Rabitə

EPQ2...fs1t
17 Feb 2024
28

Azərbaycanda rabitənin tarixi çox qədimdir, yazılı məlumatların qasidlər vasitəsilə mübadiləsi qədimdən məlumdur.
Azərbaycanda rabitə əlaqələri müxtəlif qasidlər, çaparlar, dəvə karvanları və digər formada mövcud olmuşdur. Dövlət səviyyəsində poçtun əsası 1501-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətai tərəfindən qoyulmuşdur.
Azərbaycanda ilk teleqraf xətti 1
885-ci ildə çəkilmişdir. Bakı qubernatoruna Qafqazda olan mülki hissə rəhbərliyinin 1884-cü il 31 dekabr məlumatında Lənkərandan Astaraya qədər teleqraf xəttinin çəkilişi haqda göstəriş verilmişdir.
9 iyulda Bakı teleqraf stansiyasının rəhbərliyi Bakı şəhərinin başçısına müraciət edərək Bakı şəhərində ümumistifadəli telefon şəbəkəsi yaradılması üçün mərkəzi stansiya tikilməsi haqda layihənin hazırlandığını bildirmişdir.
1886-cı ildə Bakı şəhərində telefon stansiyası tikilməsi və 20 il istismar olunması haqqında Peterburq şəhərində Baş Poçt Teleqraf İdarəsi ilə Moskvanın 1-ci dərəcəli taciri arasında 40 maddədən ibarət kontrakt imzalanır. Bakı şəhər Duması şəhərdə telefon xətlərinin tikintisi üçün xüsusi qərar qəbul edir. 1895-ci ildə Bakı Quberniyasında 19 poçt və teleqraf müəssisəsi fəaliyyət göstərirdi.
1900-cü ildə Bakı-Dərbənd arasında poçtun dəmir yolu ilə daşınmasına başlanır. 29 dekabrda neft istehsalı ilə məşğul olan "Nobel qardaşları" cəmiyyəti Bakı Poçt Teleqraf idarəsi rəisinin müraciətinə əsasən telefon aparatlarının sayı, ünvanı, ATS-dən olan məsafələr haqda məlumatlar təqdim etmişdir.
1919-cu il martın 1-də Azərbaycan Teleqraf Agentliyi təsis olunur.
Martın 15-də Azərbaycanla Gürcüstan arasında pul baratları, qiymətli məktub, bağlama və poçt korrespondensiyalarının mübadiləsi həyata keçirilməyə başlayır.
1919-cu il oktyabr ayının 20-də Azərbaycan əsgərinə həsr olunmuş ilk Azərbaycan poçt markası buraxılır.
1919-cu ilin noyabr ayında Azərbaycanda ilk Radiostansiyanın fəaliyyətə başlaması barədə sərəncam imzalanmışdır.
1918-ci il mayın 28-də Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradılır. AXC yarandığı gündən ölkədə poçt və teleqrafın inkişafı istiqamətində mühüm işlər görür. 1918-ci ildə müstəqil dövlətin Poçt və Teleqraf Nazirliyi yaradılır. Məlikaslanov, A.Aşurov, C.Hacınski ilk rabitə nazirləri olmuşlar.
1920-ci il aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti qurulur və Poçt və Teleqraf Komissarlığı yaradılır. 1953-cü ilə kimi Azərbaycan Rabitəsi SSRİ Rabitə Nazirliyinin Azərbaycan üzrə daimi nümayəndəsi tərəfindən idarə olunurdu. 1953-cü ildən etibarən Azərbaycan SSR Rabitə Nazirliyi yaradılır.
Ölkəmizdə rabitənin inkişaf tarixinə nəzər saldıqda görünür ki, həm çar imperiyası dövründə, həm Xalq Cümhuriyyəti dövründə o vaxtın tələblərinə uyğun rabitə şəbəkəsi yaradılmışdır.
