Dayanıb bir dağ təki,dağlar qoynunda Şəki

22ss...gYW9
9 Feb 2024
49

Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir.
Şəki bölgəsində Azərbaycan xalqının formalaşmasında mühüm rol oynamış kimmer-iskit-sak türkləri hələ eramızdan əvvəl VIII əsrdən başlayaraq toplu halda məskən salmışlar.
Arxeoloji qazıntı materialları ilə yanaşı qədim Aşşur (Asssuriya), Roma-yunan mənbələrində bu barədə zəngin faktik materiallar vardır. «Tarixin atası» Herodotun (e.ə. 484-425) «Tarix» əsərində, Ksenofontun (e.ə. 434-355) «Anabasis»ində, Strabonun (e.ə. 63-b.e. 23) «Coğrafiya»sında, Plininin (27-79) «Təbii tarix»ində, Plutarxın (46-127) «Paralel tərcümeyi hallar» əsərində, Klavdi Ptolemeyin (87-165) «Coğrafiya»sında bu barədə olduqca qiymətli məlumatlar vardır. Müasir Şəki (Saki // Şaki) şəhərinin bölgədəki «Sakan» adlı tarixi vilayətin, Zaqatalanın, tarixi Sakasenanın adları məhz həmin Sak türklərinin yadigarlarıdır. İlk mənbələr sübut edir ki, Şəki ən azı 2700 illik tarixə malikdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1300 illiyi qeyd olunmuş «Kitabi-Dədə Qorqud» dastanlarından dövrümüzədək yadigar qalmış «Daşüz» (Daş Oğuz, Dış Oğuz) yer adı da məhz Şəki bölgəsindədir.
Azərbaycanın ən qədim şəhərlərindən biri olan tarixi Şəki /Şako, Şake, Şakkan və s./ vilayəti özünün eyni adlı mərkəzi ilə Azərbaycan Albaniya dövlətinin şimal-qərbində, Qafqaz sıra dağlarının ətəyində, Qəbələ vilayətindən şimal-qərbdə
yerləşirdi; bu vilayət qərbdən və cənub – qərbdən tarixi Kambisena vilayəti ilə, şimal-şərqdən Lpiniya, cənub-şərqdən isə Qəbələ ilə həmsərhəd idi. Belə güman edilir ki, antik dövrdə Ay-Selena ilahəsinin məbədi Şəki vilayətində yerləşirdi. Şəkidə albanlarla, utilərlə yanaşı iskit və sakların nəsilləri də yaşayırdı və bu, «Şəki» toponimində öz əksini tapmışdır.

Bir çox Azərbaycan şəhərləri kimi, Şəki də qala divarları ilə əhatə olunmuşdu. VII əsrin ortalarında Azərbaycan ərəblərin aramsız hücumlarına məruz qalan zaman Salman ibn Rəbiə, ərəb tarixçisi əl-Bəlazurinin yazdığına görə, Beyləqanı, Şəmkiri, Qəbələni ələ keçirən ərəblər “Şəkkanın və əl-Kəmibəranın sahibləri ilə cizyə ödəmək şərti ilə sülh bağladı”. Xəlifə I Validin dövründə (705-715) Albaniyanı bir dövlət kimi ləğv edən, buranı Xilafətin canişinliklərindən birinə çevirən ərəblər bölgəyə ağalığı saxlamaq üçün Şəkini özlərinin strateji bazası etdilər. Məhz bu dövrdə adı tez-tez Tiflisdən Tiflisdən Telaviyə, oradan da Bərdə və Bab əl-Əbvaba aparan ticarət yolunun üstündə yerləşən Şəki şəhəri və eyni adlı vilayət Xilafətin şimal hüdudlarında mühüm rol oynamağa başladı.

Ərəb xilafətinin zəifləməyə başladığı VIII əsrin sonu-IX əsrin əvvəllərini Şəki məlikliyinin siyasi tarixinin başlanğıcı hesab etmək olar. XI əsrin əvvəllərinədək Şəki məlikliyi müstəqil siyasi vahid kimi mövcud olmuşdu. Moisey Kalankatlının məlumatına görə, “887-ci ildə Qriqor Hammam “dağılmış Alban padşahlığını bərpa” edərək, yalnız adı qalmış Arran vilayətinin bir hissəsində - tarixi Albaniyanın vilayətlərindən olan Şəkidə, hakimiyyəti ələ aldı. IX əsrin sonu, X əsrin əvvəlləri Sacilərin Cənubi Qafqazda fəallaşdığı dövrdür. Şəkidə hakimiyyətini saxlaya bilmiş Qriqor Hammam Cənubi Qafqazın əksər hissəsini tabe etmiş Sacilərdən vassal asılılığını qəbul etmişdi”. X əsrin 60-cı illərində Sənəkərim Şəkidə hakimiyyəti ələ aldı. O, Sanariya vilayətini (yəni Kaxetini) də vahid hakimiyyəti altına aldı. Sənəkərim kürün sağ sahil bölgələrindən bəziləərini də öz mülklərinə qataraq, bununla “Alban taxt-tacının bərpaçısı” adını qazana bildi. Sənəkərimin “albanların hökmdarı” adını qəbul etməsini kilsə böyük razılıqla qarşıladı, Alban katolikosunun özü yeni hökmdarın başına tac qoydu. Bu, Sənəkərimin müstəqillik əldə etdiyini təsdiq etməklə yanaşı, onun tarixi Albaniya ərazisinə iddiasını da əsaslandırırdı.
Şəki məlikliyinin güclənməsi və onun hakiminin başına Alban hökmdarına məxsus tacın qoyulması qonşu müsəlman və xristian hakimlərinin diqqətinə səbəb oldu. Salari hökmdarı İbrahim ona tac və başqa qiymətli hədiyyələr, Tao hökmdarı David Kuropalat isə padşahlıq çələngi və tünd qırmızı rəngli uzun padşahlıq xələti göndərdi. Sənəkərimin hakimiyyətinin tanınması təsadüfi olmayan mühüm siyasi hadisə idi.
X əsrin sonlarında Sənəkərimin ölümü Şəki məlikliyinin zəifləməsinə səbəb oldu. Vəziyyətdən istifadə edən abxaz hökmdarı III Baqratın 1009-cu ildə Şəki torpaqlarını talan etdi. Şəki hakimləri mənbənin verdiyi məlumata görə, “əvvəlki hakimlər yenidən öz ölkələrinə sahib oldular”. Bu vaxtdan başlayaraq Səlcuq hücumlarınadək Şəki məlikliyi daxili müstəqilliyini saxlaya bildi. Axsartanın hakimiyyəti dövründə Səlcuq yürüşlərinin başlanması ilə əlaqədar «Cənubi Qafqazda, o cümlədən Şəki və onun ətraflarında mühüm hadisələr baş verir. Şirvan – gürcü münasibətlərinin kəskinləşdiyi bu dövrdə Şəki yaxınlığındakı bəzi qalaların, o cümlədən Şəkinin özünün əldən – ələ keçməsi Sultan Alp Arslanın hücumları ilə dayandırılır. 1067-ci ildə Şəki hakimi II Axsartan Səlcuq sultanı Alp Arslanın hüzuruna gələrək öz mülklərinin qorunması naminə, hətta islamı qəbul edərək, səlcuqlara bac verəcəyinə boyun olur. «Bununla belə sonrakı illərdə də Şəki və onun ətrafındakı qalalar uğrunda mübarizə davam edirdi.

Şəkinin sonrakı dövr tarixi bilavasitə Səlcuqlar, eləcə də Şirvanşahlar dövləti ilə bağlı olsa da, mənbələr ilk monqol hücumundan dərhal sonra, 1221-ci ildə, gürcülərin Şəki və Qəbələni ələ keçirməsi haqqında məlumat verir. Ən-Nəsəvinin yazdığına görə, 1227-ci ildə sultan Cəlaləddin Mənqburnı “Səfiəddin Məhəmməd ət-Tuğraini Şirvanın şəhərləri olan Şəki və Qəbələnin vəziri təyin etdi. Bu şəhərləri gürcülər Şirvan sahibindən bir neçə il əvvəl, hələ güclü olduqları vaxt tutub almışdılar”. Beləliklə, Şəki məlikliyinin I dövrü öz müstəqilliyini müvəqqəti olsa da tam itirdi və həmin müstəqillik bir neçə əsr sonra yenidən bərpa olundu.

