Saat
Saat, gün ərzində insanların ən çox baxdıqları, özləri də bilmədən həyatlarının bir parçasına çevrilən əşya. Bəs saata baxanda onun necə yaranması, hansı mərhələrdən keçməsi haqqında kim düşünür? Qədim dövrlərdən vaxtı ölçmək istəyən xalqlar müxtəlif üsullardan istifadə ediblər. Belə üsullardan birincisi günəş işığı ilə vaxtın ölçülməsidir. İlk günəş saatını isə Misirlilər düzəldib.
Onlar Günəşin hər gün müntəzəm bir hərəkətlə doğmasını, müəyyən vaxtlarda göy üzünün eyni nöqtələrində olmasını, sonra batmasını müşahidə edərək ən qədim saatı kəşf ediblər. Misirlilər həmin saatı meydanın yüksək bir yerində qoyublar və günəşin hərəkəti əsnasında bu daşın kölgəsini izləməklə vaxtı ölçüblər. Bununla yanaşı, saat əqrəbinin sağa hərəkət etməsi də buradan yaranıb. Belə ki, Misir Yer planetinin şimal yarımkürəsində, ekvator xəttinə yaxın yerləşən ölkədir və Günəş çıxanda qədim misirlilərin düzəltdikləri saatda kölgə dərhal qərbdə meydana gəlir, Günəş yüksəldikcə kölgə şimala, yəni sağa doğru hərəkət edirdi. Daha sonralar, çarxlı, mexaniki, batareyalı saatlar yaradılanda da istiqamət dəyişmədi və beləcə, əqrəbin soldan sağa doğru hərəkəti günümüzədək gəlib çıxdı. Lakin günəş saatı ilə yalnız gündüzlər vaxtı ölçmək mümkün olurdu, buna görə də daha əlverişli olan su saatı icad olundu. Su saatının yaranması isə eramızdan əvvəl II əsrdə Misirdə yaşayan qədim yunan riyaziyyatçısı, mühəndisi və ixtiraçısı Ktesibiosun adı ilə bağlıdır. Su saatlarının ilk versiyası dibində deşik olan qab idi. Qaba müəyyən miqdarda su tökülür, su axıb qurtardıqda vaxt ötüb keçirdi. Qabdakı deşiyin çirklənməsindən və suyun miqdarından asılı olaraq bu saatlar da vaxtı dəqiq ölçə bilmirdi. Sonralar mühəndis Ktesibios bu problemləri aradan qaldırmaq üçün yeni konstruksiya təklif edib. Qabdakı deşiyin dəqiqliyini artırmaq üçün o, deşiyi qızıldan və ya xüsusi daşlardan hazırlayıb. Tarixi mənbələrə görə, 1259-cu ildə böyük Azərbaycan alimi Nəsrəddin Tusinin Marağa rəsədxanasında Ay və Günəş tutulmasını, gecə-gündüz bərabərliyini müşahidə edən müxtəlif cihazlar, Günəş və su saatı olub. Günəş və su saatlarından sonra sıra gəldi qum saatının kəşfinə. Qum saatı bərabər sürətli hərəkət prinsipi əsasında işləyirdi. Ələnmiş narın qumu ortası boğma şüşə qaba tökür və sonra qabı tərsinə çevirirdilər.