Sovet hakimiyyəti illərində isə Azərbaycan rabitəsində müəyyən işlər görülsə də 60-cı illərdə respublikamız bu sahədə ittifaqın digər respublikalarından çox-çox geri qalırdı. Yalnız 1969-cu ildə böyük öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra digər sahələrlə bərabər rabitə də güclü inkişaf yoluna qədəm qoymuşdur. Bu inkişaf ötən əsrin 70-ci illərində sürətlənmiş və diqqətəlayiq nailiyyətlər əldə olunmuşdur.1970-ci illərə qədər Azərbaycanda rabitənin vəziyyəti qənaətbəxş deyildi. O dövrdə respublikanın paytaxtı Bakı şəhərində hər 100 nəfərə orta hesabla 6 telefon düşürdü ki, bu da keçmiş Sovetlər İttifaqında ən aşağı göstərici idi.
Azərbaycanda rabitə sisteminin əsas inkişaf dövrü ötən əsrin 70-80-ci illərinə düşür. Həmin illərdə respublikaya rəhbərlik etmiş Heydər Əliyevin bu sahənin inkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqət o dövrün rəsmi sənədlərində geniş şəkildə öz əksini tapıb. 1970-ci il iyun ayının 24-də Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə "Respublikada rabitə vasitələrinin vəziyyəti və gələcək inkişafı üzrə tədbirlər haqqında" məsələ Mərkəzi Komitənin bürosuna çıxarılmış və tarixi qərar qəbul edilmişdir. Qərarda Bakı, Sumqayıt, Gəncə şəhərlərində telefon rabitəsinin qeyri-qənaətbəxş olduğu, bir çox rayon mərkəzlərində hələ də əllə qoşulan köhnə telefon stansiyalarının fəaliyyət göstərdiyi, sovxozların yalnız yarısının, kolxozların isə 25 faizinin telefonlaşdırıldığı və digər geriliklər qeyd olunmuş, rabitə vasitələrinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi Rabitə Nazirliyinin ən vacib vəzifələrindən biri hesab edilmişdir. Qərarda 1971-75-ci illərdə 16 rabitə qovşağı üçün binaların tikilməsi, şəhərlərin icraiyyə komitələri tərəfindən ATS binalarının inşa edilməsi, o cümlədən Bakıda hər il 1 ATS binasının tikilməsi, Rabitə Nazirliyi tərəfindən ATS avadanlıqlarının alınması və texnoloji avadanlıqların inşası, bütün bunlar üçün lazımi vəsaitin ayrılması və digər mühüm tədbirlərin həyata keçirilməsi öz əksini tapmışdır.
1976-cı ildə təkcə Bakı telefon şəbəkəsinin gücü 1927-ci illə müqayisədə 20 dəfədən çox artmış, telefon Azərbaycan əhalisinin məişətinin ayrılmaz hissəsinə çevrilmişdi.
1970-80-ci illərdə rabitənin inkişafı təkcə Bakı şəhəri ilə məhdudlaşmır, respublikanın digər bölgələrini də əhatə edirdi. Bu illərdə Gəncədə beşmərtəbəli xüsusi rabitə binası istifadəyə verildi, orada 8 min nömrəlik ATS, şəhərlərarası ATS, teleqraf və radio avadanlıqları quraşdırıldı, Sumqayıtda 9 min nömrəlik ATS, Naxçıvanda 5 min nömrəlik ATS inşa edilməklə yanaşı, digər şəhər və rayonlarda, kənd və qəsəbələrdə də ATS tikintisi aparılırdı.
