Bitcoin nədir?
Bitcoin” hər hansı bir mərkəzi bankla və ya rəsmi bir qurumla əlaqəsi olmayan virtual valyutadır.
"Virtual valyuta”da ilk cəhdlər
İnternet yaranandan bəri virtual valyuta yaratmaq cəhdləri çox olub. Virtual valyuta, sadəcə, "məlumat”dan ibarət olduğu üçün eyni "pul”un çoxaldılıb iki dəfə xərclənməsi risqi yaranırdı. İlk yaranmış virtual valyutalar "Double Spending” (İkiqat xərcləmə) adlanan bu problemin öhdəsindən gələ bilmədi. Çünki "pul”un xərclənib-xərclənmədiyini bilmək üçün etibarlı mənbədən yoxlamaq lazım idi. Bunu mərkəzdən idarə etmək mümkün olsa da, bütün təhlükəsizlik bir nöqtədəki axsaqlıqla məhv ola bilərdi.
"Bitcoin" "Double Spending” problemini necə həll etdi?
"Bitcoin" 2008-ci ildə ABŞ-da "mortgage” (əmlak kreditləri) böhranından sonra yaranmışdı. Həmin dövrdə dünyada iqtisadi durğunluq olması və insanların dövlət valyutasına olan etibarının azalması virtual valyuta yaratmaq üçün ideal şərait idi.
"Bitcoin" "Block Chain”dən istifadə edərək İkiqat Xərcləmə problemini həll etdi. "Block Chain” bütün əməliyyatların idarə edilib təsdiqləndiyi, mərkəzi olmayan, hesab kitabçası kimi bir kompüter şəbəkəsidir.
"Bitcoin" necə işləyir?
Bitcoin ilk şifrələnmiş, azad, 2 nəfərin internet vasitəsilə heç bir ödəmə sisteminə (paypal kimi) ehtiyacı olmadan birbaşa bir-birinə göndərə biləcəyi (alış-veriş daxil) virtual valyutadır. Bitcoini qəbul etmiş minlərlə şirkət mövcuddur. Bunlar təyyarə biletindən tutmuş, pizzaya qədər müxtəlif sahələri əhatə edir.
Dünyada kağız puldan virtual pula keçidi dəstəkləyən bəzi ölkələrdə də bitcoindən istifadə olunur (məsələn: ABŞ, Danimarka, Hollandiya və sair). Lakin bitcoindən istifadə etməyən ölkələr də var. Rusiya 2014-cü ildə Rusiyanın öz valyutasının "rubl” olduğunu və bitcoinin pul vahidi kimi istifadə edilməyəcəyini açıqlamışdı.
"Bitcoin" rekordu və risqlər
29 noyabr 2017-ci il bitcoinin dəyəri ilk dəfə 10 000 dolları keçdi.
"Bitcoin" bir neçə il əvvələ qədər 1000 dollardan aşağı əməliyyat edirdisə, dəyərini qısa müddətdə 10 qatına çıxartdı. Buna baxmayaraq, bir neçə gündə yüzdə altmışa qədər dəyər itirdiyi vaxtlar da olub. Buna görə, bitcoin risqli bir investisiya vasitəsi kimi qəbul edilir.
Təhlükəsizliyin yaratdığı təhlükə
Bitcoində məlumatlarınızın şifrələnməsi onu etibarlı etsə də, bəzən bu təhlükəli vəziyyət də yarada bilir. Yəni bitcoində etdiyiniz ödənişlər, sizin maliyyə vəziyyətiniz haqqında məlumatlar dövlətlər də daxil olmaqla heç kim tərəfindən öyrənilə və izlənilə bilməz. Bu sizə üstünlük təşkil etdiyi kimi, korrupsiya, narkotik satışı kimi qeyri-qanuni işlərlə məşğul olanlar üçün də uyğun mühit yaradır. Bəzi ölkələrin bitcoin pul vahidini qəbul etməməsinin ən böyük səbəbi budur.
Bəs Azərbaycanda bitcoin istifadə edilirmi?
Azərbaycanda bitcoin istifadəsinə heç bir qadağa yoxdur. Bitcoindən istifadə etmək istəyənlər özləri üçün pulqabı yarada bilərlər. Dünyada olduğu kimi, Azərbaycanda da bitcoin haqqında fikirlər müxtəlifdir.
Ötən ay, iqtisadçı ekspert Vüqar Bayramov "oxu.az” saytına bitcoinlə bağlı bu şərhi verib: "Bitcoinin qiyməti artmaqda davam edəcəksə, Azərbaycanda da marağın yüksələcəyini müşahidə edəcəyik. Bir qayda olaraq, bitcoin həm də yığım vasitəsidir. Bitcoin investisiya edənlər praktik olaraq gəlir əldə etmək imkanı qazanır. Amma bütün hallarda risk var. Bunun üçün də riskləri göz önündə tutaraq qərarlar alınmasına ehtiyac duyulur”.
Çevirdi: Səyyarə Məmmədova
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir