylər məscidi kimi memarlıq nümunələri Eldənizlər dövrü ilə bağlıdır.[12]
Məhəmməd Cahan Pəhləvandan sonra hakimiyyətə qardaşı Qızıl Arslan gəldi. Qızıl Arslanın dövründə paytaxt Təbrizə köçürüldü. O, ara müharibələrinə son qoydu və həmçinin özünü sultan elan edərək Azərbaycan atabəylərinin hakimiyyətini, hökm etdikləri ərazilərdə qanuniləşdirdi. 1191-ci ildə Sultan Qızıl Arslanın ölümündən sonra taxt müharibələri yenidən başladı. Bu müharibələrdə Cahan Pəhləvanın oğulları, Əbu Bəkr, Əmir Əmiran Ömər və Qutluq İnanc əsas rol oynayırdılar.[13]
Hakimiyyətdə olan sonuncu hökmdarlar Əbu Bəkr və Özbəyin dövründə dövlət zəifləyərək süquta sürükləndi. Hər iki hökmdar dövlət işləri ilə maraqlanmır və vaxtlarını daha çox içki məclislərində keçirməyə üstünlük verirdilər. Özbəyin dövründə Azərbaycan atabəylərinin torpaqlarının çoxu itirilmişdi, onun hakimiyyəti təkcə Azərbaycanla məhdudlaşmışdı. Nəhayət xarici basqınlara əhəmiyyət verməyən son hökmdar Özbəyin dövründə bütün Eldəniz torpaqları Cəlaləddin Məngüberdi tərəfindən işğal edildi. Ona heç bir müqavimət göstərməyən Özbək isə 1225-ci ildə Əlincə qalasında öldü.[14]
Sülalənin mənşəyi[redaktə | mənbəni redaktə et]
Eldənizlər sülaləsinin banisi olan Şəmsəddin Eldəniz qıpçaqlardan idi. Mirxond yazır: Məlumatlı tarixçilər xəbər verirlər ki, qıpçaqların ölkəsində qədim çağlarda belə bir adət var idi: əgər hər hansı bir tacir birdəfəyə 40 qul alsaydı, onlan satan ondan yalnız otuz doqquzunun pulunu alır, qırxıncını pulsuz verirdi". Belə olmuşdu ki, Sultan Mahmudun hakimiyyəti dövründə bir qul alverçisi 39 qulu satıb, qırxıncı qul üçün pul götürməmişdi. Həmin qul da Eldəniz olmuşdur.[15]
Bəzi mənbələrə görə Eldənizin mənşəyi Qafqazdakı qıpçaqlardan, bəzilərinə görə isə Mərkəzi Asiyadan və Xorasan ərazisindəki qıpçaqlardan gəlməkdədir. Xarəzm tarixçisi Bahaəddin Məhəmməd ibn Müəyyəd Xarəzmşahların məktublarını qələmə aldığı əsərində Atabəy Cahan Pəhləvana aid bir məktubdan bəhs edərkən, atabəyin Xarəzm ordularının başında Taraza qədər gəlmiş qıpçaq Uran qəbiləsinin rəislərindən Kıranla "qohum olduğunu" yazmaqdadır. Xarəzm ordusuna keçənə qədər adı çəkilən qəbilənin böyük hissəsi müsəlman deyildi. Belə ki, qəbilə türk tanrıçılığına pərəstiş edirdi.[16]
Şəmsəddin Eldəniz (1136–1175)[redaktə | mənbəni redaktə et]
Həmçinin bax: Şəmsəddin Eldəniz
Sülalənin güclənməsi[redaktə | mənbəni redaktə et]
Azərbaycan tarixiEt Azərbaycan portalıbmr
Eldənizi qul kimi alan Səlcuq vəziri Sümeyrəminin 1122-ci ilin mayında sui-qəsdlə öldürülməsindən sonra Sultan Mahmud onun bütün var-dövlətini müsadirə etdirirdi. Eldəniz də sultanın xidmətinə keçdi. Sultan Mahmud Eldənizin bacarığını görüb, tərbiyəsini Əmir Nəsrə tapşırır. Tezliklə onu sultan mətbəxinə başçı qoydular. O, bu vəzifəsində ikən Sultan Mahmudu ölüm yaxaladı. Sultan II Toğrulun hakimiyyəti dövründə Eldəniz sultanın şəxsi məmlükləri sırasına keçirildi. Sultanın xanımı Mömünə xatun ona xüsusi iltifat göstərirdi.[17]
