Azerbaijan's New Program for Cybersecurity Education and Training
İnformasiya təhlükəsizliyi ixtisası üzrə yeni təhsil proqramı hazırlanıb
Bakalavriat səviyyəsinin informasiya təhlükəsizliyi ixtisası (ixtisas şifri: 050615) üzrə müasir tələblərə uyğun yeni təhsil proqramı hazırlanıb. Yeni proqram Elm və Təhsil Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşəbbüsü ilə ölkənin aparıcı ali təhsil müəssisələrinin və müxtəlif dövlət qurumlarının nümayəndələri ilə yanaşı, dünyanın nüfuzlu universitet və şirkətlərində çalışan azərbaycanlı mütəxəssislər tərəfindən hazırlanıb.
Proqram Türkiyə, Almaniya, İsveçrə, Amerika kimi inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən hazırlanıb. Proqramın hazırlanması zamanı həm dövlət və həm də özəl sektorda əmək bazarının cari tələbləri, o cümlədən ABŞ-ın Milli Standartlar və Texnologiyalar İnstitutunun (NIST) hazırladığı “NICE Framework”, Beynəlxalq Hesablama Maşınları Assosiasiyası (ACM) və IEEE Kompüter Cəmiyyətinin birgə hazırladığı “Kibertəhlükəsizlik üzrə kurikulum tövsiyələri” kimi beynəlxalq mənbələr araşdırılıb və nəzərə alınıb.
Yeni təhsil proqramı dörd modul – informasiya sistemlərinin preventiv mühafizəsi, informasiya təhlükəsizliyi insidentlərinin aşkarlanması, informasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi, informasiya təhlükəsizliyi həllərinin planlaşdırılması və tətbiqi modulları üzrə peşə kompetensiyalarını əhatə edir. Yeni təhsil proqramının məzunları gələcəkdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik üzrə əmək bazarının ən son tələbatına uyğun peşələr üzrə çalışa biləcəklər. Proqram informasiya təhlükəsizliyi ilə yanaşı kibertəhlükəsizlik sahəsində də kadr hazırlığı üçün müvafiq fənlərin tədrisini nəzərdə tutur.
Texnoloj yeniliklər nəzərə alınmaqla, proqrama “Bulud təhlükəsizliyi”, “Elektronika və IoT cihazların təhlükəsizliyi”, “Sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi” və s. bu kimi yeni ixtisas fənləri daxil edilib. Tədris olunan fənlər və peşə kompetensiyaları arasında əlaqələrin göstərilməsi, tələbələrin ixtisasları barədə geniş təsəvvürünün yaradılması üçün ixtisasa giriş məqsədi daşıyan “İnformasiya təhlükəsizliyinin əsasları” fənninin tədrisi birinci kursun ilk semestrində nəzərdə tutulur. “Mühəndis etikası”, “İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri” fənləri də proqramda xüsusi yer alır. Qeyd olunanlarla yanaşı, ölkəmizdə proqram təminatı kodlarının təhlükəsizliyinin təmin edilməsi sahəsində yaranmış kadr ehtiyacının ödənilməsi məqsədilə “Təhlükəsiz proqramlaşdırma”, “Nüfuzetmə sınaqlarının əsasları”, “Verilənlər bazalarının təhlükəsizliyi” və s. bu kimi zəruri ixtisas fənlərinin də proqram çərçivəsində tədrisi nəzərdə tutulub.
Yeni proqramda əmək bazarı subyektləri ilə əlaqələrin yaxşılaşdırılması, proqramın əmək bazarının mövcud tələbləri ilə uzlaşdırılması, tələbələrin müvafiq peşə ixtisasına aid aktual məsələlərə dair məlumatlılığının təcrübə əsasında artırılması məqsədi üçün ustad dərsləri də planlaşdırılır. Ustad dərsləri həm yerli və həm də xarici əmək bazarından yüksək ixtisaslı mütəxəssislərin cəlb olunması vasitəsilə təşkil olunacaq.
Proqramda bir çox yeniliklərin olduğu nəzərə alınaraq, ali təhsil müəssisələri və əmək bazarı subyektləri arasında koordinasiya işinin təşkil edilməsi, həmçinin mütəmadi olaraq beynəlxalq təcrübəyə əsaslanan metodiki dəstəyin verilməsi üçün Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası (AKTA) ilə birgə fəaliyyət perespektivləri nəzərdə tutulub.
Bakalavriat səviyyəsinin “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə yeni təsdiq olunmuş təhsil proqramı 2022-2023-cü tədris ilindən etibarən tətbiq ediləcək.