Amma bu saatın yanında kimsə növbə çəkməli idi ki, qum şüşənin alt hissəsinə tökülüb qurtaran kimi, yenidən qabı tərsinə çevirsin. Orta əsrlərdə mexaniki saatların kəşfi zamanın daha dəqiq ölçülməsinə imkan yaradıb. Dünyada ilk sadə mexaniki saat 1335-ci ildə İtaliyanın Milan şəhərində düzəldilib. Sonralar illər ötdükcə mexaniki saat daha təkmilləşdirilib. Müasir mexaniki saatın ixtiraçısı 1657-ci ildə kəfkiri saata daxil edən X.Hüygensdir. Saatın sonrakı təkmilləşməsi ingilis saatsazı U.Klementin və C.Qraqamın, sonra yenə də Hüygensin adı ilə bağlıdır. XVI əsrin sonunda dəqiqə əqrəbi, daha sonra isə saniyə əqrəbi meydana çıxıb. Ardınca saatlara ayın tarixini, həftənin günlərini göstərən əlavə mexanizmlər qoyulub. 1300-cü ildən başlayaraq Avropa ölkələrində qüllə saatları düzəldilib. Bəzi məlumatlara görə, ilk qüllə saatı Fransanın Strasburq şəhərində ucaldılıb. Hər kəsin heç olmasa şəklini gördüyü Big Ben də qüllə saatıdır. Qüllə saatları çox güc tələb edən mexanizm üzərində qurulurdu. Dünyadakı məşhur qüllə saatlarından biri də Çexiyanın paytaxtı Praqada düzəldilib. Təəssüf ki, həmin saatlar müasir dövrə qədər qorunub saxlanılmayıb. XV əsrin ikinci yarısından sonra saat istehsalında yeni təkmilləşmələr baş verib, divar, stolüstü, cib və bilək saatları yaradılıb. İlk cib saatları XIX əsrin əvvəllərində istehsal olunub. 1800-ci ildə isə dünyada ilk elektrik və elektromexaniki saatlar buraxılıb. 1952-ci ildə qurulmayan saat istehsal olundu, batereya ilə işləyən bu saat özünəqədər ki, bütün saatlardan öz dəqiqliyi ilə seçilirdi və öz dövrü üçün möcüzə sayılırdı. Ilk dəfə 1970-ci ildə bazarlarda elektron saatlar satılmağa başladı. Elektron saatlar vaxtı ölçən cihazların inkişafı sahəsində tamamilə yeni keyfiyyət mərhələsi təşkil edirdi. Bu gün pultla işləyən, MP3 çalan və şəkil çəkən saatlar da var. Çoxumuza məlumdur ki, müasir dövrdə İsveçrə ənənəvi saat ölkəsi kim tanınır. Bu gün ən yaxşı, möhkəm, dözümlü, sukeçirməz və digər keyfiyyətlərinə görə fərqlənən saatlar İsveçrə saatları hesab olunur. Hazırda dünyanın bir sıra ölkələrində saat muzeyləri fəaliyyət göstərir. Belə tanınan muzeylərlərdən biri Rumıniyanın Ployes şəhərində yerləşir. Bu, Şərqi Avropada yeganə olan Qədim Saatlar Muzeyidir. 1963-cü ildə yaradılan muzeydə 500 növdə gün, qum və su saatları qorunur.
İlk dəfə qədim misirlilər və çinlilər, yunanlar günəşin hər gün müntəzəm bir hərəkətlə doğub, müəyyən vaxtlarda göy üzünün eyni nöqtələrində olub batdığını müşahidə etdilər və bunun bir günü zaman hissələrinə bölməkdə istifadə edilə biləcəyini kəşf etdilər. Beləliklə, günəşin bu hərəkətindən yararlanaraq ilk günəş saatını düzəltdilər.
Bu saat, meydanlıq bir yerə yüksək bir daş qoymaq və günəşin hərəkəti əsnasında bu daşın kölgəsini izləməkdən ibarət idi. Misir, vəziyyəti etibarilə şimal yarımkürədə ancaq ekvatora yaxın bir ölkə olduğuna görə, günəş çıxanda, kölgə dərhal qərbdə meydana gəlir, günəş yüksəldikcə kölgə şimala, yəni sağa doğru hərəkət edərək, günəş batanda şərq yönünə çatırdı. Daha sonralar, çarxlı, batareyalı saatlarda da istiqamət dəyişmədi, hətta sağa doğru fırlanma "saat istiqamətinə dönmə" kimi də adlandırıldı. Avstraliya kimi ekvatorun cənubundakı ölkələrdə, günəş doğarkən daşın kölgəsi cənuba düşər və günəş yüksəldikcə sola doğru dönməyə başlayar. İlk saat orada kəşf edilsəydi, bu gün əqrəb və yelqovan əks istiqamətdə hərəkət edə bilərdi.
Boliviyada saat əqrəbləri hökumətin qərarına əsasən sağdan sola doğru hərəkət edir. Dəyişiklik ilk dəfə ölkənin paytaxtı olan La-Paz şəhərindəki parlament binasının üzərindəki saatda edilib.