Xəlil Rza Ulutürk

8quM...2m9N
15 Feb 2024
35

Azərbaycanın görkəmli şairi Xəlil Rza Ulutürk 21 oktyabr 1932-ci ildə Salyan rayonunun Pirəbbə kəndində anadan olub. Ona babası Xəlil öz adını verib. Xəlil qayğı və nəvazişlə böyüyüb. Yeddi yaşı olanda 2 saylı Salyan rayon orta məktəbində təhsil almağa başlayıb. Təhsil aldığı ilk illərdən Xəlil öz çalışqanlığı və davranışı ilə müəllimlərin rəğbətini qazanıb.
Məktəb illəri Xəlilin bədii ədəbiyyat aləminə, poeziyanın əzablı, romantik yaradıcılıq meydanına çıxması üçün bir hazırlıq dövrü olub. Şifahi xalq ədəbiyyatını, klassik və müasir yazıçıların əsərlərini mütaliə etməsi istər-istəməz onda yazıb-yaratmağa güclü həvəs oyadıb. Xəlil Rza hələ gənc yaşlarından onu həyacanlandıran, düşündürən hadisələri bəzən poetik dillə ifadə etməyə çalışırdı.
1949-cu ildə Xəlilin Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə daxil olması onun qarşısında geniş yaradıcılıq imkanı açır. Universitetdə ədəbiyyatşünas alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, həmçinin Azərbaycan Yazıçılar Birliyində xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən “Gənclər günü” məşğələlərində fəal işrirak etmək Xəlil Rzanın şair kimi yetişməsinə ciddi təsir edir.
1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalı redaksiyasında başlayıb. O, burada ədəbi işçi vəzifəsində çalışdığı ilk ildə dövri mətbuatda çap etdirdiyi məqalə və şeirlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb edir. Onun ilk şeirlər toplusu – “Bahar gəlir” kitabı nəşr olunur.


1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqının Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kursuna göndərməsi gənc şairin gələcəyinə böyük təsir edir. Xəlil Rza institutda rus ədəbiyyatının görkəmli sənətkarı Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə yaxından tanış olur. Moskvada təhsil illərində görkəmli rus şairi Samuel Marşakın evində və Yasnaya Polyanada dahi Lev Tolstoyun xatirə muzeyində olması, Leninqrada Ermitaj xəzinəsinə səfəri, Nazim Hikmət və Mixail Şoloxovla görüşləri gənc şairin xatirəsində dərin izlər buraxır.
Xəlil Rza 1959-cü ildə Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda aspiranturaya daxil olaraq təhsilini davam etdirib. O, 1963-cü ildə “Müharibədən sonrakı Azərbaycan Sovet ədəbiyyatında poema janrı” mövzusunda yazdığı dissertasiyanı uğurla müdafiə edib, filologiya elmləri namizədi elmi dərəcəyə layiq görülüb. Onu institutda müəllim kimi saxlayıblar. Tələbə auditoriyasına müəllim kimi daxil olduğu gündən Xəlil Rza dərs proqramı çərçivəsilə məhdudlaşmayıb, vətənpərvərlik ruhlu mühazirələrində qədim milli bəşəri dəyərlərimizdən və doğma dilimizdən ürək yanğısı ilə bəhs edib.


Xəlil Rza Azərbaycan dilinin saflığı, əcnəbi dilin təsirinə məruz qalmaması üçün özünəməxsus mübarizə yolu seçib. O, harada olursa-olsun, doğma dilində təmiz danışmayan müsahibindən eşitdiyi hər yabançı kəlmə üçün 5 qərik cərimə tələb edər, danışdığından məmnun qaldığı soydaşlarını bir manat məbləğində mükafatlandırardı. Beləcə o, müasirlərin diqqətini ana dilinin saflığını qorumağa cəlb etməyə, digər tərəfdən də ruslaşdırma siyasətinə qarşı mübarizə aparmağa çalışardı. Əlbəttə, bütün bunlar dövlətin hakim dairələrinin nəzər-diqqətindən yayınmır, çox çəkmir ki, onun ictimai-pedaqoji fəaliyyəti məhdudlaşdırılır, “Birlik” cəmiyyəti yolu ilə Azərbaycan rayonlarına göndərilməsi qadağan olunur. Şair Sabir Rüstəmxanlı yazır: “Xəlil Rzanı başa düşməyənlər çox idi. Onun cəsarəti vətəndaşlıq şeirlərini dinləməkdən belə qorxanların sayı min-min idi. O, kürsüyə qalxanda durub salonu tərk edirdilər. Xəlilin antisovet, antiimperiya çıxışlarına dəlilik kimi baxanlar, onun səsini kəsməyə çalışan, yüksək kürsülərə yolunu bağlayan, onu kiçiltmək istəyənlər Xəlil Rza istedadının Allah vergisi olduğunu, şairin Allah hökmü ilə danışdığını dərk edə bilmirdilər”.
Xəlil Rza Azərbaycan Dövlət Pedaqoji İnstitutundan uzaqlaşdırılır. Onu Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna dəvət edirlər. Burada Xəlil Rza bütün qüvvəsini elmi-tədqiqat işinə və bədii yaradıcılığa həsr edir. Azərbaycan-Özbək ədəbi əlaqələri, Maqsud Şeyxzadənin həyat və yaradıcılığı haqqında monoqrafik əsərlər üzərində çalışır. Buna baxmayaraq, Xəlil Rza yenə də “şübhəli şəxs” kimi təqib olunur, imkanlarını məhdudlaşdırmaqla onu “təhlükəli ictimai mübarizə” yolundan çəkindirməyə çalışırlar.


