Kiş kilsəsi

8quM...2m9N
28 Jan 2024
52

Kiş kilsəsi və ya Müqəddəs Yelisey kilsəsi – Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsi. Bəzi müəlliflərə görə Qafqazın ilk kilsəsidir. Müxtəlif dövrlərdə albangürcü və erməni kilsəsi kimi fəaliyyət göstərməsi haqqında bəzi fikirlər var."Alban ölkəsinin tarixi"nə görə İsanın din qardaşı müqəddəs Yakov tərəfindən xristianlığı təbliğ etmək üçün Albaniyaya göndərilmiş Müqəddəs Yelisey əvvəlcə bir müddət Çola və Uti vilayətində missionerlik etmiş, sonra isə "Giş" adlı kəndə gedərək orada kilsə tikmişdir. Müasir xristian ilahiyyətçiləri bu hadisənin 60-cı ildən az sonraya təsadüf etdiyinə inanmaqdadırlar.
Nəinki Qafqaz Albaniyasının, hətta bütün Cənubi Qafqazın bu ilk xristian kilsəsinin tikildiyi yer, bir çox tədqiqatçıların fikrincə, məhz indiki Şəki rayonunun Kiş kəndidir və həmin səbəbdən də indi Şəkinin Kiş kəndindəki kilsə "Müqəddəs Yelisey kilsəsi" adı ilə tanınmaqdadır.
Alban apastol kilsəsi Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdəndir. Albaniyada xristianlığın yayılması, ilk kilsəsinin yaradılması apostolların adı ilə bağlıdır ki, qədim mənbələrdə də bu kilsənin Kiş kəndində (Gis) tikilməsi haqda məlumatlar var.
"Alban ölkəsinin tarixi"ndə göstərilir ki,
"Ədalət Günəşi"nin zühur olan günlərində və bizim xilaskarımız, Dərkedilməz Varlığın şöhrət və mahiyyəti olan Atamızın zühur edib, bütün insanların qeydinə qalmaqla və heç bir zaman ayrılmadığı öz varlığının şöhrətinə sahib olması zamanda o, öz müqəddəs və sevimli şagirdlərinin (havarilərini) bütün dünyaya təbliğatçı kimi göndərir və biz Şərq xalqına müqəddəs havari Faddey təyin olunmuşdur. Faddey Artaz vilayətinə gəlir və burada çar Sanatürkün əliylə şəhid olur. Faddeyin şagirdi müqəddəs Yelisey Qüds şəhərinə qayıdıb, öz dindaşı havarinin həsəd oyadan şəhidliyi haqda söhbət edir. Bundan sonra Yelisey Qüdsün birinci patriki Ağamızın qardaşı müqəddəs Yakovun tövsiyəsiylə müqəddəs Ruh naminə Şərqə təyin edilir. Yelisey öz sərəncamına Şərqi (Albaniyanı) alır. Qüdsdən ayrılıb İrana gedir və oradan ermənilərin gözündən qaçaraq Məsküt elinə keçir. Öz təbliğini o, Çolada başlayır və müxtəlif yerlərdə şagird toplayaraq, onlara xilaskarı andırmağa çalışırdı. Müqəddəs patrik Gisa gəlir, burada kilsə tikir və qansız qurban verir. Bu yer Şərqin bütün kilsələrinin və şəhərlərinin başlanğıcıdır və biz şərqlilərə xristianlığı qəbul edilməsi mənbəsidir."