1136-cı ildə Sultan Məsud Arranı atabəy Eldənizə iqta torpağı verdi və o, Bərdəyə öz iqamətgahına yola düşdü. Eldəniz burada yerli əmirləri tezliklə öz tərəfinə çəkdi, sultan xidmətinə asılılıqdan çıxdı, saraya nadir hallarda gəlirdi. Yavaş-yavaş o, bütün Azərbaycana yiyələndi və xırda əmirlikləri özünə tabe etdirdi. Cüzcani yazır "Eldəniz Azərbaycan ərazisini öz hakimiyyəti altına alıb, çoxlu işlər gördü və bu ölkədə onun fəaliyyətinin izləri hələ də qalmaqdadır".[18] Bununla müstəqil Eldənizlər dövlətinin və bu dövləti idarə edən Eldənizlər sülaləsinin əsası qoyuldu. Eldənizin ələ keçirdiyi torpaqlara daxil olan Naxçıvan paytaxt seçildi.[9]
Hakimiyyətin ələ keçirilməsi[redaktə | mənbəni redaktə et]
Atabəy Şəmsəddin Eldənizin adına zərb olunmuş pul. Azərbaycan Tarixi Muzeyinin Numizmatikа Fоndu
1145–1146-cı illərdə Fars hakimi Boz Aba və Rey hakimi Abbas ittifaq bağlayaraq mərkəzi hakimiyyətə qarşı qiyam qaldırdılar. Bu ittifaqa Sultan Məsudun hacibi Əbdürrəhman ibn Toğan Yürək də daxil oldu. Sultan Məsud bu qiyamı yatıra bilmədiyi üçün atabəy Eldənizdən kömək istədi. Atabəy təcili yola çıxıb Məsudla birlikdə Kaşan ətrafında qiyamçıların qarşısına çıxdı. Döyüşdə üsyançılar məğlub oldular və geri çəkildilər. Eldənizin isə İraq Səlcuq sultanlğında nüfuzu daha da artdı.[19]
1160-cı ildə İraq Səlcuq sultanı Süleyman şah əmirlərin çıxışları nəticəsində taxtdan salınıb öldürülən zaman, qəsdin təşkilatçıları, başda nüfuzlu əyyanlardan olan Şərafəddin Müvəffəq Qord-Boz Eldənizə müraciətlə xahiş etdilər ki, öz oğulluğu Arslanşahı İraq sultanlığı taxtına çıxarmaq üçün Həmədana gətirsin.[20] 1160-cı ilin noyabrında Eldəniz 20 minlik ordunun başında Arslanşahla Həmədana daxil oldu. Burada onları dövlətin bütün əyan və əmirləri (Reyin hakimi İnancdan başqa) qarşıladılar və təntənəli mərasimdən sonra Arslanşaha tac qoydular. Sultan hakimiyyəti altında olan bütün yerlərdə onun adına xütbə oxundu.[21]
1160-cı ildə Şəmsəddin Eldəniz "Böyük Atabəy" titulu aldı və İraq Səlcuq sultanlığının idərisini faktiki olaraq ələ keçirdi. Böyük oğlu Məhəmməd Cahan Pəhləvan sultanın hacibi oldu, kiçik oğlu Qızıl Arslan isə ordunun ali baş komandanı təyin edildi.[22]
Atabəy Eldənizin İraq Səlcuq taxtını ələ keçirməsi asan olmadı. Arslanşaha qarşı taxtın 2 iddiaçısı meydana çıxdı. Marağa atabəyi nəzarəti altında olan Mahmud şah və Fars hakiminin nəzarəti altındakı Məlik şah. Bu iki iddiaçı xəlifənin təkidilə Eldənizə qarşı hərəkət keçdilər. Ancaq Eldəniz tez tərpənib onların birləşməsinə imkan vermədi. 2 avqust 1161-ci ildə Rey ətrafında Mahmud şah ibn Məhəmmədin ordusunu darmadağın etdi. Reyi ələ keçirib oranı Cahan Pəhləvanın iqtası elan etdi.[23] Rey hakimi Əmir İnanc da Eldənizin vassalına çevrildi.[24]
