Ayaqqabı
Ayaqqabının 7 min illik tarixi var. Ayağı zərərli xarici təsirlərdən qoruyan geyim növüdür. İnsan ən erkən inkişaf mərhələsində ayaqqabıya oxşar əşyalardan istifadə etmişlər. Paleolit dövründə ehtimal ki, ayaqabı əvəzinə ayağa xam dəri, yaxud gön dolamışlar. Dağlıq Altayda təqribən e.ə. 5-ci əsrdə dəri və keçədən hazırlanmış ayaqqabı geymişlər. Ayaqqabının növləri təbii coğrafi şəraitdən, başlıcası isə insanların təsərrüfat məşğuliyyətlərindən asılı olmuşdur. Azərbaycanda da ayaqqabıdan ən qədim zamanlardan istifadə etmişlər. Arxeoloji qazıntılar zamanı Mingəçevirdən e.ə. 8–11-ci əsrlərə aid Qafqaz uzunboğaz çəkmələrinə oxşar, gildən hazırlanmış qablar tapılmışdır. Ayaqqabı formasında olan belə qablar Qızılvəngdə, Xanlarda (Azərb. SSR), Gürcüstanda və Şimali Qafqazda da aşkar edilmişdir.
Ayaqqabıdan istifadə yerinə (məişət, istehsalat, idman, ortopediya), formasına (uzunboğaz çəkmə, çəkmə, tufli, səndəl), materialına (dəri, rezin və keçə, kombinə edilmiş material, toxunma və süni materialdan hazırlanan) və altlığın üzlüyə bərkidilməsi üsuluna (köbəli, yapışdırılmış, mıxlanmış, isti vulkanlaşdırılmış, ikisaplı və s.) görə müxtəlif qruplara ayrılır. Ayaqqabının rahatlığı onun nömrə və formasının ayağının ölçüsünə uyğunluğu ilə, ayaqqabının ölçüsü və ya nömrəsi isə qəlibin uzunluğu ilə müəyyən edilir. Bu, ştixmas (qəlibin və ayağın altını ölçən lent) sistemində ştix (1 ştix 2/3 sm), metrik sistemdə sm ilə göstərilir. SSRİ-də ayaqqabıların nömrələnməsində əvvəllər ştrixmas sistemi işlədilirdi. 1967-ci ildən metrik sistemə keçilmişdir. Bu sistemdə yanaşı nömrəli ayaqqabılar bir-birindən 0,5 sm fərqlənir.
Ayaqqabılar əsasən üzlük və altlıqdan ibarətdir. Altlıq — gön, rezin, süni dəri, taxta və plastik kütlə, üzlük isə yumşaq dəri, meşin, tumac, şevro, xrom, toxuma və süni materiallardan (kirza, şarqolin, süni zamşa) olur. Süni material ayaqqabının hazırlanma prosesini sadələşdirir, çeşidini artırır, keyfiyyətini yüksəldir. Məsələn: altlıq üçün işlədilən rezin 3–4 dəfə göndən yüngül, həm də 1,5–2 dəfə davamlı olur. Ayaqqabı istehsalı prosesi — materialın biçilməsi, hissələrin hazırlanma, quraşdırılma, bitişdirilmə və qəliblənməsi, üzlüyə bərkidilməsi, habelə hazır ayaqqabıya bəzək vurulmasından ibarətdir. İsti vulkanlaşdırılma üsulu ilə xam rezin qarışığından altlıq və dabanın qəliblənməsi, üzlüyə bərkidilməsi əməliyyatları eyni vaxtda aparılır. Bu üsul ayaqqabı istehsalını yüksək dərəcədə mexanikləşdirməyə və avtomatlaşdırmağa imkan verir. Ancaq son illər ayaqqabıdan ayaqları qorumaq üçün yox, gözəl və ya hündürboylu görünmək üçün istifadə edirlər.
XIX–XX əsrin əvvəlində Azərbaycanda kişi və qadın ayaqqabılarının bir neçə növü mövcud idi. Azərbaycanlılar, xüsusən kəndlilər arasında ən çox yayılmış ayaqqabı növü – çarıqlar idi ki, onlar ya iribuynuzlu qaramalın xam, kəndlilərin özlərinin emal etdiyi dərisindən (gönündən), ya da daha mükəmməl üsulla emal olunmuş dəridən – aşılanmış göndən tikilirdi.
Dikdabanların yaranma tarixi də çox qədim zamanlara dayanır. Keçmişdə indiki zamandan fərqli olaraq ayaqqabının ayağı isti saxlaması və rahat olması kifayət idi. İlk ayaqqabılar həsirdən toxunurdu və qızılla bəzədilirdi. Bu ayaqqabılar əlbəttə ki, fironlar və varlı təbəqə üçün tikilirdi.
Ayaqqabını icad edənin kimliyi barəsində dəqiq məlumat olmasa da, mütəxəssislər hündür daban ayaqqabının fərdi istifadə sayəsində ortaya çıxdığına inanır. Misirli fermerlər torpağa batmamaq üçün ayaqqabıların altına əlavə daban taxırmışlar. At sürən kişilər yəhərin üzərində rahat dayanmaq üçün hündürdaban ayaqqabıdan istifadə edirmişlər. Müasir hündürdaban ayaqqabını isə Leonardo Da Vinçi hazırlayıb. Hündürdaban ayaqqabı 17-ci əsrdə məşhurlaşmağa başlayır. Maraqlısı odur ki, bu ayaqqabıların ilk sahibləri yalnız kişilər olub. Ən yüksək hündürdaban ayaqqabıları və qırmızı dabanlı ayaqqabıları ancaq soylu ailələrin geyinməsinə icazə verilirdi.18-ci əsrdə hündürdaban ayaqqabıları kişilər yox, qadınlar hündürdaban ayaqqabılar geyinməyə başlayırlar. Dabanları 10-12 sm çat bu ayaqqabıların qadınlar üçün zəriflik göstəricisi olduğuna inanırdılar.