1824-cü ildə Şəki əyalətində əhalinin ilk siyahıyaalınması zamanı Kiş kəndində 1 nəfər də olsun xristian, o cümlədən xristian din xadimi qeydə alınmamışdır. Rəşid bəy Əfəndiyevin şəhadətinə görə də 20-ci əsrin əvvəllərində Kiş kəndində 1 nəfər də olsun xristian yox imiş, amma o, qeyd edir ki şəhərdə, yəni Nuxa (Şəki) şəhərində məskən salmış Zuğ (زوغ) (Tuğ?) erməniləri kilsəni "… mənimsəmişlər və divarının üzünə suvaq vurub üstünə dəmir çəkmişlər. Bu minvalı zahirisini asarü-ətiqəlik (tarixi abidə) halından çıxarmışlar"Rəşid bəy həmçinin, bu kilsənin "həvarilərdən zamanından qalma" olduğunu vurğulamaqla yanaşı, həm də qeyd etmişdir ki abidənin ətrafında qazıntılar aparılarsa "gözəl nəticələr verməyi şübhəsizdir".Tədqiqatçıların Yeliseyin kilsə tikmiş olduğu Kiş kəndi haqqında da müxtəlif fərziyyələri var. Z. N. Yampolski həmin yaşayış məntəqəsinin Şəkidə yerləşən Kiş kəndi, R. B. Göyüşov isə bu kəndin Xocavənd rayonundakı Kiş kəndi olduğunu iddia edmişdilər.
Strabon qədim albanların dini haqqda məlumat verərkən, onların HeliosZevs və Selenaya sitayiş etdiklərini, Selenaya isə xüsusi rəğbət olduğunu yazmışdır. "Selena məbədi İberiya sərhədləri yaxınlığında yerləşir. Buranın kahini çardan sonra ikinci adamdır. O, geniş və yaxşı məskunlaşmış müqəddəs torpaqları və məbəd qullarını idarə edir."
Z. N. Yampolski e.ə. V əsr – b.e. II əsrlərinə aid mənbələri tədqiq edərək Albaniyada məbəd, Allaha həsr olunmuş vilayətin olduğunu qeyd etmişdir. A. E. Krımski Selena məbədinin Şəki vilayətində yerləşdiyini, K. V. Trever isə Şəki vilayətinin e.ə. I əsrdə İberiya sərhədlərindən uzaqda yerləşdiyini və bu məbədin Qum bazilikasının yerində olduğunu söyləmişdir.


Şəki vilayətinin indiki Şəki–Zaqatala bölgəsinin ərazisini əhatə etdiyini nəzərə alındıqda, bu müqəddəs vilayətin məhz Şəki vilayəti olduğu güman edilir.Şəki vilayəti cənub-şərqdə Qəbələ, qərbdə və cənub-qərbdə Kambisenayla, şimal-şərqdə Lpina ilə həmsərhəd idi. Onun şimal sərhədi İberiyaya kimi uzanırdı. Şəki vilayətinin müqəddəs vilayət olması fikrini təsdiq edən bir fakt da keçmiş Şəki vilayətinin ərazisinə aid olan Şəki – Balakən bölgəsində Qum bazilikası (IV – V əsrlər), Ləkit kilsəsi (V – VI əsrlər),Zəyzid (VI–VII əsrlər) və s. kimi məbədlərin olmasıdır ki, onlar da əvvəllər dini mərasimlər keçirilən köhnə məbəd qalıqlarının yerində inşa edilib. Bu proses Ermənistan və Gürcüstanda da eyni tərzdə baş vermişdir. Ərəblər Azərbaycanı işğal etdikdən sonra onlar da paqan və ya xristian məbədlərinin üzərində məscidlər tikir və ya onları məscidə çevirirdilər. Bunlara misal olaraq İçərişəhərdəki cümə məscidini və Katuk monastrını (V–XII əsr) göstərmək olar.
Kiş məbədinin tikilməsi haqda da tədqiqatçıların bir-birilə ziddiyyət təşkil edən fikirləri mövcuddur. 2000 – 2001-ci illərdə Kiş məbədində aparılmış arxeoloji qazıntılarda arxeoloq – məsləhətçi kimi Norveç tərəfini təmsil edən professor Bernar Sturfiel məbədin XI – XII əsrlərdə tikildiyini iddia edir. O, öz fikrini aşağıda göstərilmiş üç mülahizə əsasında sübüt etməyə çalışmışdır:
I. Kiş məbədinin tikintisi zamanı bünovrə qazılmış torpaq qatından götürülmüş nümunələrin radiokarbon analizinin nəticələrinin 990–1160-cı illərə aid olduğunu əsas gətirərək məbədin bünövrəsinin ən aşağı qatının da bu vaxt salındığını;
II. Məbədin ən aşağı qəbirlərinin bu əraziyə gəlmiş ilk xristianlara məxsus olduğunu və bu qəbirlərdəki insan sümüklərinin radiokarbon analizinin nəticələrinin 980–1060-cı illər olduğuna əsaslanaraq Kişə xristianların göstərilən tarixdə gəldiklərini;
III. Mehrabın arxeoloji tədqiqindən əldə olunan nəticələr Kiş məbədinin 3 mərhələdən ibarət fəaliyyət dövrünün I mərhələsində diofizit, II–III mərhələlərində isə monofizit təriqətinə riayət etdiyinə əsaslanaraq məbədin apostollar tərəfindən deyil, XI–XII əsrlərdə gəlmə xristianlar tərəfindən tikilmişdir.
Digər Norveç alimi Byon Veqqi Kişdə xristianlığın mövcudluğunu təsdiqləyən yazılı mənbənin V əsrdən qədim olmadığına əsaslanaraq məbədin də tikilməsini bu tarixdən sonraya aid olduğunu qeyd etmişdir.
2000–2001-ci illərdə Kiş məbədində aparılan arxeoloji qazıntılara rəhbərlik etmiş memarlıq doktoru Vilayət Kərimov arxeoloji qazıntıların nəticələrinə əsaslanaraq Kiş məbədinin sadə təknefli bazilikadan günbəzli memarlığadək 5 tikinti mərhələsini müəyyənləşdirmişdir. Prof. V. Kərimov qeyd edir ki, Kiş məbədinin memarlıq xüsusiyyətləri Qafqaz Albaniyası memarlığının ilkin xristian mərhələsinə aiddir.