Daha sonra Eldəniz Marağa hakimi Nüsrətəddin Arslan-Abaya elçi göndərib, şahzadə Mahmud şah ibn Məhəmmədin verilməsini və özünün də sultan xidmətinə gəlməsini tələb etdi. Ancaq Nüsrətəddin bu tələbi yerinə yetirməkdən boyun qaçırdı və bildirdi: "Sultan mənim yanımda yaşayır!" Onda atabəy Eldəniz Cahan Pəhləvanın başçılığı altında ordu toplayıb, Marağa hakimi Nüsrətəddinə qarşı göndərdi. Nüsrətəddin yardım üçün Xilat hakimi şah-ərmən Seyfəddin bəy Teymura müraciət etdi və o da ordusunu köməyə göndərdi. Səfidrud çayındakı döyüşdə Cahan Pəhləvan məğlub oldu və Həmədana qaçdı.[25] Bir müddət sonra Marağa atabəyi Nüsrətəddin vəfat etdi. Eldəniz onun mülklərində çoxuna ələ keçirdi və Ağsunquriləri təsiri altına saldı.[26]
Sərhədlərin genişləndirilməsi[redaktə | mənbəni redaktə et]
1175 — Eldənizlərin ən geniş dövrü
Eldənizin sonuncu düşməni, Arslanşahın ali hakimiyyətini tanımaq istəməyən Fars hakimi Sunqur ibn Mədud 1161-ci ildə vəfat etdi. Yalnız onun yerinə gələn Zəngi ibn Mədud 1162-ci ildə sultandan və atabəy Eldənizdən vassal asılılığını qəbul edərək, onların adına pul kəsdirdi. Elə o il atabəy Eldəniz Ərdəbil vilayətini Məhəmməd ibn Ağ Quşdan aldı və həmin ərazini oğlu Cahan Pəhləvanın mülklərinə qatdı.[27]
1161-ci ildə gürcü qoşunları Eldənizlərin tabeliyində olan Dəbil şəhərinə hücum edib 10 minə qədər adamı qılıncdan keçirmiş, qadınları və uşaqları çılpaq halda Gürcüstana aparmışdılar. Gürcü qadınlarının etirazından sonra onların paltarları özlərinə qaytarılmışdı.[9] Baş vermiş hadisədən xəbər tutan atabəy Eldəniz Xilat, Marağa, Ərzən ər-Rum hakimlərini və başqa əmirləri gürcülərə qarşı birləşdirdi. 1163-cü ilin yanvarında atabəy Eldənizin qoşunları Gürcüstana daxil oldular. Eldənizin və III Georginin qoşunları arasında hərbi əməliyyat 1 ay davam etdi. Həmin ilin iyulunda əmirlərin birləşmiş qüvvələri gürcülərə qarşı ikinci yürüşə başladılar, Eldəniz Dəbil şəhərini onların əlindən aldı və III Georgini ağır məğlubiyyətə uğratdı, lakin bu məğlubiyyətə baxmayaraq, 1164-cü ilin aprelində gürcü qoşunları yenidən Dəbil şəhərinə həmlə edərək onu taladılar. Eldəniz yenidən onları şəhərdən qovdu və həmin ilin sonunda şəhəri Şəddadi əmiri Fəzlunun qardaşı əmir Şahənşahın ixtiyarına verdi.[28]
1167-ci ildə Mosul Atabəyləri Zəngilər də Arslanşahın hakimiyyətini qəbul etdi. Atabəy Eldəniz Kirman və Xuzistan hakimlərini də itaəti altına aldı. Beləcə, Atabəy Eldəniz dövründə Azərbaycan Atabəyləri İraq Səlcuqlularının bütün torpaqlarını əllərinə keçirdilər. Atabəyə itaət edən əyalətlər arasında Arran, Azərbaycan, Şirvan, Cibəl, Həmədan, Gilan, Mazandaran, İsfahan, Rey, Mosul, Kirman, Fars, Xuzistan, Axlat, Ərzurum və Marağa yer alırdı. Səlcuq müvərrixi əl-Hüseyni belə deyir: "Əsl hökmdar Atabəy Eldənizin özü idi. Əmrləri o verirdi, iqta torpaqlarını o paylayırdı, dövlət xəzinəsinə nəzarəti də o edirdi. Sultan Arslanşah ibn Toğrulun ancaq adı var idi".[26]