1974-cü il avqustun 30-da Azərbaycan SSR KP MK-nın və Nazirlər Sovetinin 304 saylı qərarına əsasən "Telefon rabitəsinin vəziyyəti və inkişafı" məsələlərinə baxılmışdır. 304 saylı qərar böyük əhəmiyyətə malik idi. Belə ki, həmin müddətdə Bakı şəhərinin 100 nəfərinə 6,38 telefon aparatı düşürdü. Həmin rəqəmin 15 telefon aparatına qaldırılması, 6, 7, 8-ci mikrorayonlarda, Əhmədli və 8-ci km qəsəbələrində yeni ATS binalarının tikilməsi, kabelsiz yaşayış binalarının kabelləşdirilməsi, stansiyalararası birləşdirici kabel xətlərinin çəkilməsi məsələləri qoyulmuşdu.Respublikanın Rabitə Nazirliyinin öhdəsinə 1974-1980-ci illərdə ümumi gücü 164,4 min nömrəlik ATS-lərin tikintisi və montajı məsələləri qoyulmuşdu. Bununla əlaqədar 30 sentyabr 1974-cü ildə Azərbaycan SSR Rabitə Nazirliyinin əmrinə əsasən 1974-1980-ci illərdə Bakı şəhərində yeni ATS-lərin tikintisi və istismara verilməsi planı təsdiq edilmişdir ki, bu da rabitə sahəsində yeni nailiyyətlər əldə etməyə imkan verirdi.
1976-cı ilin 1 yanvar tarixində Bakı telefon şəbəkəsində (BŞTŞ) 36 telefon stansiyası fəaliyyət göstərirdi. Abunəçilərin sayı 90,13 min idi. İstismar edilən stansiyaların 30 ədədi ATS, 6 ədədi isə əl ilə xidmət edilən idi. Telefon-avtomatlarının və ümumi istifadədə olan telefonların sayı 2.468 ədəd təşkil edirdi ki, bunlardan da 2.236-sı taksofon idi.
Bu illər ərzində respublikanın digər şəhərlərində və rayon mərkəzlərində telefon şəbəkələri inkişaf etdirilirdi. 1971-80-ci illərdə respublika üzrə 179.600 nömrə tutumuna malik ATS-lər tikilib istismara verilmişdir ki, bunun da 106.500 nömrəsi Bakı şəhərinin payına düşürdü.
Kənd yerlərində əsas telefon aparatlarının sayı 1969-cu ildə 25700 nömrə olduğu halda, 1975-ci ildə 44359 ədədə, 1980-ci ildə isə 69013 ədədə çatdırılmışdı.
1980-ci ildə respublikada montaj olunmuş telefon stansiyalarının tutumu 279,1 min nömrə, o cümlədən bunların 274,12 mini ATS sistemli idi. Şəhər telefon şəbəkəsinin abunəçilərinin ümumi sayı 234,7 min idi ki, bu da 1975-ci ilə nisbətən müqayisədə 1,4 dəfə çox idi.
Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsində respublikanın rabitə sistemində böyük nailiyyətlər əldə olundu. 1974-80-ci illərdə təkcə Bakı şəhərində ümumi tutumu 164.400 nömrə olan ATS-lərin tikilib istifadəyə verilməsi planlaşdırıldı və həyata keçirildi.
1981-ci ilin yanvarın 1-nə olan məlumata görə, Bakı şəhər telefon şəbəkəsində 31 stansiya və yarımstansiya fəaliyyət göstərirdi. Bunlardan 28 ədədi ATS, yəni 23 ədədi dekada-addım, 5 ədədi koordinat, 3 ədədi MB sistemli idi.
Həmin illərdə poçt, teleqraf və teleradio proqramlarının yayımı sahələri də diqqətəlayiq inkişaf yolu keçmişdir. Bakıda Dəmir yolu yanı poçtamt binasının, Rabitə evi, onlarla rayon mərkəzində rabitə qovşaqları üçün binaların, bundan başqa respublikada 300-dən çox poçt şöbəsi binasının tikintisi o dövrdə reallaşmışdır.
1982-ci il yanvar ayının 23-də gecə saat 00-da Bakı Teleqrafının yeni binasında 2000/1817 tutumlu "Nikola-Tesla" teleqraf stansiyası istismara verilmişdir.