Kiş kilsəsi günbəzlə örtülmüş zal formalı kilsələr qrupuna aid olmaqla, şərq tərəfdən yarımdairəvi apsida ilə tamamlanır. Kilsənin planlaşdırma həlli erkən orta əsrlər Qafqaz Albaniyası memarlığı üçün xarakterik xüsusiyyətlərə malikdir. Bir qədər uzun ibadət zalı bir cüt pilyastrla iki hissəyə bölünür. Şərq tərəfdən zala altar apsidası birləşir. Pilyastrlar vasitəsiylə T-formalı məkan kəsişən arkaların saxladığı tağvari damla örtülür. Apsidanın triumfal arkası da bu cür həndəsi quruluşa malikdir. Yan divarların pilyastrlar və apsida arasındakı dərin hissələri də anoloji görünüşə malik ikimərtəbəli arkalarla tamamlanır. Dörd arka vasitəsiylə formalaşdırılmış düzbucaqlı sferik parusların köməyi ilə barabanın oval təməlinə keçir, bu təməl üzərində günbəz yüksəlir.
Kilsənin ən maraqlı xüsusiyyətlərindən biri ibadət zalının düzbucaqlı həcminə birləşən yarımsilindrik altar apsidasıdır. Digər bir mühüm cəhət isə yan divarların günbəzaltı hissəsində yerləşən və xaç-günbəz formalı kilsələrin transeptini xatırladan divar tağları əmələ gətirən üçbucaqlı formaya malik hissələrdir. Bu cür psevdotransept nəinki Qafqaz Albaniyası memarlığı, eyni zamanda Qafqaz ölkələri memarlığında unikal haldır.
Kilsə iri əhəngdaşı bloklarından inşa edilmişdir. Pəncərə kənarları üç hissəli yarımdairələrlə əhatələnmişdir ki, onların da ortada olanı kənarda olanlardan iki dəfə enlidir. Barabanın yarımslindrik həcmi təməldə və karnizdən bir qədər aşağııda yarımdairəvi profilə malikdir.Binanın indiki planlaşdırma həlli, altar apsidası ilə birlikdə IV–V əsrlərdə formalaşmış, sonrakı dövrdə günbəz inşa edilmişdir.
2000-ci illərdə Azərbaycan və Norveç tədqiqatçı-arxeoloqları tərəfindən həyata keçirilmiş "Kiş" layihəsi əsasında kilsə memarlıq, arxeologiya və tarixi baxımdan tədqiq edilmiş, restavrasiya və muzeyifikasiya işləri həyata keçirilmiş, əsas inşaat mərhələləri müəyyən edilmişdir. Bu qazıntılar məhdud ərazidə aparılmasına baxmayaraq, Kiş məbədinin fəaliyyəti dövrünün bütün mərhələlərini izləməyə imkan vermişdir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Kiş kilsəsi I–II əsrlərdə, tunc və erkən dəmir dövrünə aid materiallarla zəngin qədim ibadət yerinində inşa edilmişdir. Kiş məbədi sadə təkzallı bazilikadən günbəzli memarlığadək 5 tikinti mərhələsi keçmişdir. Məbədin ən aşağı qatlarının arxeoloji tədqiqi mübahisələrə səbəb olan onun ilkin tikinti tarixinin təyin etməyə imkan yaratmışdır. Abidə dövrümüzə yeniləşdirilmiş görkəmində gəlib çatmışdır. Məbədin divarları həm içəridən, həm də çöl hissədən qismən suvaqlanmışdır (B. Strufyel də gəldiyi qənaətdə məhz bu suvaq qatının radiokarbon analizinə əsaslanırdı).
Qapı və pəncərələrə görə yenidənqurma işlərinin əsasən tikilinin yuxarı hissəsində aparıldığını müəyyənləşdirilmişdir. Adi təkzaldan ibarət olan kilsə özündə ilkin və sonrakı tikililərin maraqlı detallarını saxlayır. Kiş məbədi əhəngdaşından tikilmişdir. Məbədin daxili cüt sütunla 2 hissəyə bölünür ki, şərq hissəsi qərb hissədən kiçikdir. Məbədin divarlarında heç bir yazı yoxdur. Kilsə divarlarının çıxıntısı nalabənzər olub, 2 dərin deşiyi var. Mehrab mərkəzdə yerləşib və düzbucaqlı formasındadır. Məbədin orta hissəsində dəyişikliklər baş verib ki, bu da onun bütün həcmini örtən 2 sütun və mehrabın çıxıntısı üzərində dayanan günbəzin qoyulmasıyla əlaqədardır. Bütün bu dəyişikliklərə görə, həmin dövrdə xristian memarlığında konstruksiya probleminin artıq həll olunduğunu və alban xristian məbədi nümunəsində dini binaların tikildiyi fikrini söylənmişdir. Kiş məbədi qədim bünövrə üzərində tikilib. III – V əsrlərdə onun üzərində kiçik təkzallı bazilika tipli kilsə tikilib və VI – VII əsrlərdə həmin kilsə memarlıq formasını dəyişib.
1,08 – 1,12 sm dərinlikdə, məbəd binasının ən aşağı qatında qədim bünövrə aşkara çıxarılmışdır ki, onun da üzərində Kiş kilsəsinin erkən divarları ucaldılmışdır. Bünövrə böyük olmayan qaya və çay daşlarından hörülmüşdür. Arxeoloji tədqiqatlar nəticəsində üzərində məbəd ucaldılmış bu bünövrənin e.ə. IV əsrdə salınması məlum olmuşdur. Qədim bünövrə düzbucaqlı planda tikilmiş və divarın qərb hissəsində nəzərə çarpan ovalşəkilli forma əmələ gətirmişdir. Bünövrənin dərinliyi 110 sm-dir.