1167–1168-ci ilərdə Kirmanın hakimi Toğrul şah öldü və onun oğlanları arasında hakimiyyət uğrunda mübarizə başlandı. Toğrul şahın ortancıl oğlu II Arslanşah qaçıb Həmədana – Sultan Arslanşah və atabəy Eldənizin qulluğuna gəldi. 1168-ci ildə Atabəyin qüvvələri Kirmana daxil oldular. II Arslanşah Atabəyin vassalı kimi Kirmana hakim təyin edildi.[29]
1166-cı ildə çoxsaylı gürcü qoşunu Azərbaycana soxularaq Gəncəyədək irəlilədilər. Şəhər qarət və talanlara məruz qaldı. Bu müdaxilədən sonra, 1174-cü ilədək tərəflərdən heç biri fəal hərbi əməliyyatlar aparmadı, lakin 1174-cü ilin əvvəlində atabəyin Naxçıvandan Həmədana gələn arvadı Möminə xatun gürcü qoşunlarının yeni hücumundan xəbər gətirdi. 1175-ci ilin avqustunda atabəy Eldənizin, sultan Arslanşahın, Xilat hakimi Şah Ərmənin və Diyarbəkir hakiminin birləşmiş qüvvələri Cahan Pəhləvanın başçılığı altında gürcülərə qarşı daha bir yürüş etdilər. Ravəndinin məlumatına görə, gürcülər "məğlub edildilər, müsəlmanlar isə elə bir qələbə qazandılar ki, beləsini kimsə xatırlaya bilmirdi". Bu məğlubiyyətdən sonra gürcülər Dəbilə, eləcə də Eldənizlərin tabeliyində olan başqa torpaqlara olan hücumlarından müvəqqəti olaraq əl çəkdilər.[30]
1166–1167-ci illərdədə Atabəydən vassal asılılıqda olan Nişapur hakimi Ay-Aba Həmədana gəldi və atabəy Eldənizə bildirdi ki, xarəzmşah İl-Arslan öz qoşunlarını Nişapuru tutmağa yönəltmişdir. Atabəy Eldəniz Həmədandan Reyə yollandı və oradan xarəzmşah İl-Arslanın yanına aşağıdakı məzmunda bir məktubla elçi göndərdi: "Doğrudan-doğruya bu Müəyyid Ay-Aba sultanın məmlükdür, Xorasan isə sultanın ölkəsidir, onun atalarının və babalarının yeridir. Eləcə də sənin qaldığın Xarəzm də onun mülküdür! Əgər sən Nişapura hərəkət etsən, onda mənim cavabım sənə qarşı hücum və bizim aramızda müharibə olacaqdır. Sən özün haqqında düşünmürsənmi?!"[31]
Mühasirə 2 ay uzansa da, şəhər təslim olmadı. Atabəyin və Xarəzmşahın qoşunları arasında baş verən döyüş bir nəticə vermədi. Bununla belə, Eldənizlər çox keçmədən Nişapuru itirdilər. Belə ki, əvvəllər Eldənizlərin vassalı olan Nişapur hakimi Ay-Aba özü Xarəzmşahın tərəfinə keçmişdi.[32]
1168-ci ildə Marağa hakimi Arslan-Aba yenidən hakimiyyətə qarşı üsyan etdi, lakin bu üsyan Marağanı mühasirəyə alan Cahan Pəhləvan tərəfindən yatırıldı. Çox keçmədən marağalıların əvvəlki vassallığını bərpa edən barışıq imzalandı.[31] 1170-ci ildə Reyə hərəkət edən atabəy, bu əyaləti əlinə keçirib oğlu Cahan Pəhləvanın iqtaları arasına qatdı. Rey hakimi İnanc, atabəyin əmriylə öldürüldü.[33]