1979-cu ildə Heydər Əliyevin şəxsi rəhbərliyi altında yaradılmış komissiya tərəfindən Bakıda - köhnə teleqüllənin yaxınlığında tikilməsi nəzərdə tutulan 310 metrlik yeni teleqüllənin layihəsi təsdiq edilmiş və 1981-ci ildə obyektin tikintisinə başlanmışdır. Buna baxmayaraq bir sıra obyektiv və subyektiv səbəblər üzündən yeni teleqüllənin istismara verilməsi ləngidilsə də, ümummilli lider Heydər Əliyevin respublikamıza ikinci dəfə rəhbərlik etdiyi dövrdə onun diqqət və qayğısı sayəsində xalqımızın istifadəsinə verilmişdir.1982-88-ci illərdə respublikamızın rabitə sistemində geriləmələr müşahidə olunurdusa, 1988-ci ildən 1993-cü ilədək laqeydlik və biganəlik üzündən mövcud ATS-lərin, digər rabitə qurğularının dağıdılması nəticəsində ölkənin rabitə sistemi acınacaqlı vəziyyətə düşmüşdü.
Xalqımızın ümid yeri olan Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan milli rabitəsi yenidən qurulmaqla inkişaf etməyə başladı.
Ölkə rəhbərinin müdrik siyasəti nəticəsində tədricən bərqərar olan sabitlik şəraitində respublikaya xarici investorlar cəlb olundu. Rabitə sahəsinin inkişafında əsl dönüş də bundan sonra başlandı.
1993-cü ildən başlayaraq xarici rabitə şirkətləri, ilk növbədə Türkiyənin "Teletaş" və "Netaş" şirkətləri tərəfindən Bakıda, Sumqayıtda, Gəncədə və digər bölgələrdə müasir elektron tipli ATS-lər qurulmuş, "Aztelekom" İstehsalat Birliyində 2000 kanallı Beynəlxalq Telefon Stansiyası, 6150 kanallı respublika daxili Şəhərlərarası Telefon Stansiyası, ABŞ-ın "Motorola" şirkətinin investisiyası ilə sellülar rabitə xidməti göstərən "Baksell", Türkiyə rabitəçiləri ilə "Azərsell" və digər birgə müəssisələr yaradılmışdır.
Bütün bunlar Heydər Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan milli rabitəsinin parlaq inkişaf yolunun yeni mərhələsi idi. Buna baxmayaraq rabitənin bəzi sahələrində hələ də gerilik hökm sürürdü. Nəinki ucqar rayonlarda, Bakıətrafı kənd və qəsəbələrin əksəriyyətində telefon rabitəsi yox idi. Bakıdan 5-10 km məsafədə yerləşən yaşayış məntəqələri ilə telefon əlaqəsi saxlamaq mümkün deyildi.
Müdrik rəhbərin xüsusi diqqət və qayğısı, tapşırıq və göstərişləri ilə Azərbaycan rabitəsinin genişləndirilməsi və müasir dünya standartları səviyyəsində qurulması istiqamətində genişmiqyaslı işlər görülməyə başlandı. Təsadüfi deyil ki, ölkə ictimaiyyəti və mətbuat 1998-ci ili rabitədə dönüş ili, texniki inqilab ili adlandırmışdır. Həmin il ərzində respublikamızda 108 min nömrəyə yaxın tutuma malik elektron tipli müasir ATS-lər qurulub istifadəyə verilmişdir.
1998-2003-cü illərdə Bakıda 40/41, 30/31, 50, 54, 56, 21/22, 27, 32 və digər indekslərlə işləyən, Bakı ətrafındakı bütün yaşayış məntəqələrində, Gəncə, Mingəçevir, Bərdə, Yevlax, Quba, Qusar, Dəvəçi, Şəki, Qax, Oğuz, Lənkəran və digər rayonlarda elektron tipli müasir ATS-lər tikilib istifadəyə verilmiş, Naxçıvan Muxtar Respublikası başdan-başa telefonlaşdırılmış, Azərbaycanın bütün yaşayış məntəqələri ən azı bir telefonla təmin olunmuşdur.
Müqayisə üçün qeyd edək ki, ölkəmizdə 1996-cı ildə 645.100 ədəd əsas telefon aparatı var idisə, 2002-ci ilin 1 oktyabr tarixinə bu rəqəm bir milyon ədədə çatdırılmışdır.
