Qədim yunan tarixi
Sənətkarlar gildən müxtəlif məişət əşyaları və amforalar düzəldirdilər. Bu qablarda şərab, zeytun yağı saxlanılırdı. Akropolün yanında aqora* yerləşirdi. E.ə. VII əsrdə Afinada gümüş pul da kəsilirdi.
Sahibkarlar kəndlilərin torpaq sahəsində borc daşı qoyurdu. Bu daşın üzərində kəndlinin nə qədər borc aldığı və nə vaxt qaytarmalı olduğu yazılırdı. Kəndli borcunu vaxtında verə bilmədikdə ailəsi və özü qula çevrilirdi. Afinaya ticarət gəmiləri ilə taxıl, inşaat ağacı və qullar gətirilirdi.
Demos ilə əyanlar arasında mübarizə. E.ə. VII əsrdə Afinada bütün məsələləri aristokratlardan ibarət ağsaqqallar şurası həll edirdi. Bu şura qanunlar qəbul edir, məhkəmə bu qanunlar əsasında qurulurdu. Qanunlar daha çox aristokratların həyatını və əmlakını qoruyurdu. Ən kiçik günaha görə insanlara ağır cəzalar verilir, təqsirkar ölümə məhkum olunurdu. Ona görə deyilirdi ki, bu qanunlar «mürəkkəblə deyil, qanla yazılmışdır». Həmin qanunlar aristokrat Drakon tərəfindən tərtib edilmişdi və tarixdə «Drakon qanunları» adlanır. E.ə. VII əsrdə demosla aristokratlar arasında mübarizə kəskinləşdi. Xalq üsyanından qorxan aristokratlar güzəştə getməyə məcbur oldular.
E.ə. 594-cü ildə aristokrat, siyasətçi Solon islahatlar keçirdi. Bu islahatlara əsasən kəndlilərin borcları ləğv edildi. Borca görə qul edilən afinalılar azad olundu. Afinalıların gələcəkdə də borca görə qul edilməsi qadağan edildi.
Ətraflı
Bu islahatlar aristokratlarla demos arasındakı gərginliyi aradan qaldırdı. Orta Yunanıstanın vilayəti olan Attikanın kişi sakinləri Afina vətəndaşı hüququnu aldılar. Bütün vətəndaşlar Afina xalq yığıncağında iştirak edirdilər. E.ə. VI əsrin sonlarından Afina xalq yığıncağı ordu və donanmaya başçılıq edən strateqlər seçməyə başladı.
Sparta dövləti. E.ə. II minilliyin sonunda Cənubi Yunanıstanın Lakonika vilayətini işğal edən dorilər burada Sparta şəhərinin əsasını qoydular və özlərini spartalılar adlandırdılar.
E.ə. VII əsrin ortalarında dorilər Cənubi Yunanıstanın ikinci vilayətini — Messeniyanı da tutdular. İtaət altına
alınmış əhalinin bir hissəsini qula çevirdilər. Qulları hilotlar adlandırdılar.
Lakonika və Messeniyada hilotlarla yanaşı, azad adamlar da var idi. Onlar spartalılara vergi verirdilər.
Spartalıların hamısı döyüşçü idi. Onlar, hətta yatanda da silahları yanlarında olurdu. Hərbi qaydanı pozanlar, qorxaqlar sərt cəza alırdı. Sparta ordusu falanqa adlanırdı.