1984-cü ildə şairin “Ömürdən uzun gecələr” adlı kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət “Qardaşlıq çələngi” toplusu ictimaiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, hakim dairələrin etinasızlığı ilə qarşılanır. Bu soyuq münasibət onu sarsıtmır. Şairin ən böyük vəzifəsini yazıb yaratmaqda görən Xəlil Rza yorulmadan var qüvvəsi ilə çalışır, yeni şeirləri, elmi araşdırmaları ilə təsəlli tapırdı. 1985-ci ildə “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan – Özbək ədəbi əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edir. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona əməkdar incəsənət xadimi fəxri adı verilir.
1980-ci illərin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın bütün regionlarında eşidilirdi. O, bütün varlığı ilə xalq hərəkatına qoşulmuşdu, hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa edirdi.
Son günlərini yaşayan sovet imperiyası ömrünü uzatmaq üçün 1990-cı ilin yanvarında Azərbaycanın paytaxtı Bakıda dinc əhaliyə vəhşicəsinə divan tutdu. Bütün dünyanın açıq fikirli adamları bəşər tarixində misli görünməmiş bu qətliamı lənətlə qarşıladılar. Sovet ordusu tərkibində zirehli tanklarla, hərbi gəmilər və müasir silah növləri ilə Bakını gülləbaran edənlərin törətdiyi cinayətlər Xəlil Rzanı da sarsıtmışdı. O, bütün qüvvəsilə   gecə-gündüz dinclik bilmədən ürəyini məşələ çevirib xalqı düşmənlərə qarşı mübarizəyə səsləyirdi, xarici ölkə jurnalistlərinə verdiyi müsahibələrdə 20 yanvar hadisələrini dünya ictimaiyyətinə çatdırmağa çalışırdı.


Rza SSRİ Dövlət Təhlükəsislik Komitəsinin əməkdaşları tərəfindən həbs edilib Moskvaya – Lefortovo həbsxanasına göndərilir. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair odlu-alovlu qəlbinin işığında Lefortovo gündəliyini, 200-dən çox şeir, poema və məktubunu qələmə alır. Bu əsərlər mübariz şairin ictimai-siyasi dünyagörüşünü əks etdirməklə yanaşı, öz bədii dəyəri, məzmunu cəhətdən milli poetik fikri zənginləşdirən misilsiz abidədir. “Lefortovo gündəliyi” şairin qəbul etdiyi Ulutürk təxəllüsünün vəsiqəsidir.
Lefortovo həbsxanasında şəkər xəstəliyi olan Xəlil Rzanın səhhəti pozulmuşdu. 1990-cı il oktyabrın 9-da Moskvadan Bakıya gətirilən Xəlil Rza bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxılır.
1991-ci il may ayının 6-da Xəlil Rza “Türk milləti mükafatı laureatı” fəxri adına layiq görülür. Bir il sonra, 1992-ci ildə ona Azərbaycan Respublikasının Xalq şairi fəxri adı verilir.
Tez-tez ön cəbhə bölgələrində, məktəb və mədəniyyət ocaqlarında, görüşlərdə çıxışlar edib şeirlər oxuması, narahat həyat tərzi, yaradıcılıqla ciddi məşğul olması Xalq şairini haldan salıb vəziyyətini ağırlaşdırmışdı. 1994-cü il iyun ayının 22-də bədii yaradıcılığının barlı-bəhrəli çağında şairin Vətən eşqi, xalq məhəbbəti ilə çarpınan ürəyi dayandı.
Azərbaycan ziyalıları zaman-zaman öz yaradıcılıqlarında azərbaycançılıq ideyasına müraciət ediblər. Bu sahədə Xalq şairi Xəlil Rza Ulutürkü xüsusilə qeyd etmək olar. Öz idealı uğrunda mübarizə aparan ziyalılar ordusu içərisində Xəlil Rza Ulutürk istiqlal şairləri Məhəmməd Hadi, Əhməd Cavad kimi tarixi önəm kəsb edib. Xalq şairi Xəlil Rzanın milli idealında azərbaycançılıq qırmızı xətlə keçir. Sənətkarın poeziyasında Vətənin, xalqın ümumiləşmiş obrazı zəngin mənbələrlə, qaynaqlarla müşayiət olunur. Xəlil Rza azadlıq idealı ilə poeziyasına bəşəri məzmun gətirib. O, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi ədəbiyyatşünas alim, ictimai-siyasi xadim, milli demokratik hərəkatımızın mücahidi, Azərbaycan poeziyasında görkəmli ədəbi simadır.
Onun poeziyasının kökü, mayası Vətən eşqi, torpaq və dünya ilə bağlıdır. Görkəmli şair yazırdı: “Bizim birinci borcumuz yer kürəsini qorumaqdır. Yer kürəsindəki sonsuz gözəllikləri, Füzulinin və Şekspirin yaratdığı poeziya kəhkəşanlarını, İbn Sinanı qorumaqdır. Bütün təfəkkür korifeylərinin ürəyindən, gözlərindən süzülən ədəbi işığı qorumaq bizim borcumuzdur... Biz öz qüdrətli əllərimizi sərhədlər, okeanlar üzərindən uzadıb bir-birimizi salamlamalı, öz qəlbimizin qərarını qəti bildirməliyik. 

Get fast shipping, movies & more with Amazon Prime

Start free trial

Enjoy this blog? Subscribe to eserifov

0 Comments