1175-ci ilin oktyabr-noyabr aylarında Şəmsəddin Eldəniz və dekabr-yanvar aylarında isə Arslanşah vəfat etdi.[34]
Məhəmməd Cahan Pəhləvan (1175–1186)[redaktə | mənbəni redaktə et]
Həmçinin bax: Məhəmməd Cahan Pəhləvan
Daxili mübarizə[redaktə | mənbəni redaktə et]
Məhəmməd Cahan Pəhləvanın adına zərb olunmuş dirhəm. Azərbaycan Tarixi Muzeyinin Numizmatikа Fоndu
Atabəy Eldənizin ölüm xəbəri Cahan Pəhləvana yetişən kimi o, dərhal Həmədandan Naxçıvana yola düşdü, dövlət xəzinəsini və taxt-tacın əmlakını öz nəzarəti altına aldı. Bütün qoşunları bir yerə toplayaraq, Atabəy hadisələrin sonrakı gedişini, Sultan Arslanşahın ona qarşı münasibətinin məqsədini gözləməyə başladı.[35][36]
Eldənizin siyasətindən narazı olan əmirlər Cahan Pəhləvanın Həmədanı tərk etməsindən istifadə edərək, sultan Arslanşahı böyük ordu ilə Azərbaycana hücum etməyə təhrik etdilər.[37] Lakin Zəncanda xəstələnərək, yenidən Həmədana qayıdan sultan Arslanşah, Cahan Pəhləvanı paytaxta dəvət edir, onunla barışır, dövlətin idarəsini ona tapşırdıqdan az sonra vəfat edir. Mənbələrin məlumatı Arslanşahın Cahan Pəhləvanın sərəncamı ilə zəhərlənməsi faktını təsdiq edir. Bu yolla rəqibini aradan götürən Atabəy, Arslanşahın 7 yaşlı oğlu III Toğrulu 1177-ci ildə sultanlıq taxtında əyləşdirir, özü də onun atabəyi olur.[38]
Cahan Pəhləvan onun tabeliyindən çıxmış vassalı, Xuzistan hakimi Aydoğdu Şimlənin çıxışını yatırmalı oldu. Atabəy Eldəniz öz sağlığında xəlifənin həmlələrinin qarşısını almağa qadir qüvvəyə malik olan bu vassalına həmişə qoşunla yardım etmişdi. Şimlə Atabəy Eldənizin ölümündən istifadə edərək Nəhavəndi hiylə yolu ilə daxil olaraq, şəhəri talan etdi, şəhər qazısını və hakimini isə edam etdirdi. Cahan Pəhləvanın göndərdiyi qoşunla baş vermiş döyüşdə Şimlənin ordusunu darmadağın edildi, ağır yaralanmış Şimlə isə əsir alındı və iki gün sonra öldü. Xuzistanda hakimiyyətə keçən oğlu Şərəfəddin Əmiran Atabəyə tabe oldu.[39]
Atabəyin qarşısında Səlcuq sülaləsindən yeganə maneə Sultan III Toğrulun əmisi şahzadə Məhəmməd idi. Şahzadə Məhəmməd III Toğrul hakimiyyətə gətirildikdən sonra İsfahana gedərək Atabəy Cahan Pəhləvana qarşı qoşun yığmağa başladı, lakin məğlub edildi və əsir alınaraq Sərcahan qalasında həbsə atıldı.[40]
Atabəy Pəhləvan Marağa atabəyi Arslan-Aba ibn Ağsunqurun 1175-ci ildəki vəfatından istifadə edib onun torpaqlarını əlinə keçirmək üçün hərəkətə başladı və təzliklə Marağa mühasirəyə alındı. Eyni zamanda Arran və Azərbaycan hakimi qardaşı Qızıl Arslan da Təbrizə hücum etdi. Marağa şəhərinin qaziül-qüzatı[q 1] Sədrəddin ilə bağlanan sülh müqaviləsinə görə Marağa, Ruindej qalası Ağsunqurilərə verilmək şərti ilə Marağa atabəylərinin digər torpaqları Eldənizlilərin əlinə keçdi. Arran və Azərbaycan hakimi Qızıl Arslan bunun üzərinə öz iqamətgahını Naxçıvandan Təbrizə köçürdü.[41]