III tikinti mərhələsi VI – VIII əsrləri əhatə edir ki, bu zaman da məbədin yuxarı hissəsində yenidənqurma işləri aparılmış və ona çadırlı örtüyü olan baraban əlavə olunmuşdur. Arxeoloji qazıntılar nəticəsində məbədin giriş qapısının altında qədim bünövrənin qalıqları aşkar olunmuşdur ki, onun da üzərində e. I – II əsrində Kiş məbədi ucaldılmışdır.
A. S. Xaxanova Qafqaza səfərləri haqqında məlumat verərkən provaslav Kiş məbədinə qriqoryan ermənilərin iddia etdikləri və məbədin gürcü – erməni memarlığında tez – tez rast gəlinən günbəzinin olduğunu qeyd etmişdir. O, yazır ki, "…məbədin mehrabı yarımdairə formasındadır və görünür ki, elə də uzaq olmayan dövrdə erməni mehrabına oxşadılaraq məbədin quruluşunun qəsdən dəyişdirilməsinə cəhd edilmişdir."
B. Sturfielin məbədin fəaliyyəti dövrünün I mərhələsində diofizit sonuncu 2 inkişaf mərhələsində monofizit təriqətinə riayət etdiyi fikrini belə izah edilir ki, VI əsrin əvvəllərində, VII əsrdə cənubi Qafqazda Bizansın siyasi təsirinin güclənməsi ilə əlaqədar olaraq, alban və gürcü kilsələri diofizit cərəyanına qoşuldular. Bu dövr məbədin III tikinti mərhələsinə uyğun gəlir ki, bu zamanda məbəd diofizit təriqətinin ehkamlarına uyğun yenidən qurulmuşdur. 705-ci ildə Ərəb Xilafəti siyasi məqsədlərlə öz tabeliyində olan xristian əhalisinin, kilsənin fəaliyyətini əlaqələndirməyə və nəzarət altında saxlamağa cəhd göstərərək, erməni kilsəsinin bilavasitə yaxından köməyilə alban kilsəsini monofizit kilsəyə çevirdi və iyerarxik baxımdan onu monofizit məzhəbli erməni kilsəsinə tabe etdi.
Bu zamanda da məbəd monofizit təriqətinin ehkamlarına uyğun olaraq yenidən qurulmuşdur. B. Sturfielin təyin etmiş olduğu III mərhələ isə A. Xaxanovanın qeyd etdiyi "elə uzaq olmayan dövrdə edilmiş yenidənqurma işləri ilə" həmdövrdür. Belə güman edilir ki, bu yenidənqurma işləri 1836-cı ildə Rusiya hakim dairələrinin qərarı ilə Alban kilsəsinin ləğv olunmasından sonra Kiş məbədinin erməni memarlığına uyğunlaşdırılması məqsədilə edilmişdir. Arxeoloq Nəsib Muxtarovun verdiyi məlumata görə, 1864, 1930-cu illərdə kilsə ermənilər tərəfindən təmir olunmuş və nəticədə onun görünüşü əsaslı şəkildə dəyişdirilmişdir.
