Tarixin şair şahi
Şah İsmayıl Xətai
Orta əsr Azərbaycan tarixşünaslığının görkəmli nümayəndəsi İsgəndər bəy Münşi şöhrət və qüdrət zirvəsinə qalxan Şeyx Heydər oğlu İsmayıl haqqında yazır: “İsmayıl azyaşlı olsa da, fəhm və fərasətdə, ağıl və bilikdə elə təəccüblü bir əlaməti vardı ki, ilk baxışda dünyanı idarə etmək bacarığı onun mübarək
çöhrəsindən görünür, işıqlı alnından ilahi nur saçılırdı... Ali məiyyətin mülazimləri xilafət çəməninin bəzəyi olan o yeniyetməni gözəl etiqad zülalı ilə bəsləyirdilər, qeybdən ilham alaraq, onu yüksək şahlıq ünvanı ilə adlandırırdılar və azyaşlı olmasına baxmayaraq, mətin əqidə və iradə ilə onu Mürşidi-kamil və şah deyə çağırırdılar”.
İsmayıl Səfəvi 1487-ci il, 17 iyul tarixində Ərdəbildə anadan olub. İsmayıl Səfəvi 12 yaşında olarkən Səfəvi əmirlərinin və digər türk tayfalarının dəstəyi ilə öz əcdadlarının başladığı mübarizə yoluna qədəm qoymuşdur. Onun tərəfdarlarının çıxışı 1499-cu ildə baş vermişdir.
Əvvəlki çıxışlardan fərqli olaraq, bu dəfə hərəkat qısa bir müddətdə Azərbaycanın hüdudlarından kənara yayıldı. Səfəvilərin ilk çıxışlarının məqsədi yalnız Azərbaycanı birləşdirmək idisə, İsmayıl Səfəvi və onun tərəfdarları bəzi başqa ölkələri də əhatə edəcək böyük dövlət yaratmağı qərara almışdılar. Ağqoyunlu və Şirvanşah qoşunları ilə üç qanlı, lakin müzəffər döyüşdən sonra, 1501-ci ildə İsmayıl Səfəvi Təbrizə daxil olmuş, özünü Azərbaycanın hökmdarı elan etmişdir. Yeni və eyni zamanda, Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlət – Səfəvilər dövləti və ya bəzi mənbələrdə deyildiyi kimi, Qızılbaşlar dövləti yaradıldı.
Bundan sonra Şah İsmayılın nəhəng imperiya yaratmağa yönəlmiş aktiv siyasi, hərbi və ideoloji fəaliyyəti başlanır. Bu fəaliyyət cəsarətli işlərlə, çoxsaylı risklər, qurbanlar, məğlubiyyətlər və qələbələrlə müşayiət olunurdu.
Səfəvi dövlətinin yaranmasında əsas amil həmin dövləti quranların türk olması, həmin dövlətin tarixi Azərbaycan torpaqlarında meydana gəlməsi və buradakı insanların “Qızılbaşlıq”a sadiq olmalarıydı.
Şah İsmayılın ortaya çıxması və Qızılbaş dövlətini yaratması ilə Anadolu türkmanları öz soylarından, inancından bir öndərə sahib olmuş və onu bir xilaskar hesab edərək ona sıx bağlanmışlar.
Faruq Sümer Şah İsmayıl haqqında yazır: “...Şah İsmayılın müridlərinin ölüm daxil olmaqla hər cür fədakarlığa sevə-sevə qatlanmaları, siyasi durumun uyğun olması bir həqiqət olmaqla bərabər, 13 yaşında hər tərəfdə şiddətli etiraz ilə qarşılana biləcək bir məzhəbi təmsil edən dövlət qurması onun doğrudan da böyük şəxsiyyət olduğunu göstərməyə kifayət edir.
O, çox cəsur və intizam sevər bir şəxsiyyət olduğu kimi, eyni zamanda təşkilatçı və təhsilli hökmdar idi. Təbriz meydanında bəyləri ilə birlikdə ox atarkən... ozanlar qopuz çalaraq onun igidliyini öyən nəğmələr söyləyirdilər”.
