Şəki İpək Kombinatı
1855-ci ildə Şəkidə 30 dəzgahlı ipəksarıma fabriki fəaliyyət göstərirdi. 1864-cü ildə fabrikdə 55 dəzgah olub və 75 işçi çalışırdı. 1961-ci ildə fəaliyyəti daha da genişləndirilən fabrik həmin zaman üçün dünyada ən iri fabrik hesab olunurdu. Fabrikdə buxar mühərriki və at qüvvəsi ilə hərəkətə gətirilən 432 dəzgah quraşdırılmışdır.
XX əsrin əvvəllərində, xüsusən onun ikinci on illiyində Şəkidə ipək sənayesi öz inkişafının yüksək pilləsində idi. Xırda kustar müəssisələr getdikcə aradan çıxmış, əvəzində iri fabrik tipli müəssisələr tikilərək, ipəkçilik sənayesi sahəsində mühüm rol oynayırdılar. Təsadüfi deyildir ki, ipəkçiliklə əlaqədar tədbirlər məhz Şəkidə keçirilirdi. 1909-cu ildə Şəkidə ipəkçilik üzrə sərgi-müsabiqəsi təşkil olundu. 1913-cü ilin noyabr ayında ipək emalı sənayesinin ehtiyatlarına həsr olunmuş müşavirə də Şəkidə keçirilmişdir.
Azərbaycanda Sovet hakimiyyətinin ilk illərindən başlayaraq, hökümət orqanları ipəkçiliyin inkişaf etdirilməsi üçün mühüm tədbirlər həyata keçirirdilər. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi 14 iyun 1926-cı il tarixində Şəki şəhərində iri ipəkəyirici kombinatın tikilməsi barədə 22/12 saylı Qərar qəbul etmişdir. 1927-ci ildə tikinti işlərinə başlanmış və 1931-ci ildə əsas korpus Baramaaçan istehsalatı istifadəyə verilmişdir. İllər keçdikcə yeni istehsal sahələri istifadəyə verlirdi.
Hal-hazırda fəaliyyət göstərən “Azəripək” MMC 1931-ci ildə təməli qoyulmuş fabrikin nəzdində fəaliyyət göstərir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 2017-ci il tarixli № 1665 saylı fərmanına əsasən “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Baş direktoru Kamran Nəbizadənin 13 aprel 2018-ci il tarixli fərmanı ilə “Azəripək” MMC yaradılmışdır.
Müəssisə Baramadan xam ipək açan istehsalatı, Toxucu istehsalatı, Boyaq-bəzək istehsalatı, Pambıqəyirici istehsalatlarından, Burucu sexi, Xalça sexlərindən və qeyri istehsal sahələrindən İdarə aparatı, Xammal və barama çeşidi şöbəsi, Mexanika və energetika sahəsi, Avtonəqliyyat təsərrüfatından ibarətdir. Respublikmızda ipəkçiliyin inkişafında əsas dönüş keçən əsrin 70-ci illərindən başlamışdır. O dövrdə Respublikaya rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ipəkçiliyin gələcək inkişafına dair tədbirlər haqqında 17 mart 1971-ci il tarixli 106 nömrəli Qərarı bu sahənin inkişafına böyük təkan verməklə, onun maddi texniki bazasını, sənaye potensialını yeniləşdirmiş və nəticədə Respublikada barama tədarükü 36,1 % artmışdır.
Şəki ipəyindən hazırlanan parçalar Yaponiya, İsveçrə, İtaliya və digər xarici ölkələrdə ixrac olunurdu. Sovetlər İttifaqı dağıldıqdan sonra yaş barama istehsalı kəskin şəkildə azalmışdır. Respublikamız müstəqillik əldə etdikdən sonra ipəkçilikdə tənəzzülün qarşısını almaq, yaş barama istehsalının artırılması, rayonlarında əhalinin məşğulluğunu yaxşılaşdırması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il tarixli 734 nömrəli Sərəncamı ilə keçmiş “Şəki-İpək” ASC hazırki “Azəripək” MMC-yə maliyyə dəstəyi göstərilmiş, dövlət büdcəsindən 400 000 manat vəsait ayrılaraq müəssisənin fəaliyyəti yenidən bərpa edilmişdir.
Lakin xammal çatışmazlığı səbəbindən müəssisənin tam gücü ilə işləməsi mümkün olmamış və “Şəki-İpək” ASC-nin rəhbərliyi 2003-2009-cu illərdə xaricdən 1000 ton quru barama almağa məcbur olmuşdur. Bu isə iqtisadi cəhətdən sərfəli olmamış və 2011-ci ildə Baramaaçan istehsalatı fəaliyyətini tamamilə dayandırmış, Toxucu istehsalatı, Burucu və Xalça sexləri xaricdən alınan ipəklə işləmişlər. İpəkçiliyin yenidən inkişaf etdirilməsi məqsədi ilə 2016-cı ildə Azərbaycan Respublikası Nazirlər kabinetinin I rübün yekunları ilə əlaqədar iclasda möhtərəm Prezident cənab İlham Əliyevin tapşırığına əsasən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən xaricdən tut ipəkqurdu toxumu gətirilmiş və ipəkçiliklə məşğul olan Respublikamızın 24 rayonunda kümçülərə paylanmışdır.
2015-ci ildə Respublikamızda cəmi 236 kq yaş barama istehsal edildiyi halda 2016-ci ildə 70,7 ton yaş barama istehsal olunmuşdur. 2017-ci ildə 248,8 ton, 2018-ci ildə 514 ton, 2019-cu ildə 641 ton, 2020-ci ildə 446 ton, 2021-ci ildə isə 491 ton yaş barama istehsal edilmişdir. Hazırda “Azəripək” MMC-nin Baramadan xam ipək açan istehsalatı, Toxucu istehsalatı, Boyaq-bəzək istehsalatı, Burucu sexi və Xalça sexi fəaliyyət göstərir. Bu gün “Azəripək” MMC-də yüksək keyfiyyətli 100% təbii xam ipək, müxtəlif ipək məhsullar kəlağayı, şərf, çitmə və sair istehsal olunur.
İstehsal etdiyimiz məhsullar Türkiyə Respublikası, İran İslam Respublikası, Hindistan Respublikasına, Rusiya Federasiyasına, Ukrayna və digər xarici ölkələrə ixrac olunur.