Azərbaycan xanlıqları

GX68...pcWB
30 Jan 2024
46

Azərbaycan xanlıqları[1] və ya Qafqaz xanlıqları[2] — XVIII əsrin 40-cı illərində indiki Azərbaycan RespublikasıErmənistan və Cənubi Azərbaycan ərazisində yaranmış müstəqil feodal dövlətlərinə tarixşünaslıqda verilən ad Şəki və Quba xanlıqları istisna olmaqla digər xanlıqlar əsasən Nadir şah Əfşarın 1747-ci ildə qətlindən sonra meydana gəlmiş, XIX əsrin 20–30-cu illərində mərhələ-mərhələ Qacar dövlətinin və Rusiya imperiyasının nəzarəti altına düşmüşlər.


Arxa plan[redaktə | mənbəni redaktə et]

Nadir Şahın öldürülməsi ilə onun nəhəng imperiyası dağılmağa başladı.[3] Əfqanıstanda müstəqil dövlət təşəkkül tapdı. İran, Orta Asiya və Qafqazda müstəqil və yarımmüstəqil xanlıqlar meydana çıxdı. Ali hakimiyyət uğrunda mübarizə gücləndi. XVIII yüzilin ikinci yarısında İran taxt-tacı üstündə iyirmiyə yaxın sərkərdə mübarizə aparırdı. Hakimiyyət on dörd dəfə əldən-ələ keçmiş Dövlətin paytaxtı altı dəfə dəyişmişdi.
XVIII yüzilin gedişində, Nadirin ölümündən sonra Azərbaycan ərazisində onlarca xanlıq yarandı. Yerli feodallar mövcud vəziyyətdən istifadə edərək Azərbaycanda və Qafqazda özlərini de-fakto müstəqil aparmağa başladılar.
XVII yüzilin sonlarından davam edən təsərrüfat geriləməsi şəraitində gələcək xanlıqların ərazisini əhatə edən bölgələr arasında əlaqələr sıx deyildi.
Üçüncü, Beynəlxalq aləmdə qüvvələr nisbətinin dəyişməsi, regionda yeni bir mərkəzləşmiş dövlətin yaranması burada marağı olan İran və Rusiyanın mənafeyinə uyğun gəlmirdi.
Xanlıqların əmələ gəlməsinin ümumi səbəbləri ilə yanaşı bəzi özümlü tərəfləri də var idi.

Cənub Azərbaycan xanlıqları[redaktə | mənbəni redaktə et]

Güney Azərbaycanda yaranan xanlıqlar arasında Urmiya xanlığı mühüm yer tuturdu. Xanlığın əsasını Nadir şahın əmisi oğlu Fətəli xan Əfşar qoymuşdu.
Təbriz və Xoy xanlıqları Dünbüli tayfasından olan nəslin əlində idi. Çox da böyük ərazi və əhalisi olmayan Qaradağ xanlığının başında Qaradağ tayfalarına başçılıq edən Kazım xan (1747–1752) dururdu. Marağa xanlığı hələ Nadirin sağlığında burada hakim olan Əliqulu xan Müqəddəmin əlində idi. Ərdəbil xanlığını 1792-ci ilədək Nəzərəli xan Şahsevən idarə edib. O, Ərdəbil, Xalxal və Muğandakı şahsevən tayfalarını birləşdirmiş, mahalların etibarlı idarəsini təşkil edə bilmişdi. Nəzərəli xandan sonra oğlu Nəsirəli xanlıq taxtına çıxdı.
Maku xanlığını Bayat boyundan olan Əhməd Soltan (1747–1778), Sərab xanlığını isə Şəqaqi boyundan olan Əli xan (1747–1786) yaratmışdır.[4]
Güney Azərbaycan xanlıqları ictimai-siyasi və mədəniyyət mərkəzləri olan şəhərlər ətrafında yaranmışlar. Xanlar başlıca olaraq el-tayfa başçıları içərisindən çıxırdı.