Orta əsrlərdə xalqımızın dövlətçilik tarixində Səfəvilər imperiyası onun rəhbərliyi altında ən yüksək mərhələ kimi əvvəlki və sonrakı Azərbaycan dövlətləri zəncirində yalnız bir halqa olmuşdur. Bu siyasi qurumlar bir-birini əvəz etməklə və çoxəsrlik Azərbaycan dövlətçiliyinin əsasını formalaşdırmaqla Azərbaycan türk tayfalarını birləşdirmiş, dövlət quruculuğu ənənələrini, idarəçilik vərdişlərini, qonşu xalqlar haqqında bilikləri və informasiyanı, onlarla ünsiyyət mexanizmlərini, hakimiyyətin çox vaxt atadan oğula verilməsi təcrübəsini növbəti nəsillərə ötürmüşlər.
“Müasirlərinin ümumi fikrinə görə o, hərbi istedada malik idi. Tarixçi Xondəmir İsmayılın hərb dühasını xüsusi tərifləyir. Tarixçi Həsən Rumlu qeyd edir ki, İsmayıl öz həyatı boyu beş böyük savaş aparmışdır: 1500-cü ildə Cabani yaxınlığında Şirvanşah Fərrux Yəsarla, 1501-ci ildə Şərurda Ağqoyunlu Əlvənd ilə, 1503-cü ildə Almabulağı yaxınlığında Sultan Murad Ağqoyunlu ilə, 1510-cu ildə Mərv yaxınlığında özbək xanı Məhəmməd Şeybani ilə və 1514-cü ildə Çaldıranda I Sultan Səlim ilə. Bu beş döyüşdən ilk dördü İsmayılın parlaq qələbəsi və onun düşmənlərinin tamamilə darmadağın edilməsi ilə nəticələnmişdir. Yalnız sonuncu savaşda İsmayıl ... ondan asılı olmayan səbəblər üzündən uduzmuş, lakin son nəticədə düşməni geri çəkilməyə məcbur edə bilmişdi”.
Azərbaycan Səfəvilər dövlətinin və Şah İsmayılın tarixinin gözəl bilicisi O.Ə.Əfəndiyev çoxsaylı mənbələrə əsaslanaraq yazır: “Səfəvilər dövlətinin tarixi Azərbaycan xalqının tarixi ilə, onun sonrakı etnik konsolidasiyası ilə qırılmaz surətdə bağlıdır. Azərbaycanın cənub və şimal vilayətlərinin Səfəvilər dövlətinin vahid, nisbətən mərkəzləşdirilmiş hüdudları daxilində birləşdirilməsi bu vilayətlərin keçmişə nisbətən daha sıx siyasi, iqtisadi, mədəni və etnik inteqrasiyasına zəmin yaratmışdı. Onilliklər boyu davam etmiş feodal pərakəndəliyindən sonra Azərbaycan XVI əsrdə yenidən özünün dövlət bütövlüyünü əldə etmiş, iqtisadiyyat və mədəniyyət sahəsində müəyyən tərəqqiyə nail olmuşdu”.
İlk mənbələrdə Səfəvilər dövlətinin banisinə aid edilən çoxsaylı mülahizələr onun türklərlə və Azərbaycanla ayrılmaz əlaqəsini birbaşa göstərir. Şübhəsiz, belə faktlardan ən məşhuru və inandırıcısı İsmayıl Səfəvinin Şirvandakı Gülüstan qalası mühasirəyə alınan vaxt dediyi sözlərdir. İsmayıl atası Şeyx Heydərin qatili, Şirvanşah Fərrux Yəsar üzərində qələbədən sonra öz düşməninin qüvvələrini tamamilə darmadağın etmək üçün onların sığındığı Gülüstan qalasını mühasirəyə almışdı. İsgəndər bəy Münşi yazır ki, İsmayıl Şirvanın ən əlçatmaz istehkamlarından biri olan Gülüstan qalasının mühasirəsi uzandığı üçün böyük əmirləri yanına çağırıb dedi: “Sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxtı?”. Müqəddəs Səfəvi xanədanının etiqad sahibləri... Azərbaycan taxtı” cavabını verdilər.
