Əhməd bəy Ağaoğlu
Bu gün-19 may XX əsrin əvvəllərində həm Azərbaycanda, həm Türkiyədə tanınmış ziyalı olan Əhməd bəy Ağaoğlunun (Ağayev) vəfat etdiyi gündür.
Azərbaycanda 1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti qurucuları ilə, 1923-cü ildə isə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə birgə bu gənc respublikaların bayrağını qaldırmış Əhməd bəy Ağaoğlu kimdir? Onun siyasi həyat yolu nələrdən keçib?
Britaniya Akademiyasının müxbir üzvü və Queen Mary Universitetinin üzvü Dr. Harun Yilmaz BBC News Azərbaycanca üçün yazıb:
Əhməd bəy Ağaoğlu XX əsrin əvvəllərində Azərbaycanın aparıcı ziyalılarından biri olub. 1869-cu ildə Şuşada anadan olub, 1939-cu ildə İstanbulda vəfat edib. Əhməd bəy Ağaoğlunun bir insan kimi yalnız bir həyatı var idi. Amma onun siyasi ömür yolunun çoxlu fəsilləri olub. O, müasirləri kimi Azərbaycanda, Rusiyada, Türkiyədə və İranda böyük dəyişikliklərə şahidlik edib. Bu dəyişikliklərlə bərabər onun siyasi ideyaları da inkişaf edib, dəyişib.
1888-ci ildə Əhməd bəy Ağaoğlu təhsil almaq üçün Parisə gedir. Gənc Ağaoğlunun Rusiya imperiyasına məxsus pasportu olsa da, özünü iranlı kimi görürdü. Bu kimlik etnik mənsubiyyət deyildi. Bu kimlikdə İran imperiyası müxtəlif etniklərin (türklərin, ərəblərin, farsların və s.) böyük bir diyarı idi. Ağaoğlunun mövqeyi heç də təəccüblü deyildi.
O, müasir milli kimliklərdən əvvəlki son nəslin nümayəndəsi idi. Onun mədəni mənşəyi din, məzhəb və yerli idarəçilər (xanlıqlar) tərəfindən formalaşdırılmışdı. XIX əsrdə Qarabağ dağlarının və ya Şirvanın yaylalarının Çar və ya Sultan səltənətindən daha çox Şah yurdu ilə əlaqələri daha güclü idi.
Ağaoğlu Fransada olduğu müddətdə Parisdə fransız şərqşünasları, tarixçiləri və yazıçıları ilə görüşürdü. Fransızlar onu istedadlı və perspektivli gənc İran ziyalısı kimi görürdülər. Bu fransız ziyalılarının dəstəyi sayəsində o, Fransanın nüfuzlu jurnallarında İran haqqında məqalələr dərc etdirirdi. Ağaoğlu İranın mədəniyyəti, siyasəti, qədim tarixi haqqında yazırdı. Gənc Ağaoğlu islamın şanlı günlərini türk və monqolların sonlandırdığını əsaslandırırdı. O, sünni osmanlıları İslam dəyərlərinə zidd olmaqda günahlandırırdı. Onun üçün iranlılar və İslamın İran versiyası (şiə) müasir dövrdə İslamın ikinci yüksəlişinin qurucuları ola bilərdi, çünki onların qədim sivilizasiyası var idi. Ağayevin ideyaları o dövrün Avropa şərqşünaslarınkı ilə səsləşirdi.
1893-cü ildə Əhməd Ağaoğlu gənc Qərb təhsilli publisist kimi Qafqaza qayıdır. Onun təsirli profili var idi. O, gənc olmasına baxmayaraq, dünya miqyasında mədəniyyət mərkəzi olan Parisdə əsərlərini çap etdirməyi bacarmışdı. Paris Universitetini bitirmiş və bir neçə dil bilirdi. Təəccüblü deyildi ki, o vaxtlar Ağaoğlu Şuşada “firəng Əhməd” ləqəbiylə tanınırdı.
