İlham Əliyev
İlham Heydər oğlu Əliyev (24 dekabr 1961, Bakı) — Azərbaycanın siyasi və dövlət xadimi, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti (1997-ci ildən), Yeni Azərbaycan Partiyasının sədri (2005-ci ildən), Azərbaycan Respublikasının Baş naziri (2003-cü il avqust–noyabr aylarında), Azərbaycan Respublikasının Prezidenti (2003-cü ildən), Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı.
İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1967–1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olmuşdur. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilmiş, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. 1985–1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləmişdir. 1991–1994-cü illərdə özəl biznes sahəsində çalışmışdır. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik etmişdir. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, birinci vitse-prezidenti olmuşdur. Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmişdir. Suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifidir. Siyasi elmlər doktorudur.
1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. 2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam vermişdir. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilmişdir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilmişdir. 2001–2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olmuşdur. 2003-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilmişdir. 2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilmişdir. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilmişdir. 2003-cü il 15 oktyabrda Azərbaycan Republikasının Prezidenti seçilmişdir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs vermişdir. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlamışdır. 2008-ci ildə yenidən prezident seçilmişdir. 2013-cü ildə üçüncü müddətə prezident seçilmişdir. 2018-ci ildə səslərin 86,03%-ni toplayaraq dördüncü müddətə Azərbaycan Respublikasının prezidenti seçilmişdir.
7 fevral 2024-cü ildə keçirilən növbədənkənar prezident seçkilərində 92,12% səs ilə qalib gəlib. Fevralın 14-də Milli Məclisdə and içib və and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti kimi öz səlahiyyətlərinin icrasına başlayıb.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini mükəmməl səviyyədə danışa bilir. Ailəlidir. Üç övladı, beş nəvəsi vardır.
NATO ilə münasibətlər
İlham Əliyev 2004-cü ildə Azərbaycanın NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planına (IPAP) qoşulması ilə təşkilatla əməkdaşlığı genişləndirdi. IPAP ikitərəfli tərəfdaşlıqların sistemləşdirilməsi və qarşılıqlı maraq doğuran məsələlərdə əməkdaşlığın əlaqələndirilməsinə imkan yaradır. Azərbaycan İPAP-ın birinci (2005–2007), ikinci (2008–2010) və üçüncü (2012–2013) mərhələlərini yekunlaşdırmışdır. 19 may 2014-cü ildə İlham Əliyev Brüsseldə birinci İPAP sənədini NATO-ya təqdim etdi.
İlham Əliyev NATO Baş Katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında.
İlham Əliyev 2006-cı ilin mayında Parisə səfər etdi və NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak etdi. 8 noyabr 2006-cı ildə o, Brüsseldə NATO Baş Katibi Yaap de Hoop Sxefferlə görüşdü. 29 aprel 2009-cu ildə Prezident Əliyev Şimali Atlantika Əməkdaşlıq Şurasının iclasından öncə yenidən Yaap de Hoop Sxefferlə ikitərəfli görüş keçirdi. 2012-ci ilin fevralında Brüsselə səfəri zamanı İlham Əliyevi NATO Baş Qərargahında NATO Baş Katibi Anders Foq Rasmussen qarşıladı və onlar Azərbaycan və NATO arasındakı əməkdaşlığın gələcəkdə genişləndirilməsinin mümkünlüyü barədə müzakirələr apardılar. 2014-cü ildə Brüsselə işgüzar səfəri zamanı İlham Əliyev yenidən Anders Foq Rasmussenlə görüşdü və Şimali Atlantika Əməkdaşlıq Şurasının iclasında iştirak etdi.
NATO tərəfinən Əfqanıstanda aparılan əməliyyatlara dəstək verən ölkənin prezidenti kimi İlham Əliyev 2012-ci ildə Çikaqoda və 2014-cü ilin sentyabrında Uelsdə keçirilən NATO sammitləri çərçivəsində bir sıra iclaslarda iştirak etdi. Prezident Əliyev 2016-cı ilin iyulunda NATO-nun Varşavada keçirilən sammitində Əfqanıstana həsr olunmuş iclasda iştirak etdi. 23 noyabr 2017-ci ildə Prezident Əliyev Brüsseldə NATO Baş Katibi Yens Stoltenberqlə görüşdü. Tərəflər görüşdə NATO və Azərbaycan arasındakı əməkdaşlığı və Cənubi Qafqaz regionunda təhlükəsizlik məsələlərinin müzakirə etdilər. Baş Katib, həmçinin, Azərbaycanın NATO-nun rəhbərlik etdiyi "Qətiyyətli Dəstək Missiyası"na verdiyi töhfələri qiymətləndirdi.
Azərbaycanın balanslaşdırılmış xarici siyasət aparması və regional əhəmiyyəti ABŞ-nin Baş Qərargah rəisi general Joseph Dunford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Valeri Gerasimovun ikitərəfli görüş üçün Bakını seçmələrinə şərait yaratdı.