Bu tarixi mükalimə bir neçə cəhətdən əhəmiyyətlidir: əvvəla ona görə ki, İsmayılı erkən yaşlarından hərbi yürüşlərə sövq edən ehtirasın nədən – intiqam hissindənmi, şiə təəssübündənmi təkan almasından asılı olmayaraq bu məqamda o ali məqsədini məhz yeni, qüdrətli dövlət qurmaqda görürdü. İkincisi, İsmayıl bu dövləti Azərbaycan dövləti kimi dərk və bəyan edirdi. Üçüncüsü, əgər 1499-cu ildə yeddi müridi ilə Gilandan Ərdəbilə hərəkət edən İsmayıl hələ tərbiyəçilərinin, məsləhətçilərinin təhrikiylə, təsiriylə hərəkət edirdisə - Gülüstan qalasının altında o, artıq öz əyanları və əmirləri qarşısında möhtəşəm tarixi məqsəd qoyan müstəqil şəxsiyyətdir.
Həmin tarixi məqsədi həyata keçirmək üçün İsmayıl 1501-ci ildə Ağqoyunlu Əlvənd üzərində qələbədən sonra Təbrizə daxil olaraq özünü şah elan etdi. Şeyx Heydərin çata bilmədiyi məqsədə oğlu İsmayıl nail oldu, Azərbaycan torpağının böyük bir qismi vahid Qızılbaş dövlətində birləşdirildi.
Məhz bu yeni yaranmış dövlətin qüdrətindən qorxuya düşmüş qonşu hökmdarlar öz həsədlərini, təlaşlarını, düşmənçiliklərini dini şüarlarla meydana atdılar.
“İslamı sarsıdan”, Avropa kafirlərindən də təhlükəli bəla saydıqları qızılbaşlara qarşı fətva verir, cihada çağırırdılar. Buna baxmayaraq, “şiə bayrağı altında inkişaf edən Səfəvilər hərəkatının məqsədi Azərbaycanı siyasi cəhətdən birləşdirmək idi” ki, qısa müddət ərzində buna nail olundu. Şah İsmayılın ilk dövrlərdə yalnız Azərbaycan torpaqlarını əhatə edən dövləti sonrakı mərhələdə öz müridlərinin arzularına əməl edərək bir sıra başqa ərazilər yaratdı.Bu dövlətə çoxlu tayfa və xalqlar daxil idi, lakin orada uzun müddət Azərbaycan feodalları üstünlük təşkil edir, ilk Səfəvilər onların hərbi gücünə arxalanırdı”.
Şah İsmayıl zəfərdən-zəfərə gedirdi və ta Çaldıran döyüşünə qədər məğlubiyyət nə olduğunu bilmirdi. O, müzəffər, xoşbəxt iqballı, gəncliyinə baxmayaraq siyasi müdrikliyə malik bir şah idi. Şah İsmayıl Şərq cəmiyyətinin və islam dininin bütün ziddiyyətlərini öz varlığında yaşadan bir şəxsiyyət idi. Onun siyasi fəaliyyətində dözümsüzlük və amansızlıq məqamları da var. Lakin atasını, qardaşını öldürərək taxt-taca sahib olan Sultan Səlim, Sultan Mahmud xanı beş körpə oğlu ilə birlikdə qətlə yetirən Şeybani xanla müqayisədə Şah İsmayılın siyasi və insani ömür yolu təmiz, nəcib və ləkəsizdir.
Şah İsmayıl yalnız alimənsəblərlə deyil, rəiyyətlə rəftarında da mülayim və ədalətli idi. O, hətta hərbi yürüşlər zamanı əsgərlərinin dinc əhalini incitməsinə belə imkan vermirdi və əhalidən alınan ərzağın xərcini ödəyirdi.