Ağaoğlu Qafqaza qayıtdıqdan sonra İran mərkəzli ideyalarını arxada qoydu. İndi o, sadəcə olaraq, müsəlman və ya rusiyalı müsəlman idi. Yəqin ki, publisist və siyasətçi kimi təcrübəsi sonrakı illərdə onun fikirlərini dəyişmişdi. Ağaoğlu 1905-ci il inqilabı zamanı etnik toqquşmaların şahidi olmuş, ilk kitablarını nəşr etdirmiş, Azərbaycan dilində qəzetlərin (“Həyat” və “İrşad”) redaktoru olmuş, siyasi fəal olmuş, Bakı şəhər Dumasına deputat seçilmişdir. Bu dövrdə biz Ağaoğlunu Rusiya müsəlmanlarının birliyini və hüquqlarını müdafiə edən müsəlman islahatçı kimi görürük.
Müsəlmanlar öz hüquqlarını müdafiə etmək üçün birləşməli idilər. Ağaoğlu öz yazılarında güclü islahat hərəkatını da müdafiə edirdi. İslam mütərəqqi qüvvə idi, lakin aşağı rütbəli ruhanilər cahil idilər. Onların hazırlanması üçün standart institutlar olmalıydı. Bu institutların müasir tədris proqramı olmalıydı. Başqa sözlə desək, İslam dini məzhəb ayrı-seçkiliyi yaradan mənfəətpərəst və savadsız din xadimlərindən xilas edilməli idi. O dövrlərdə Azərbaycan ziyalıları arasında qadın hüquqları daha bir müasir problem idi. Ağaoğlunun fikrincə, əsl İslam qadınların hüquqlarını qoruyub. Bu fikirlər Rusiya imperiyası daxilində Tatarıstan və Orta Asiyada digər müsəlman islahatçılarınınkı ilə üst-üstə düşürdü. Ağaoğlu müsəlman Qafqazın mühüm islahatçı nümayəndəsi idi.1909-cu ildə Əhməd bəy Ağaoğlu Bakıdan İstanbula köçür. Çar hökumətinin repressiyalarının artması və Osmanlı imperiyasında Gənc Türk İnqilabı (1908) bu köçün arxasında duran amillər idi. Əhməd bəy uzun illər əvvəl Parisdə sürgündə olan osmanlı islahatçıları və inqilabçıları ilə görüşmüşdü. İndi bu adamlar hökumətdə idi. Yeni Osmanlı idarəsi onu məktəb müfəttişi, sonra isə Süleymaniyyə kitabxanasının müdiri təyin etdi. O, həmçinin Darülfünunda (islahatdan əvvəlki İstanbul Universiteti) rus və türk-monqol tarixindən dərs deyirdi.
O, 1911-ci ildə “Türk Yurdu” adlı türkçü təşkilatın qurucularından biri oldu. Ağaoğlu həm də Osmanlı parlamentinin üzvü seçildi və 1912-ci ildə İttihat və Tərəqqi Komitəsinin Mərkəzi Komitəsinə daxil oldu. 1915-ci ildə İstanbulda Rusiyadakı Türk-Tatar Müsəlmanlarının Hüquqlarını Müdafiəsi təşkilatını yaratdı. Osmanlı imperiyasına köçdükdən sonra müsəlman islahatçı Ağaoğlu getdikcə daha çox türk birliyinin müdafiəçisi oldu. Əslində, Osmanlı ziyalıları da həmin illərdə müsəlmanlıqdan türk kimliyinə keçidin şahidi olmuş və bu keçidə şərait yaratmışlar. Ağaoğlu məqalələrində islamla türklüyün uyğunluğunu göstərməyə çalışırdı. O, yazılarında müsəlman türklərin birliyini təbliğ edirdi.
1918-ci ildə İslam Ordusu Azərbaycana yürüş edəndə Ağaoğlu hərbi komandanlığın siyasi müşaviri idi. O, Osmanlı hərbi rəhbərliyi Azərbaycan liderləri arasında vasitəçilik rolunu oynamışdır.