Şimali Azərbaycan xanlıqları[redaktə | mənbəni redaktə et]

Şimali Azərbaycan xanlıqlarının yaranması barədə Abbasqulu Ağa Bakıxanov yazırdı: "İndi də Nadir şahın ölümündən sonra Dağıstan və Şirvanın nə halda olduğunu nəzərdən keçirək. Nadir şahın vəfatından sonra İran qoşunu bu ölkədən çıxıb getdi. Hər bir vilayətdə bir həşəmət sahibi baş qaldıraraq, istiqlaliyyətdən dəm vurub başqasına tabe olmurdu. Quba və Salyan hakimi Hüseynəli xan Sultan Əhməd xan oğlu Xudat qalasını köçürüb, indiki Quba şəhərinin Qudyal adlı yerində tikdirməyə başladı. İğtişaş zamanı da bu ölkənin öz-başına qalan bir çox mahallarını itaətə məcbur etdi. Dərbəndlilər İmamqulu xanın oğlu Məhəmmədhəsən bay Qorçunu xanlığa seçdilər. Nadir şahın yaxın əmirlərindən sayılan bakılı Mirzə Məhəmməd xan Dərgah xan oğlu Bakı ölkəsini müstəqil olaraq ixtiyarına keçirdi. Şamaxı əhalisi sursat təhvildarı olan Hacı Məhəmmədəli Sufi Nobi oğlu Zərnəvaini hökumətə keçirdi. Xançobanı tayfasından olan Əsgər bəy Sərkarın oğulları Şirvan elatı arasında hakimiyyət bayrağı qaldırdılar. Nuxalu Наcı Çələbi Qurban oğlu istiqlaliyyət bayrağı qaldıraraq Şəki, Ərəş və Qəbələ mahallarını özünə tabe etdi".[5]
Azərbaycanın cənub-şərqində Talış dağlarıXəzər dənizi və Muğan düzü arasında Talış xanlığı yerləşirdi. Xanlığın banisi Seyid Abbas idi. Onun ölümündən sonra Qara xan hakimiyyətdə olmuşdu (1747–1786). Qara xan yerli hakim təbəqəni özünə tabe etməyə nail oldu, xanlığın mərkəzi Astaradan Lənkərana köçürüldü.[6]
Əski Qarabağ bəylərbəyliyi ərazisində iki xanlıq – Qarabağ və Gəncə xanlıqları yarandı. Mirzə Camal Cavanşir Qarabaği yazır: "Qarabağ vilayətinin sərhədi belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır… Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla (Gəncə ilə) sərhədi Kür çayına qədər Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdır".
Qarabağda cavanşir, iyirmi dörd, otuz iki, kəbirli, baharlı və başqa türk boyları yaşayırdı. Bu vilayətin idarəsi XVI yüzilin birinci yarısından qızılbaş Qacar tayfasının Ziyəddin oymağından olan Ziyad oğlu nəslinin əlində idi. Nadirin "şah seçkisindən" sonrakı cəza tədbirləri nəticəsində Ziyadoğullarının hakimiyyəti zəiflədi, Xəmsə məlikləri isə güclənməyə başladılar. Qarabağ torpaqları üçün belə bir ağır çağda Pənahəli bəy Cavanşir burada hakimiyyətini bərqərar edərək müstəqil Qarabağ xanlığının yaradılmasına nail oldu.[7]
O, Qarabağın Sarıcalı kəndində anadan olmuşdu. Mirzə Camal yazır: "Mərhum Nadir şah Qarabağ, Gəncə, Tiflis və Şirvan vilayətlərini aldıqdan sonra, ellər və kəndlər arasında görüb tanıdığı hər bir şücaətli və işgüzar adamı yanına çağırıb, öz yaxın qulluqçuları sırasına alar və onu məvacib, ehtiram və mənsəb sahibi edərdi. О cümlədən ellər arasında Pənahəli bəy Sarıcalı Cavanşir adı ilə şöhrət tapmış, hər işdə fərqlənmiş, ad çıxarmış, müharibə və davada tay-tuşuna üstün gələn və xüsusilə mərhum Nadir Rum əhli qoşunları ilə etdiyi müharibələrdə (XVIII yüzilin 30-cu illərindəki İran-Türkiyə savaşı nəzərdə tutulur) şücaət göstərmiş Pənah xanı da öz yanına apardı", lakin Muğan qurultayından sonra Nadir onun hakimiyyətini qəbul etmək istəməyən qarabağlılara divan tutmağa, əhalini Əfqanıstan və Xorasana sürgün etməyə başlamışdı. Bu tədbirə etiraz etdiyinə görə Pənahəli bəyin qardaşı Fəzləli xan edam olunmuşdu. Bunu görən Pənahəli bəy "şah Xorasanda olduğu zaman, fürsət tapıb bir neçə qohumu və yaxın adamı ilə 1737–1738-ci illərdə Qarabağ vilayətinə qaçdı. Şah onun qaçmasından xəbər tutarkən onu yolda ələ keçirmək üçün ardınca çaparlar göndərdi, lakin mümkün olmadı. Azərbaycan sərdarına, Gəncə, Tiflis və Şirvan hakimlərinə qəti fərmanlar göndərdi ki, Pənah xanı harda tapsalar, tutub şahın hüzuruna göndərsinlər, şahın əmri ilə Pənah xanın ailəsini və qohum-qardaşını çox incidib cərimə etdilərsə də fayda vermədi".
Beləliklə, hələ Nadirin sağlığında Pənahəli bəy şah qulluğundan boyun qaçırıb müxalifətə keçmişdi. Nadir şahın ölümündən sonra Qarabağ torpaqlarında müstəqil dövlətin bütün göstəricilərini özündə birləşdirən Qarabağ xanlığı yarandı.
Gəncədən didərgin salınmış Ziyadoğullarının da geri qayıtması üçün yol açıldı. Gəncə xanlığının banisi II Şahverdi xan Ziyadoğlu oldu. O, 1747-ci ildə Gəncəyə gələrək burada hakimiyyətini qurdu. O, Gəncədəki İran qarnizonunu darmadağın etməkdə ona köməklik göstərmiş II İrakliyə 10 min tümən qızıl pul verəcəyini bildirmişdi. Ancaq sözünü yerinə yetirə bilmədi. Onun oğulları Məhəmməd Həsən xan (1760–1778) və sonra onun yerinə keçmiş Məhəmməd xan bu borcu ödəməkdən boyun qaçırmışdır.[8]
Naxçıvan və İrəvan xanlıqları da siyasi həyatda müəyyən yer tuturdu.
Naxçıvan xanlığının əsasını Kəngərli boyunun başçısı Heydərqulu xan qoymuşdu. Nadir şah Naxçıvanın idarə olunmasına xüsusi diqqət yetirirdi. Burada idarə işləri hakim-e ölkə ve hakim-e tümənə tapşırılırdı. Şahın ölümündən sonra onun məmurları qovuldu və Naxçıvan müstəqil xanlıq elan edildi.
İrəvan xanlığı Ağrı düzənliyini, Göyçə gölü ətrafı və onunla Dərələyəz arasındakı torpaqları əhatə edirdi. Xanlığın banisi Mir Məhəmməd xan Qacar idi.
Beləliklə, XVIII yüzilliyin 40-cı illərində Azərbaycanın ictimai-siyasi həyatında böyük dəyişiklik baş verdi. İyirmiyədək müxtəlif xanlıq və onlardan asılı olan xırda inzibati-siyasi qurumlar yarandı. Bununla olduqca mürəkkəb, ziddiyyətli və faciəli bir dönüş başlandı. Bu dönüş 1828-ci ilədək sürdü.