Xalqımızın görkəmli dövlət xadimi Şah İsmayıl ana dilinə hörmət edir və bu dildə yazan şairləri, ozonları sevir, onları himayə edirdi. Elə buna görə də, dilinə, vətəninə bağlı el şairləri, aşıqları da onu sevir və onun doğma dilinə, xalqına bağlılığını əsərlərində tərənnüm edirdilər. Onlardan Şah İsmayılla eyni dövrdə yaşamış və onu özünün mürşid-i kamili adlandıran Dirili Qurbaninin “Şah Xətai” gəraylısında “Qoy var olsun türki zəban, Şah Xətai, Şah Xətai misraları”, onunla eyni dövrdə yaşamış Tüfeylinin Şah İsmayıla xitabən “Qılmazam, vallahi, türki-tacidarım tərkini” deməsi Şah İsmayılın kimliyinin bəlli aynası olub, doğma türk dilinə sevgisinin də parlaq təzahürüdür.
Şah İsmayıl Azərbaycan dilində təkcə gözəl şeirlərin, mükəmməl ədəbi abidə olan “Dəhnamə” (“On məktub”) poemasının müəllifi deyildi. O, həm də dövlət fərmanları imzalayır və beləliklə, Azərbaycan dilini dövlət müstəvisinə, siyasi müstəviyə keçirmiş olurdu. Aldığı tərbiyəyə və maraqlarına görə İsmayıl qızılbaş tayfaları və köçəri əyanları ilə sıx bağlı idi. O, yaxşı təhsil görmüşdü, şair və alimlərə himayədarlıq edirdi. Xətai təxəllüsü götürmüş İsmayıl öz vaxtının tanınmış şairi idi, özündən sonra şeirlər toplusu (divan) qoyub getmişdir. Diqqətəlayiq cəhət həm də odur ki, şair olan və özündən sonra divan qoyub getmiş Osmanlı sultanı I Səlim yalnız fars dilində yazdığı halda, İsmayıl Azərbaycan dilində yazırdı. Təkcə bu fakt bəzi Qərbi Avropa tədqiqatçılarının İsmayılı İran vətənpərvəri kimi qələmə vermək cəhdlərinin nə qədər cəfəng olduğunu göstərir. Azərbaycan dili İsmayılın ana dili idi, onun və ailəsinin əsas dayağı Azərbaycan köçəriləri idi, onun sarayında azərbaycanca danışırdılar.
Şah İsmayıl bacarıqlı sərkərdə, hərbi strateq idi. Ömrünün lap erkən çağlarından qazandığı zəfərlər – onun özündə də, qoşun başçılarında da, qızılbaş döyüşçülərində də bir növ arxayınlıq ruhu, basılmazlıq, yenilməzlik inamı yaratmışdı. Şah İsmayıl Şərq tarixində görkəmli sərkərdə və dövlət xadimi kimi tanınırdısa, Azərbaycan klassik poeziyası xəzinəsində Xətai təxəllüslü şair kimi də şərəfli yeri vardır. Heç də təsadüfi deyil ki, Şah İsmayıl Xətai indiyədək yeddi böyük ələvi şairindən biri sayılır.
Ana dilinə qayğı və məhəbbətlə yanaşmağın vacibliyi İsmayılın vəsiyyətində də əksini tapmışdır: “Mən həmişə doğma torpağın bir parçasını qızıldan, ana dilinin bir sözünü ləl-cavahirdən üstün tutmuşam. Qısa ömrümdə sizin üçün nə bacardım elədim. Əldə qılınc qələbələr qazanaraq, parçalanmış Vətəni birləşdirməyə çalışdım”.
Beləliklə, Şah İsmayıl Xətainin öz xalqı qarşısında xidmətləri həm də ondan ibarətdir ki, o, Azərbaycan milli mədəniyyətinin inkişafı üçün əlverişli şərait yaratmışdır, onun hakimiyyətdə olduğu illər ölkənin orta əsrlər tarixində tərəqqi baxımından ən önəmli dövr sayılır. O, təkcə ana dilində yaradan şairləri, Azərbaycan alimlərini, incəsənət xadimlərini təşviq etmirdi, həm də bütövlükdə incəsənətin, elmin inkişafına himayədarlıq edirdi. Onun səyləri sayəsində Azərbaycan dili nəinki fars dilinin güclü təsirindən qurtardı, həm də sonrakı yüzilliklər boyu onu üstələdi. Azərbaycan şairlərinin başqa dillərdə yazıb-yaratması ənənəsinə birdəfəlik son qoyuldu.