1918-ci ilin sonunda Ağaoğlu Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin üzvü olur və Bakını tərk edir. O vaxt bilməsə də, bu, onun Azərbaycandan sonuncu gedişi idi. 1919-cu ilin martında ingilis qüvvələri onu İstanbulda həbs etdilər və İttihat və Tərəqqi Komitəsinin digər aparıcı üzvləri ilə birlikdə Malta adasına sürgünə göndərdilər.1921-ci ildə Ağaoğlu Malta əsirlərinin türk millətçi qüvvələri tərəfindən əsir götürülmüş ingilis zabitləri ilə dəyişdirilməsi ilə bağlı müqavilə çərçivəsində azad edildi. Sərbəst buraxıldıqdan sonra Ankaraya getdi və orada Mustafa Kamala və türk millətçilərinə qoşuldu. Sonrakı onillikdə biz Ağaoğlunu Türkiyədə türk millətçiliyinin tərəfdarı kimi görürük.
Onun yazılarında pantürkist ideyalar tədricən yoxa çıxdı. O, 1923-cü ildə Cümhuriyyətin elan edilməsinin güclü tərəfdarı oldu. Ağaoğlu parlamentə deputat seçildi və 1924-cü il konstitusiyasının hazırlanmasında fəal iştirak etdi. O, iddia edirdi ki, ilk İslam öz xəlifələrini seçib. O, islami ümmətin konsensus prinsipinin milli suverenlik və cümhuriyyətçiliklə eyni olduğunu bildirdi. Eyni zamanda o, islami əməlləri türkləşdirmək istəyirdi və latın əlifbasının qəbulu və ya Quran və azanın türk dilinə tərcüməsi kimi bir çox radikal sosial islahatları dəstəkləyirdi. Türk millətçiliyi onun daha böyük məqsədi olan Qərbçilik və tərəqqiyə nail olmaq üçün nəzərdə tutduğu bir addım idi.
1930-cu illərdə, siyasi səyahətinin son mərhələsində Əhməd bəy Ağaoğlu, fərdi azadlıqlara və hüquqlara həmişəkindən daha çox dəyər verirdi. Türkiyədə yeni rejim möhkəmlənərkən ictimai və siyasi sferalar getdikcə avtoritarlaşırdı.
Ağaoğlu 1930-cu ildə Türkiyədə müxalifət partiyası olan Azad Respublika Partiyasının (Sərbest Cümhuriyyət Fırkası) qurucularından biri oldu. Partiya 4 aydan sonra bağlandı. Həmin təcrübədən sonra Ağaoğlunun yazılarında liberal ideyalar daha qabarıq şəkildə özünü büruzə verdi. O, rejimin mərkəzi sıralarından kənara sıxışdırıldıqca və özünü real müxalifət mövqeyində gördükcə, bir o qədər liberallaşırdı. Ağaoğlu belə qənaətə gəlirdi ki, Şərq mədəniyyətlərində əsas azadlıqların olmaması Şərqdə geriliyin bilavasitə səbəbidir. Düşünürdü ki, Şərqdə, ümumiyyətlə, fərdlərə azad həyat imkanı verilmir. Daha doğrusu, fərdlər despotik rejimlər altında boğulur.
Əhməd bəy Ağaoğlu həm Azərbaycanda, həm də Türkiyədə önəmli bir ziyalı idi. Eyni zamanda, onun həyatı XX əsrin əvvəllərində Zaqafqaziya və Osmanlı ziyalılarının mübarizəsini nümayiş etdirir. O, geniş spektrli təsirlərə məruz qalmışdır. Ağaoğlu imkansız və zəif inkişaf etmiş xalqına kömək etmək üçün sistemlər və ideyalar axtarırdı. Eyni zamanda, o, mədəni kimliyini və müasir ideyalarını bir araya gətirməyə çalışırdı. Demək olar ki, onun fikri səyahəti bu gün də bizim üçün mühüm örnəkdir.