Şimal Azərbaycan xanlıqlarının Rusiya tərəfindən işğalı[redaktə | mənbəni redaktə et]

1805-ci ildə Qacar İran hakimiyyəti ilə bağlanmış sülh müqaviləsinə əsasən paytaxtı Şuşa olmaqla Qarabağ, eləcə də Şəki və Şirvan xanlıqları Rusiyaya birləşdirildi. 1806–1813-cü illərdə Rusiya İmperiyasının hərbi təcavüzü nəticəsində Bakı xanlığıQuba xanlığıGəncə xanlığıTalış xanlığıDərbənd xanlığı Rusiya İmperiyasına daxil oldular.[9] Nəhayət, 1827-ci ildə Rusiya Naxçıvan[10] və İrəvan xanlıqlarını işğal etdi.
İşğal olunmuş xanlıqların ərazisində özünün hakimiyyətini bərkidməyə çalışan Rusiya İmperiyası, ərazilərə Qacar İrandan və Osmanlı Türkiyəsindən köçən xristian erməniləri yerləşdirməyə başlamışdır. Bu siyasətin nəticəsində təkcə 1828-ci ildən 1830-cu ilədək təxminən 130 min erməni köçkünü (bunlardan 50 mini Qarabağ xanlığının ərazisində) Azərbaycan xanlıqlarının ərazilərində məskunlaşdırılmışdır.