“Tarixi-Şah İsmayıl Səfəvi” salnaməsində Şah İsmayılın tarixi şəxsiyyəti haqqında yazır: “O həzrət həyat və səltənəti zamanında rəiyyət və əlaltılarla ədalət və şəfqətlə rəftar edirdi. Onun qorxusundan heç kəs xalqın üzünə zülm qapılarını aça bilməzdi. Ömrü 38 il, hakimiyyəti isə 24 il çəkdi. O həzrət, döyüş meydanında xəncər vuran aslana, kef məclisində isə incilər yağdıran buluda bənzəyirdi. Səxavətinin çoxluğundan onun nəzərində yüksək əyarlı qızıl ilə qiymətsiz daş arasında fərq yox idi. Ali hümmət sahibi olduğundan dünyanın sərvəti belə onun bir günlük bəxşişinə çatmazdı. Buna görə də o şəhriyarın xəzinəsi çox vaxt boş idi. Ov etməyi çox sevərdi. Əmr etmişdi ki, kim şir xəbərini gətirsə, ona yəhərli at, pələng xəbərini gətirənə isə yəhərsiz at verilsin. O, həzrət elm və fəzilət sahiblərini hər cəhətdən himayə edirdi və çox gözəl şeirlər yazırdı. Türkcə və farsca divanları var... o zamanın əksər şairləri bu şəhriyarın şərəfinə çoxlu qəsidələr yazmışdır”.
1524-cü il, 23 may tarixində vəfat edib.
Şah İsmayıl Xətai tarixin ən sərt dönəmlərində əqidəsinə, inamına, tarixi kökünə sadiq qüdrət sahibi və zamanın böyük hökmdarlarından biri olmuşdur. Sözün və sənətin ucalığında mənəvi gücünə güvənərək dayanan böyük qüdrət sahibi Şah İsmayıl Xətai həm də böyük dövlət xadimi və qüdrətli sərkərdə kimi 500 ildən çoxdur ki, öz qalibiyyətinin təntənəsi üzərində dayanaraq gələcəyin insanlarını salamlayır.
Şah İsmayıl Xətai az yaşamasına, vaxtının çoxunu dövlət işlərinə sərf etməsinə baxmayaraq, zəngin və çoxcəhətli bir irs yaratmışdır. O, həm əruz, həm də heca vəznində, həm epik, həm də lirik janrlarda qələmini işlətmiş, yaddaqalan, nümunə, örnək ola bilən əsərləri ilə Azərbaycan ədəbiyyatını zənginləşdirmişdir. Onun səmimi, ürəkdən qopub gələn, zamanın qarşıya qoyduğu tələblərə cavab kimi meydana çıxan poeziyası çox vaxt siyasi-ictimai fəaliyyəti ilə birləşmişdir. Bu poeziya gah qılıncla bərabər döyüş meydanlarına getmiş, gah müdrik el ağsaqqallarının, təriqət şeyxinin öyüdlərinə çevrilmiş, gah da dünyaya və insana məhəbbətlə dolu bir qəlbin tərcümanı olmuşdur. Bu poeziya qəhrəmanlığa, gözəlliyə, mənəvi saflığa məhəbbətlə, şərə, eybəcərliyə, əqidəsizliyə, dönüklüyə, sədaqətsizliyə, cılızlığa nifrətlə doludur. Bu poeziya, hər şeydən əvvəl, mənəvi azadlığı təsdiq edir. Din və şəriətin mənəvi əsarətini bu poeziya qəbul etmir.
Şah İsmayıl məğrur, azad fikirli, öz qüdrətinə inanan bir sərkərdə, həqiqət yolundan zərrə qədər kənara çıxmayan nəcib insan idi.