1789-cu ildə fransız qiyamı ilə birlikdə hündürdaban ayaqqabı yerini yastıdaban ayaqqabılara verir. 50 il ərzində qadınlar öz sağlamlıqları haqda düşünərək altı düz səndəllər geyindilər. Ballarda belə zərif ipək ayaqqabılardan istifadə edilirdi. Ancaq 19-cu əsrdə hündürdaban ayaqqabı dəbi geri qayıdır. Gənc və subay qadınlar hündürdaban ayaqqabı geyindikdə daha cazibədar göründüklərini düşünsələr də, bilmədikləri bir çox məsələ vardı. Bu cür ayaqqabılar orta çəkidə olan qadınları daha da kök göstərirdi. Çox incə ayaqları olanlar isə hündürdaban ayaqqabıda çox pis görünürdülər. Ancaq incə bir daban bu cür ayaqları daha gözəl göstərirdi.Dabanı 4 sm-dən hündür olmayan tuflilər XIX əsrin sonu, XX əsrin əvvəllərində yaranmağa başlayır. 1906-cı ildə fransız ayaqqabı dizayneri Andre Perudcia qadınlar üçün indiyədək tələb olunan “stiletto” ayaqqabı modelini yaradır. Bu ayaqqabılar nazik və iti burunlu olduğu üçün, itiuclu alətə bənzədilirdi. “Stiletto” adı da buradan qaynaqlanır. Stilettonun iti burunlu, hündür nazik dabanı qadın ayaqlarını olduqca zərif və incə göstərir. Stilettolar məşhurluğunun pik nöqtəsini XX əsrin 50-ci illərində yaşayır.
Bundan sonra kuturyelər onun geniş istehsalı ilə məşğul olur. Stilettonu qadın və kişi predmetinə çevirməyi bacaran fransız dizayner Roje Vive onlar arasında ən məşhuru idi. Bu ayaqqabıların məşhur olmasında ispaniyalı ayaqqabı dizayneri Manolo Blahnikanın da böyük rolu olub. Blanik 1974-cü ildə özünün ilk stiletto cütünü və daha iti burunlu modelini istehsal edir. Manolo Blahnikin rəqibi Christian Louboutin stilettoların bərpası ilə məşğul olmağa başlayır. O, stilettoları hər kolleksiyasında yeni rənglərdə, formalarda və müxtəlif materiallarda öz alıcısına təqdim edir.
Hazırda stilettolar hər yaş həddində olan qadınların sevindiyi klassik ayaqqabı modelinə çevrilib.Hazırda dünyanın ən bahalı ayaqqabısının qiyməti 17 milyon dollar olan "ehtiras almazı" sayılır. İpək, qızıl və hər biri 15 karatlıq olan 238 almazdan hazırlanan bu ayaqqabının dizaynı və modeli italyan dizaynerləri tərəfindən hazırlansa da ilk dəfə o Dubayda “Burj Al Arab” təqdim olunub. Qeyd edək ki, bu dəyərli parça yeganə nüsxədə hazırlanıb. Dizaynerlər bu şedevrin üzərində doqquz ay çalışıblar.2021-ci ildə Las-Veqasda dünyanın ən qədim auksion evlərindən biri olan Sotheby’s-də keçirilən hərracda bir ilk yaşanıb.
İdman geyimləri və akssesuarları istehsalçısı Nike-ın “Air Ships” seriyalı idman ayaqqabısı rekord qiymətə - 1 milyon 470 min dollara satılıb.
Bu idman ayaqqabılarını özəl edən isə onların ən məşhur basketbol ulduzu, ikiqat Olimpiya çempionu amerikalı Maykl Cordana məxsus olmasıdır. Bir çox reytinqlərdə “dünyanın ən yaxşı basketbolçusu” adlandırılan, 1980-1990-cı illərdə basketbol idman növünü bütün dünyada məşhurlaşdıran Cordan Milli Basketbol Assosiasiyasında ilk peşəkar karyerasına başladığı “Chicago Bulls” klubunda keçirdiyi birinci mövsümdə həmin ayaqqabıları geyinib.
NBA tarixində ilk milyarder oyunçu olan Maykl Cordanın sevimli modeli həm də idman sahəsində indiyə qədər satılmış ən bahalı ayaqqabıdır. Hərracın qalibi məşhur kolleksiyaçı Nik Fiorella olub.
İndiyə qədər auksionda satılmış ən bahalı idman tərzində ayaqqabı isə məşhur repçi Kanye Uestin geyindiyi, bu ilin aprelində 1,8 milyon dollara satılan “Nike Air Yeezy 1 Prototype” modelidir.
İtaliya dünyada orta və yüksək təbəqələr üçün ayaqqabı istehsalında liderdir. Ölkədə dəbdəbəli ayaqqabılar istehsal edən 30 mindən çox müxtəlif şirkətlər var.
Lakin hər kəsin cibinə uyğun ən çox ayaqqabı istehsal edən ölkə isə Çindir. Burada bir il ərzində 10 milyard cütdən çox ayaqqabı istehsal edilir.