Xanlıqlarda hakimiyyət siyasi qurum kimi təkhakimiyyətliliyə əsaslanırdı. Xan qeyri-məhdud hakimiyyətə malik olub, həm də məhkəmə hüququ daşıyırdı. O, ölüm hökmü verə, yaxud ölümə məhkum olunmuşları bağışlaya bilərdi. Xanın yanında məşvərət funksiyasına malik Divan fəaliyyət göstərirdi. Divanda sülh bağlamaq, müharibə elan etmək, vergilər qoymaq məsələləri müzakirə olunurdu. Divanın, yaxud Məşvərət şurasının mövqeyi bəzən xanın çıxardığı qərara təsir göstərə bilirdi. Belə şuralar Şəki, Şamaxı, Quba və Qarabağ xanlıqlarında kifayət qədər nüfuza malik idilər. Xanlıqlarda belə bir qurumun olması Azərbaycanın qədim dövlətçilik ənənələrindən irəli gəlirdi.

Xanlıqların ticarət əlaqələri kifayət qədər geniş əraziləri əhatə edirdi. Xüsusən İran, Osmanlı, Rusiya dövlətləri və Hindistanla ticarət əlaqələri yaxşı inkişaf etmişdi. Azərbaycandan qonşu ölkələrə neft, duz, zəfəran, xam ipək, sənətkarlıq məmulatları, müxtəlif çeşidli xalçalar aparılırdı. Kənardan isə mahud, boyaq malları, qənd, dəmir, şal və düyü gətirilirdi. Osmanlı tacirləri Şamaxı ipəyini həvəslə alırdılar. Ərdəbil də ipək məmulatı istehsalında məşhur idi. Buradan çox zaman Hələbə, İzmirə və İstanbula xam ipək, ipək məmulatları daşınırdı. Xanlıqlararası iqtisadi əlaqələr də getdikcə genişlənir, ümummilli daxili bazar üçün zəif də olsa, şərait yaranırdı.

Xanlıqların yaranması şəhərlərin sənətkarlıq və ticarət məskənləri kimi inkişafına müsbət təsir göstərirdi. XVIII əsrin birinci yarısında dağıdılmış şəhərlər xanlıqların yarandığı dövrdə bərpa edilir, öz əvvəlki görkəminə qaytarılırdı. Pənahabad adlanan Şuşa da yüksəlməyə başlamışdı. Şəhər əhalisi artır, burada sənət, ticarət, elm və mədəniyyətin inkişafına imkan yaranırdı. Şamaxı, Bakı, Şəki, Şuşa və Dərbənd şəhərlərinin hər birində 4 mindən 10 minə qədər əhali yaşayırdı. Təbriz yenə də Azərbaycanın ən böyük şəhəri olaraq qalırdı.

Xanlıqlar dövründə Azərbaycanın hakim zümrəsi formalaşmağa başlayır. Bu zümrənin başında xan dururdu. Xandan sonrakı yeri sultan və məliklər tuturdular. Bu titullar nəslən keçir, hər dəfə xan tərəfindən təsdiq edilirdi. Ali zümrənin əsas hissəsini bəylər təşkil edirdilər. Onlar da irsi və şəxsi bəylərə bölünürdülər. Vaxtı ilə Səfəvi şahlarından bəylik titulu alanlar daha varlı və nüfuzlu olmaqla, mülki hüquqları irsi idi.

Azərbaycanın qədim dövlətçilik ənənələrini yaşatmağa çalışan ayrı-ayrı xanlar bütün ölkəni yenidən vahid dövlət çərçivəsində birləşdirməyə cəhd etsələr də bu arzu olunan nəticəni vermədi. Siyasi pərakəndəlik daha da dərinləşdi. Bununla, Azərbaycanı işğal etməyə çalışan yadelli təcavüzkarların əlinə çox əlverişli bir fürsət düşdü.


Get fast shipping, movies & more with Amazon Prime

Start free trial

Enjoy this blog? Subscribe to Vuqar85

1 Comment