1993-2003-cü illərdə görülən işlər nəticəsində ölkənin telefon şəbəkəsinin 48,4 faizi, o cümlədən Naxçıvan Muxtar Respublikasının telefon şəbəkəsi 100 faiz elektronlaşdırılmış, əsas telefon aparatlarının sayı 1991-ci ildəki 611,5 min ədəddən bir milyon ədədə çatdırılmış, respublikamız Trans-Asiya-Avropa kabel magistralına qoşulmuş, Bakıətrafı kənd və qəsəbələrin hamısı telefonlaşdırılmış, bütün bölgələrin yaşayış məntəqələri telefon rabitəsi ilə təmin olunmuş, ölkənin bütün ərazisində internet xidmətlərindən istifadə etmək imkanı yaradılmış, telefon rabitəsi şəbəkəsində stansiyalararası rabitənin 80 faizi rəqəmli formada təşkil edilmişdir.Ölkədaxili telefon kodları beynəlxalq normalara uyğunlaşdırılmış, Bakı şəhər telefon şəbəkəsinin genişləndirilməsi üçün geniş imkanlar yaradan SDH avadanlığı tətbiq olunmuş, TAE magistral fiber-optik kabel xəttinin imkanlarından istifadə etməklə Türkiyənin "Türk Telekom" şirkəti ilə birgə həyata keçirilən tədbirlər nəticəsində BTRİB-in "Bakinternet" şəbəkəsi Türkiyənin "Qlobal-TT-Net" provayderi vasitəsilə Ümumdünya internet şəbəkəsinə qoşulmuş, AzTV-1 və "Respublika" radio proqramının ölkə ərazisində 100 faiz yayımı təmin edilmiş, rəqəmsal televiziya yayımının təşkil edilməsi ilə əlaqədar hazırlıq işləri başa çatdırılmış və yaxın gələcəkdə yayımın təşkil edilməsi nəzərdə tutulmuş, respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən poçt filiallarının və telekommunikasiya qovşaqlarının hamısı 100 faiz On-line (canlı) rejimində nazirliyin Məlumat Hesablama Mərkəzinin şəbəkəsinə qoşulmuş, dünyanın 41 ölkəsi ilə ikitərəfli poçt əlaqələri yaradılmışdır.
Rabitəçilərin qazandıqları nailiyyətlərin siyahısı çox böyükdür. Ancaq, bu, son hədd deyil. Bu nailiyyətləri daha da artırmaq əzmində olan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi görülmüş işlərlə kifayətlənmir. Müasir texnologiyaların inkişaf etmiş dünya ölkələrində olduğu kimi, respublikamızda da tətbiq olunması, bütün bölgələrdə istifadəçilərin tələbatına uyğun internet şəbəkəsinin genişləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarının, genişzolaqlı DATA şəbəkələrinin, rəqəmsal DSL texnologiyalarının, müxtəlif modifikasiyalı abunəçi multipleksorlarının geniş tətbiqinin təşkil edilməsi üçün tədbirlər planı hazırlanmışdır.
Hazırda tədbirlər planına uyğun olaraq yuxarıda qeyd edilən müasir texnologiyaların tətbiqi üçün konkret işlər görülür və bu işlər yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin göstərdiyi yolla inamla irəliləyən, ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyə və göstərişlərini daim yüksək səviyyədə yerinə yetirməyə çalışan fədakar rabitəçilər milli rabitənin keçdiyi inkişaf yolunu bu gün də böyük ruh yüksəkliyi ilə davam etdirirlər.
Bu günlərdə ölkə Prezidenti rabitə və informasiya texnologiyaları sahəsində çalışan işçilərin zəhmətini yüksək qiymətləndirərək peşə bayramı münasibətilə 8 fərqlənən işçini "Əməkdar mühəndis" fəxri adı, 1 işçini "Şöhrət" ordeni, 21 işçini "Tərəqqi" medalı, 1 işçini isə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif etmişdir.

Get fast shipping, movies & more with Amazon Prime

Start free trial

Enjoy this blog? Subscribe to murad

0 Comments