XIII əsrin ortalarında Azərbaycanın digər şəhərləri kimi Şəki şəhəri də Elxanilər dövlətinin tərkibində qaldı. XIV əsrin 30-cu illərində Elxanilər dövlətinin tənəzzülü və parçalanması nəticəsində bir sıra müstəqil dövlətlər meydana çıxdı. Azərbaycanın şimalında Şirvanşahlarla yanaşı Şəki hakimləri də daxili müstəqillik əldə etdilər və Oyrat qəbiləsi hakimiyyətə gəldi. Həmin dövrdən başlayaraq Şəki hakimləri ölkənin siyasi həyatında yaxından iştirak edir, öz müstəqilliklərini mühafizə etmək uğrunda mübarizə aparırlar. Bu mübarizədə Şəki-Şirvan, Şəki-Gürcüstan və Şəki-Teymuri münasibətləri az rol oynamamışdı.

XIV əsrin II yarısında Şəki Şirvanşahların nüfuz dairəsində olmuşdu. Şirvanşahların XIV əsrin 80-ci illərindəki tarixində Şəkinin xüsusi mövqeyi vardır. Belə ki, 1382-ci ildə Şirvanda baş verən xalq hərəkatı nəticəsində hakimiyyətdən salınmış Şirvanşah Hüşəngin əvəzinə Şəkidə kiçik torpaq sahibi kimi fəaliyyət göstərən I Şeyx İbrahim taxta çıxarıldı və bu hal Şirvan-Şəki münasibətlərinin gələcək inkişafına müsbət təsir göstərdi.
Əmir Teymurun oğlu Miranşahın Xoy ətrafında atdan yıxılaraq başından zədələnməsi sonra gördüyü lüzumsuz işlərin, yersiz hərəkətlərin təsiri Şəkidən də yan ötməmişdi. Ş.Ə.Yəzdinin yazdığına görə, o, 1395-ci ilin payızında Seydi Əli Orlatın müxalif çıxdığını zənn edib, yoxlamadan Şəkiyə qoşun çəkdi və onun vilayətini qarət etdi. Miranşahın bu hərəkəti Şəki hakiminin hiddətinə səbəb oldu. Ş.Ə.Yəzdi yazır ki, Seydi Əli islam şüarı ilə tanınsa da, onun vilayətini tarac etdikləri üçün gürcülərlə ittifaqa girdi və mühasirədə cana gəlmiş və sümüyünə bıçaq dirənmiş Sultan Tahiri xilas etmək məqsədilə Əlincəyə yollandı. Onlar Azərbaycan vilayətinə daxil olub müsəlmanların ərazisini dağıtmağa və təcavüzə əl atmağa başladılar. Sultan Səncər bu vəziyyətdən xəbər tutan kimi qala önündən çəkildi və Təbrizə gedərək hadisəni Miranşaha çatdırdı. Miranşah oğlu Əbu Bəkri güclü qoşun hissələri ilə həmin fitnəni yatırmağa göndərdi.

XIX əsrdə Şəki mühüm sənətkarlıq və ticarət şəhəri idi. Sənətkarlığın təkəlduz (paltar və ev əşyaları üzərinə ipək sapla tikiş) sahəsi Azərbaycanda təkcə Şəkidə yayılmışdı. Şəkidə gön-dəri istehsalı, dulusçuluq, metal-işləmə, dəmirçilik xüsusilə inkişaf etmişdi.

 XIX əsrin II yarısında Şəki Azərbaycanın mühüm ipək-çilik sənayesi mərkəzinə çevrildi. “Azərbaycan Lionu” adlandırılan Şəkinin ipək fabriklərinin əksəriyyəti tex-nikanın son nailiyyətləri əsasında qurulmuşdu.

Şəhərdə inşa olunan qədim karvansaralar,
qalalar, müxtəlif müdafiə qurğuları, ictimai binalar, hamamlar, məscidlər və minarələr, xüsusi memarlıq üslubuna malik olan yüzlərlə imarətlər, o cümlədən Xan sarayı,
Şəkixanovların evi
və başqa tarixi abidələr Azərbaycan mədəniyyətinin nadir inciləridir. Bütün bunlar Şəkini Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən birinə çevirmişdi. Şəki bütövlükdə muzey–şəhərdir. Bu baxımdan qədim memarlıq ənənələrini bütöv halda qoruyub saxlamış Şəki bütün Azərbaycanda açıq səma altında yeganə şəhər– muzeydir.

Get fast shipping, movies & more with Amazon Prime

Start free trial

Enjoy this blog? Subscribe to arzurasulova

5 Comments