Arxeoloji qazıntılar zamanı məbədin şimal-şərq divarlarının yarımqövs çıxıntısının altında torpaq qəbir aşkar olunmuşdur. Qəbrin örtüyü 3 qatdan ibarət olub, I qat gil, kömür, kül və torpaq, II qat gil, III qat isə eynilə I qata oxşar qarışıqdan ibarət idi. Gilli torpaqda oval şəkilli 90 x 60 sm ölçüsündə olan torpaq qəbir şərq – qərb istiqamətində idi. Qəbir məbədin şərq divarının təməlinin içərisinə daxil olmuşdur ki, buranın da döşəməsi hamarlanmış və küncləri basılmışdır, küllü döşəmənin üzərində iki kiçik öküz başı dəfn olunmuşdur. Onlar qırmızı dulus bardağın iri qırıqları üzərinə qoyulmuş vəziyyətdə idilər və onların üzləri şərqə istiqamətləndirilmişdir. Kəllələrin üzərində və ətrafında müxtəlif tipli dulus qabların qırıqları, buynuz qırığı, yumru daş, heyvanların digər sümükləri arasında isə sümük ox aşkar olunmuşdur.
Qəbrin dulus avadanlığı iri qabların hissələrindən ibarətdir ki, onlar da Kür-Araz mədəniyyətinə aiddirlər. Məməşəkilli əltutanlar, bardağın yumurtaya bənzər gövdəsi, daraqşəkilli bəzək və s. son eneolit dulusçuluğuna xas olan cəhətlərdir. Dulus məmulatı yerli xarakterlidir. 2 öküz başlı torpaq qəbir sözsüz ki, ayin xarakterlidir. Azərbaycanda arxeoloji tədqiqatlar aparılmış Əliköməktəpəsi və Babadərviş abidələrində də bu cür ayin xarakterli dəfn adətləri qeydə alınmışdır. Torpaq qəbir e.ə. IV – III minilliyin qovşağına aiddir. Məbəd tikilərkən ustaların qəbrin mövcudluğu haqda məlumatları olub. Belə hesab edilir ki, bu ərazi köhnə müqəddəs yer hesab edilib ki, burada da qəbiristan və ya yaşayış yeri ola bilər.
Kişdə arxeoloji tədqiqatlardan sonra belə qərara gəlinmişdir ki, Şəki bölgəsinin Kiş kəndi ərazisində yerləşən məbəd həqiqətən də Müqəddəs Yelisey tərəfindən tikilmiş, şərq kilsələrinin anası və mitropoliya olmuş, Kişdə hələ xristianlıqdan da öncə Qafqaz Albaniyasında xüsusilə rəğbət bəslənilən Selena ilahəsinə həsr olunmuş məbədin mövcud olmuş və burada Gis – Kürmük arxiyekiskopluğu, sonra isə Yelisey, Çuketi və Şəki yekiskoplarının mərkəzi yerləşmişdir.
Bizim dövrümüzə qədər kilsəni salamat saxlamış tarixi Azərbaycan torpağının qədim və zəngin mədəniyyəti haqqında müasir nəsillərə maddi dəlillər vermişdir. Kişdəki məbəd nəinki Qafqaz Albaniyasında (Azərbaycanda), eləcə də bütün Qafqazda təqribən iki min il bundan əvvəl xristianlığın başlandığını simvollaşdıran görkəmli tarixi abidədir.












Get fast shipping, movies & more with Amazon Prime

Start free trial

Enjoy this blog? Subscribe to eserifov

0 Comments